Rayon haqqında
Rayon haqqında
Saatlı rayonu haqqında
Məlumat
Saatlı etnonimi 14-cü əsrin sonunda Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur Səəd adlı əyalətdə yaranmışdır. Əvvəllər Arpaçayın aşağı axarı və Arazın sağ sahilində yaşayan saatlıların xeyli hissəsi XV əsrin 30-cu illərindən qonşu ərazilərə köçmüşlər. Saatlıların bir qismi Qazax zonasında, bir hissəsi isə 1795-1798-ci illərdə Qarabağda məskunlaşmışdılar. Saatlı tayfasının adı Çuxur Səəddə yaşayan tayfanın, yaxud Əmir Səədin adını daşıyan və qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin – Saqatlı, Saatlu tayfasının etnik adıdır.
Azərbaycan Respublikasında inzibati rayon olan, Kür-Araz ovalığının, Muğan düzünün mərkəzində, Araz çayının hər iki sahilində yerləşən Saatlı 1943-cü il 25 mayda Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 30/21 nömrəli qərarına əsasən müstəqil rayon kimi təşkil edilmişdir. 1963-cü ildə Sabirabad rayonuna birləşdirilən Saatlı rayonu 1965-ci il yanvarın 14-də yenidən müstəqil rayon statusu almışdır. Ərazisi 1,18 min kv. km- dir. Rayonda 1 şəhər, 43 kənd vardır ki, bunlar da 36 inzibati ərazi dairəsində birləşmişdir. Şəhər və kənd yaşayış məntəqələri daxil olmaqla rayonda ümumilikdə 36 bələdiyyə fəaliyyət göstərir. Mərkəzi Saatlı şəhəridir.
Saatlı rayon ərazisində qədim dövrə aid yaşayış məskənlərinin olduğu sübut edilmişdir. Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxan, Əlisoltanlı kəndlərində e. ə. 3-2-ci minilliklərə aid arxeoloji abidələr, o cümlədən saxsı qabların qalıqları tapılmışdır. Rayon ərazisində regionun tarix və mədəniyyətinə aid 9371 eksponat vardır. Bu eksponatlardan 55 ədədi nəqqaşlıq, 127 ədədi ədəbi-tətbiqi incəsənət məmulatı, 1890 ədədi arxeoloji əşyalar, 531 ədədi məişət və etnoqrafiya əşyaları, 2279 ədədi müxtəlif fotoşəkillər, 412 ədədi qiymətli sənədlər, 4077 ədədi isə digər sənədlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarına əsasən rayon ərazisində Cəfərxan nekropolu, Keçiqıran küp qəbirləri nekropolu, Azadkənd nekropolu, 3 ədəd Qaralar nekropolu, Muğan nekropolu, Abasbəyli nekropolu və Məmmədabad nekropolu olmaqla ümumilikdə 9 arxeoloji abidə mühafizə olunur.
Saatlı rayonunun Muğan düzünün mərkəzində yerləşməsi, Araz çayının bol suyu bu ərazidə əhalinin məskunlaşmasına, əkinçilik, heyvandarlıq və quşçuluqla məşğul olmalarına əlverişli şərait yaratmışdır. Saatlı rayonunun hazırkı Cəfərxan kəndində hələ 20-ci əsrin əvvəllərində yaradılmış təcrübə stansiyası, sonralar "Muğan-təcrübə meliorasiya stansiyası" adını almış məntəqənin Muğan düzündə torpaqların şorlaşmasının qarşısının alınmasında, meliorasiya işlərinin elmi-nəzəri əsaslarla aparılmasında böyük rolu olmuşdur.
Saatlı rayonunun ərazisi düzənlikdir və dəniz səviyyəsindən 28 metr aşağıdır. Antropogen çöküntüləri yayılmışdır. Rayonda yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi hakimdir. Orta temperatur yanvarda 1,4 °C, iyulda 26,2 °C-dir. İllik yağıntı 300 mm-dir. Ərazisindən Araz çayı, şimal sərhədindən Kür çayı, Sabir adına və Aşağı Muğan suvarma kanalları, Mil-Muğan kollektoru keçir. Sarısu gölünün bir hissəsi rayonun ərazisindədir. Rayonda boz-çəmən, boz, şorakət, bataqlıq-çəmən torpaqları yayılmışdır.
Rayonda bir çox tikinti, quruculuq, abadlıq işləri həyata keçirilmişdir. Heydər Əliyev Mərkəzi yaradılmış, Ümummilli Liderin adını daşıyan meydan yenidən qurulmuş və abidəsi ucaldılmışdır. Ümumi ərazisi 3 ha olan “İstirahət” parkı, ümumi ərazisi 2 ha olan Bayraq meydanı və Bayraq muzeyi, “Şəhidlər” və “31 mart azərbaycanlıların soyqırımı” abidə Kompleksi tikilmiş, rayon Mədəniyyət Mərkəzində yenidənqurma işləri aparılmışdır.
Rayonda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix Diyarşunaslıq Muzeyi və Rəsm Qalereyası, Şahmat məktəbi, Kənd Təsərrüfatı idarəsinin inzibati binası, Dövlət Yanğından Mühafizə hissəsinin inzibati binası, Vergi ödəyicilərinə xidmət kompüter terminalının tikintisi, Dövlət Təhlükəsizlik Xidmətinin Saatlı rayon şöbəsinin inzibati binası, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Dairə Seçki Komissiyasının inzibati binası, Mətbuatyayımı şöbəsinin inzibati binası, Biyan Məhsulları İstehsalı zavodu, 2000 ton tutumu olan Soyuducu anbar, Asfalt zavodu, Saatlı 110/35-10 KV-luq elektrik yarımstansiyası, Saatlı rayon Elektrik Şəbəkəsinin inzibati binası, Aqrolizinq ASC-nin filialının baza kompleksi, “Şamo” MMC pambıq emalı müəssisəsi tikilib istifadəyə verilmişdir.
Rayon İcra Hakimiyyətinin inzibati binası, 62 saylı Saatlı Dairə Seçki Komissiyasının inzibati binası, Maliyyə idarəsinin inzibati binası, Telekommunikasiya Qovşağının inzibati binası əsaslı təmir edilmişdir.
Rayonda 20 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən uzunluğu 17 km olan Saatlı-Musalı-Məzrəli yerli əhəmiyyətli avtomobil yolu, 44 min əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən uzunluğu 21 km olan Sımada-Qarayevkənd yerli əhəmiyyətli avtomobil yolu, uzunluğu 10 km olan Fətəlikənd-Nəsimikənd yerli əhəmiyyətli avtomobil yolu, uzunluğu 6 km olan Nəsimikənd-Mircəlalkənd yerli əhəmiyyətli avtomobil yolu, uzunluğu 11.4 km olan Saatlı-Heydərabad yerli əhəmiyyətli avtomobil yolu, uzunluğu 9 km olan Qara Nuru-Əliabad yerli əhəmiyyətli avtomobil yolu, Hacıqabul-Bəhrəmtəpə-Mincivan dövlət əhəmiyyətli magistral avtomobil yolunun Saatlı şəhəri ərazisindən keçən 25 km-lik hissəsi, Saatlı-Musalı-Nərimanov yerli əhəmiyyətli avtomobil yolunun 4 km-lik hissəsi, rayonun 19 yaşayış məntəqəsində 51 min nəfərdən çox əhaliyə xidmət edən Saatlı-Sarıcalar-Qara-Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd yerli əhəmiyyətli avtomobil yolu yenidən qurularaq əsaslı təmir edilmişdir. Rayonun Novruzlu və Yeni-Novruzlu kəndlərini birləşdirən Araz çayı üzərində eni 6,5 m uzunluğu 106 p/m olan asma körpü tikilib istifadəyə verilmiş, Araz çayı üzərindən keçən iki aşırımlı dəmir yolu körpüsü yenidən qurulmuş, Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindən keçən hissəsində yerləşən eni 12,5 m, uzunluğu 233 p/m olan 7 aşırımlı dəmir- beton körpü əsaslı təmir edilərək istifadəyə verilmişdir. 29 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.
Saatlı rayonunda 49 ümumi təhsil müəssisəsi, 3 məkdəbdənkənar müəssisə, 1 Tibb Kolleci, 1 Peşə Liseyi, 21 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Təhsil müəssisələrindən 28-i tam orta, 16-sı ümumi orta, 5-i isə ibtidai məktəbdir. Son dövrlər ərzində rayonda 2372 şagird yerlik olmaqla 12 məktəb, 235 uşaq yerlik olmaqla 3 körpələr evi-uşaq bağçası üçün yeni binalar tikilmişdir, o cümlədən Heydər Əliyev Fondunun vəsaiti hesabına 200 şagird yerlik 1 məktəb, hər biri 100 uşaq yerlik olmaqla 2 körpələr evi-uşaq bağçası tikilmişdir. Bundan əlavə, 6114 şagird yerlik 8 məktəb, 187 uşaq yerlik 2 körpələr evi-uşaq bağças əsaslı təmir olunmuşdur. 2003-cü ildən ötən müddətdə isə rayonda ümumilikdə 4072 şagird yerlik olmaqla 20 yeni məktəb binası tikilmiş, 7780 şagird yerlik 12 məktəb binası isə əsaslı təmir olunmuşdur. Bu təhsil müəssisələri yeni inventar və avadanlıqlarla, müasir tipli istilik sistemi ilə təchiz edilmişdir. Saatlı rayonunda 2014-2015-ci dərs ilində Saatlı Tibb Kolleci istifadəyə verilmişdir.
Rayonda 2 xəstəxana, 13 həkim və 17 tibb məntəqəsi fəaliyyət göstərir. Fəaliyyət göstərən tibb müəssisələri tərəfindən əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması və səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30 mart 2010-cu il tarixli 821 saylı Sərəncamına əsasən 126 çarpayılıq Saatlı Mərkəzi rayon xəstəxanası əsaslı təmir olunmuş və 2012-ci il 27 oktyabrda ölkə başçısının rayona səfəri zamanı açılışı edilərək istifadəyə verilmişdir. 2011-ci ildə rayonun Varxan, 2015-ci ildə Şirinbəyli həkim və 2010-cu ildə Novruzlu, 2015-ci ildə Yeni Novruzlu, Qarayevkənd tibb məntəqələri yeni tikilmiş, Dədə Qorqud və Nərimanov kənd həkim məntəqələri isə 2010-cu ildə əsaslı təmir olunmuşdur.
Rayonda 1 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 55 kitabxana filialı, 15 klub, 10 mədəniyyət evi, 1 Tarix-Diyarşünaslıq və Rəsm Qalereyası, Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi fəaliyyət göstərir.
Rayon idmançıları müxtəlif idman sahələrində istər ölkə ərazisində keçirilən idman tədbirlərində, istərsə də beynəlxalq tədbirlərdə bir sıra nailiyyətlər əldə etmişlər. Hazırda rayonda Uşaq Gənclər idman məktəbi, "Adıgün" Uşaq Gənclər idman məktəbi, Şahmat məktəbi, "Araz-Şöhrət" Taekvando idman klubu fəaliyyət göstərir. Bundan əlavə rayonda 29 idman zalı, 35 sadə idman qurğusu, 1 mərkəzi stadion və 4 atıcılıq tiri mövcuddur. Saatlı rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Araz çayının bol suyu bu ərazidə pambıqçılıq, taxılçılıq, bostançılıq, meyvəçilik və heyvandarlığın inkişafı üçün əlverişli şərait yaratmışdır.