Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezident İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Saatlıda inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

28 mart 2017 | 16:00

Prezident İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Saatlıda inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.Dövlətimiz bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət göstərir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqli nəticəsidir.Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.Məlumat verildi ki, Saatlı rayonunda 20 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 1368 uşaq tərbiyə alır. Rayonun tələbatını nəzərə alaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər biri 100 yerlik olmaqla 2 yeni məktəbəqədər təhsil müəssisəsi üçün binalar inşa edilib. Şəhərin Heydər Əliyev prospektində yerləşən bu körpələr evi-uşaq bağçası onlardan biridir. Burada inşaat işləri 2015-ci ilin mayında başlanılıb və 2016-cı ilin dekabrında başa çatdırılıb. İkimərtəbəli binanın ümumi sahəsi 942,6 kvadratmetrdir. Binada 4 qrup və 4 yataq otağı var.Bu otaqlarda balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Bundan başqa, burada uşaqların asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili üçün də hərtərəfli şərait mövcuddur. Binada tibb otağı, yeməkxana, mətbəx, camaşırxana və digər müxtəlif təyinatlı otaqlar var. Körpələr evi-uşaq bağçasında metodiki kabinet, oyun və musiqi zalları zəruri avadanlıqla təchiz edilib. Burada, ümumilikdə, 27 nəfər işlə təmin ediləcək. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Həyətdə uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksionlar quraşdırılıb.

Keçidlər