Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezident İlham Əliyev Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib

28 mart 2017 | 16:00

Saatlı - Sarıcalar - Qara Nuru - Şirinbəyli - Fətəlikənd - Azadkənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib. Regionların inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Belə layihələrdən biri də Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun yenidən qurulması layihəsidir.“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, bu yol ölkəmizdə 2017-ci ildə həyata keçiriləcək 40 yol layihəsinin birincisidir. “Azəravtoyol” ASC-nin yenidən qurduğu Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun uzunluğu 39 kilometrdir. Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr təşkil edir. Buraya yolun 6 metr endə hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir. Avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilib, yola 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənib. Ümumilikdə, burada 175 min kvadratmetr ərazinin asfaltlanması işləri aparılıb. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə 36 suötürücü boru tikilib. Bundan başqa avtomobil yolunun 7,31 və 39-cu kilometrlik hissələrində su kollektoru üzərində yerləşən su keçidlərinin təmiri işləri də aparılıb. Müvafiq olaraq həmin körpülərin uzunluqları 12, 14 və 16 metr təşkil edir. Tikinti işləri çərçivəsində hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə 157 yol nişanı və məlumatverici lövhə, 786 yol təhlükəsizlik dirəkləri quraşdırılıb, uzunluğu 98 kilometrdən artıq olan nişanlama xətləri çəkilib. Bütün işlər tərtib olunmuş qrafikə uyğun, vaxtında və yüksək keyfiyyətlə aparılıb. Bunun üçün əraziyə lazımi sayda texnika və qüvvə cəlb olunub. Yeni avtomobil yolunun istifadəyə verilməsi nəticəsində vətəndaşların gediş-gəlişində, xüsusən də payız-qış mövsümündə yaranan çətinlik tamamilə aradan qalxıb. Bu yol 51 mindən çox əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq. Bundan başqa, yolun istifadəyə verilməsi sayəsində fermerlər yetişdirdikləri məhsulları rahat və daha tez mənzil başına çatdıra biləcəklər. Bu, layihənin iqtisadi səmərəsini daha da artırır.Ümumilikdə, kəndləri və qəsəbələri birləşdirən yolların dövlətimizin başçısının tapşırığına əsasən son illərdə müasir səviyyədə yenidən qurulması istiqamətində reallaşdırılan layihələr ardıcıl xarakter alıb. Bu layihələrin coğrafiyası getdikcə daha da genişlənərək, ölkəmizin bütün kənd və qəsəbələrini əhatə edir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər