Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Saatlı rayonunda vətəndaşları qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən 15 dekabr 2015-ci il tarixində Saatlı şəhərində növbəti vətəndaş qəbulu keçirilib. Komitə sədri Saatlı şəhərində yerləşən Gənclər Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Saatlı, Sabirabad, İmişli, Beyləqan və Xocavənddən olan vətəndaşlar iştirak edib. Qəbula gəlmiş vətəndaşlar əsasən dini icmaların dövlət qeydiyyatına alınması, onların fəaliyyəti, Quran kurslarının təşkili, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri və digər məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşları diqqətlə dinləyən komitə sədri M.Qurbanlı bir sıra müraciətləri yerindəcə həll edib. Bəzi müraciətlərin araşdırılması üçün isə göstərişlər verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər baxılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.