12 fevral 2016 – cı il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Saatlı rayon Olimpiya İdman Kompleksinin inzibati binasında Şirvan, Hacıqabul, Sabirabad, Saatlı rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirmişdir.
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov fevralın 12-də Saatlı rayonunda Saatlı, Hacıqabul, Sabirabad rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb.
Vətəndaşlar məşğulluğun təminatı, müvafiq kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzil, reabilitasiya vasitələri ilə təmin olunması, müalicəyə köməklik göstərilməsi, əmək hüquqlarının müdafiəsi, peşə hazırlığına cəlb edilmə və s. məsələlərlə əlaqədar müraciət ediblər. Müraciətlərin bir qismində əksini tapan məsələlər elə qəbul zamanı həllini tapıb və S.Müslümovun tapşırığına əsasən, bir sıra vətəndaşlara yaşadıqları rayon və şəhərdə boş (vakant) iş yerlərinə göndərişlər verilib. S.Müslümov bildirib ki, ötən ay nazirliyin məşğulluq orqanları tərəfindən 1650-dək vətəndaş münasib işlərlə təmin edilib, 180-dək vətəndaş peşə hazırlığına cəlb olunub: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq, əmək resurslarının məşğulluğunun təmin olunması sahəsində işəgötürənlərlə birgə tədbirlər xeyli gücləndirilib. İri şirkətlər tərəfindən nazirliyə vakant iş yerləri barədə məlumatlar təqdim olunub və bu proses davam edir. Məşğulluq orqanlarında qeydiyyatda olan işsiz və işaxtaran vətəndaşlar həmin vakant iş yerlərinə göndərilərək onların məşğulluğu təmin olunur”.
S.Müslümov indiyədək Nazirlik tərəfindən 5232 nəfər əlil və şəhid ailəsinin mənzillə təmin olunduğunu, dövlət başçısının tapşırığı ilə bütün sosial proqramların, o cümlədən bu sahədə tədbirlərin cari ildə də uğurla davam etdiriləcəyini vurğulayıb: “Bu gün vətəndaşlarını qəbul etdiyimiz 4 rayon və şəhərdə də Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni fərdi yaşayış evləri inşa olunur. Belə ki, bu məqsədlə Saatlı rayonunda 5 ədəd fərdi yaşayış evi tikilir və yaxın günlərdə daha 4 ədəd evin inşasına başlanacaq. Eyni zamanda, həmin insanlar üçün Sabirabad rayonunda 10 ədəd, Hacıqabul rayonunda 5 ədəd və Şirvan şəhərində 7 ədəd fərdi yaşayış evi inşa edilir”.
Nazir tərəfindən müraciətlərinə uyğun olaraq bir nəfər əlilliyi olan şəxsə əlil arabasının, bir nəfərə eşitmə aparatının verilməsi, ayrı-ayrı vətəndaşların nazirliyin bərpa-müalicə müəssisələrində müalicəyə qəbul olunması tapşırılıb. Vətəndaşlardan bir qisminin ailələrinin ünvanlı dövlət sosial yardım almaq hüquqlarının müəyyən edilməsi barədə də aidiyyəti üzrə tapşırıqlar verilib.
Qəbul zamanı sosial cəhətdən həssas qruplardan olan insanlar onların sosial müdafiəsinin təmin olunması, maddi təminatlarının yaxşılaşdırılması istiqamətində tədbirlərin ildən-ilə daha da gücləndirilməsinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar.
Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.