Şriftin ölçüsü :

Saytın rəngi :

Siyasi partiyaların həmrəylik nümunəsi

30 sentyabr 2020 | 16:00

Bildiyiniz kimi, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair Azərbaycanda fəaliyyət göstərən 52 siyasi partiyadan 50 partiya birgə bəyanat yayıb. Bu bəyanatla tanış olduqda ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların milli maraqlara söykənən birliyinin, həmrəyliyinin şahidi oluruq. Bəyanatın ən mühüm məqamı isə siyasi partiyaların Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləməsi və cənab Prezidentin yanında olmalarını bildirmələri, Prezidentin “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” fikirini sitat gətirmələridir.
    Birgə bəyanatda 2020-ci ilin sentyabr ayının 27-də saat 06:00 radələrindən Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutması nəticəsində Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərində mülki əhali və hərbi qulluqçular arasında həlak olanların və yaralıların olması,  Ermənistanın 30 ilə yaxındır ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığı və buna görə cəzasız qalması bildirilmiş, bəzi hallarda BMT qətnamələrinin təcili həyata keçirlməsinə baxmayaraq Azərbaycana qarşı bu 30 ildə ikili standart yürüdüldüyü pislənmiş, bu cür yanaşmanın qəbuledilməz olduğu vurğulanmışdır.
    Siyasi partiyalar öz birgə bəyanatlarında Ermənistan hökumətinin vətəndaşlarının diqqətini daxili problemlərdən yayındırmaq, daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə cəbhə xəttində mütəmadi olaraq atəşkəsi pozduğunu, sosial çətinlikləri həll etməkdə aciz olduqlarını vurğulamışlar. Bundan əlavə Ermənistan Baş nazirinin militarist bəyanatlarını, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi müzakirələrində konstruktiv mövqe nümayiş etdirməməsini, “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatlarının münaqişənin həlli istiqamətində müzakirələrin önünü kəsən amillərdən olduğunu, Ermənistanın status-kvonun dəyişməz qalması üçün əlindən gələni etdiyini önə çəkərək, Ermənistanın Azərbaycanın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə müzakirə aparması barədə niyyətlərinin Ali Baş Komandan tərəfindən qətiyyətlə rədd edilməsi qeyd olunmuşdur.
   Siyasi partiyalar Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlamasının sadəcə bölgənin deyil, beynəlxalq aləmin də təhlükəsizliyini ciddi şəkildə təhdid etdiyini bəyan edərək, belə mürəkkəb şəraitdə ölkəmizin bütün vətəndaşlarını və dünya azərbaycanlılarını bir daha milli birliyə və vəhdətə səsləmiş, hər kəsi Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılmasına töhfə verməyə, beynəlxalq ictimaiyyəti isə Azərbaycanın həm tarixi həqiqətlər, həm də beynəlxalq hüquqla dəstəklənən haqq mübarizəsinə biganə qalmamağa çağırmışlar.
Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur və siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır.
  Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər.
   Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır.

Keçidlər