Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramı çərçivəsində Saatlı rayonunda 2017-ci ilin birinci yarısı da daxil olmaqla görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilir və uğurlar hər bir sahədə əldə olunur. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır. Məlum olduğu kimi rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Muğan bölgəsinin mərkəzində yerləşən Saatlı rayonunda əlverişli təbii amillər, yerli resurslar olduğuna görə burada bütövlükdə kənd təsərrüfatının inkişafı, o cümlədən əkinçiliyin inkişafı başlıca vəzifə kimi daim diqqətdə saxlanılmışdır. Cins heyvandarlıq, quşçuluq və kənd təsərrüfatının digər sahələri ilə yanaşı, bitkiçilikdə ənənəvi sahələr olan taxılçılıq və pambıqçılığın inkişafına xüsusi önəm verilməsi daha vacibdir.
Kənd təsərrüfatı
Ötən ilin təcrübəsi, pambıqçılığın inkişafı ilə bağlı yaradılmış hərtərəfli şərait, müasir innovativ texnologiyaların tətbiqi, eləcə də dövlət tərəfindən göstərilən maliyyə və digər zəruri dəstək istehsalçıları daha da ruhlandıraraq onların pambıq əkininə maraqlarını xeyli artırmışdır. 2017-ci ilin birinci yarısında 2370 nəfər, onların da böyük əksəriyyəti iri fermer təsərrüfatı olmaqla ötən illə müqayisədə 2 dəfə çox, yəni 17220 hektar sahədə pambıq əkəcəkləri ilə bağlı müqavilələr bağlamış və 17220 hektar sahədə çiyid səpini aparılmışdır. Müqavilələrin 80 hektarı innovasiya təsərrüfatı olmaqla 5620 hektarı «MKT-İstehsalat Kommersiya» MMC, 4500 hektarı «Şamo» MMC, 4000 hektarı «CTS-Aqro» MMC, 1200 hektarı «Saatlı Kənd Təsərrüfatı» MMC ilə bağlanmışdır. Qalan 1900 hektarda isə 186 nəfər istehsalçı tərəfindən müqaviləsiz olaraq çiyid səpini aparılmışdır. Səpin aparılan 17220 hektarın hamısında çıxış alınmış, pambığın becərilməsi işlərinə isə ümumilikdə 12260 nəfər işçi qüvvəsi cəlb olunmuşdur.
2017-ci ilin məhsulu üçün 2016-cı ilin payızında 17520,5 hektar sahədə buğda, 2946 hektar sahədə isə arpa əkilmişdir. Bundan əlavə, 377 hektar sahədə kartof, 2015 hektar sahədə bostan, 817 hektar sahədə tərəvəz əkilmişdir. 01 iyul 2017-ci il tarixə 8237 hektar buğda əkin sahəsindən 34755,1 ton buğda yığılmışdır ki, bu da hər hektardan 42,2 sentner, 2949 hektar arpa sahəsindən 10222,7 ton arpa yığılmışdır ki, bu da hər hektarından 34,7 sentner deməkdir.
Heyvandarlıq sahəsində rayonda cari ilin ilk aylarından 22 kəndli-fermer təsərrüfatı, 1 dövlət müəssisəsi fəaliyyət göstərmiş, rayon Baytarlıq idarəsi heyvanlar arasında baş verə biləcək xəstəliklərin qarşısının alınması üçün müalicə və profilaktiki tədbirləri genişləndirmişdir. İri buynuzlu mal-qaranın süni yolla mayalanması üçün yerlərdə təlim keçmiş 8 texnik rayon Baytarlıq laboratoriyası ilə birgə fəaliyyət göstərməklə mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına və yüksək məhsuldarlıq əldə olunmasına səy göstərmişlər. 2017-ci ilin birinci yarısı ərzində 3565 ton ət diri çəkidə, 21323 ton süd və 5798 min ədəd yumurta istehsal edilmişdir. Heyvandarlıq sahəsində artım müşahidə edilmişdir. Belə ki, hazırda rayonda bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qara 67465 baş, o cümlədən inək və camışların sayı 32104 baş, qoyun və keçilərin sayı 114289 baş olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qara 300 baş, qoyun və keçilərin baş sayı 2915 baş artmışdır. Heyvandarlığın inkişaf etdirilməsi ilə əlaqədar ilk altı ay ərzində 1 təsərrüfat tərəfindən 15 baş damazlıq cins mal-qara "Aqrolizinq" ASC tərəfindən alınaraq rayona gətirilmişdir.
Ümumi məhsul buraxılışı
Ötən dövr ərzində rayonun iqtisadiyyatının davamlı inkişafı istiqamətində görülən işlər hər il öz bəhrəsini vermiş, makroiqtisadi sabitlik təmin olunmuşdur. 2017-ci ilin birinci yarısı ərzində 56,3 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Məhsul buraxılışının həcmi 15,4 faiz artaraq 110475,0 min manat olmuşdur ki, bunun da 86,8 faizi özəl sektorun payına düşür. Cari ilin birinci yarısı üzrə bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 269,3 manat olmuşdur ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çoxdur.
Pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlər
Statistik hesablamalara əsasən rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq 88980,0 min manat olmuşdur. Eyni zamanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi də əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artaraq 15835,6 min manat olmuşdur.
Sənaye
2017-ci ilin birinci yarısında rayonda 13 sənaye müəssisəsi və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 9082,5 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə çox sənaye məhsulları istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsalın 69,9 faizi sənaye malları, 30,1 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olmuşdur. İstehsal olunan sənaye məhsulu və xidmətlərin 68 faizi emal sənayesinin, 27,2 faizi elektrik enerjisi, qaz və suyun istehsalı bölüşdürülməsi bölməsinin, 4,8 faizi isə digər bölmələrin payına düşür. Ümumi istehsalda özəl sektor 69,9 faiz, dövlət sektoru isə 30,1 faiz təşkil etmişdir.
Ticarət, nəqliyyat, rabitə
2017-ci ilin birinci yarısı ərzində əhaliyə ticarət, nəqliyyat, rabitə və məişət xidmətlərinin göstərilməsi sahəsində yenə də xidmətin müasir təlabata uyğun qurulmasına və qiymətlərin real olmasına diqqət artırılmışdır. Ümumi məhsul istehsalının həcmində nəqliyyat üzrə 2,5 faiz, ticarət üzrə 10,5 faiz və rabitə üzrə isə 1,2 faiz artım qeydə alınmışdır.
Tikinti
2017-ci ilin birinci yarısı ərzində rayonun 4 tikinti təşkilatı tərəfindən yerinə yetirilən iş və xidmətlərin həcmi 1468,5 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 182,2 min manat və ya 14,2 dəfə çoxdur.