Saatlı rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib
Dövlət başçısı müşavirədə giriş nitqi söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
- Biz bugünkü müşavirədə ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı məsələləri müzakirə edəcəyik. Bildiyiniz kimi, pambıqçılığın inkişafı Azərbaycanda prioritet sahə sayılır. Uzun fasilədən sonra pambıqçılığa dair birinci müşavirəni keçən il Sabirabad şəhərində keçirdik. Bu il Saatlı şəhərində keçiririk. Bu il ən çox pambıq tədarükü Saatlı rayonunda gözlənilir. Pambıqçılığın rayonun inkişafına çox böyük xeyri var. Eyni zamanda, biz pambıqçılıqla məşğul olan bütün rayonlarda sürətli inkişafı görürük. Əvvəlki illərdə Saatlı rayonunun inkişafı ilə bağlı çox böyük işlər görülübdür. Rayonun infrastrukturu tamamilə yenidən qurulubdur. Elektrik enerjisi ilə təminat böyük dərəcədə yaxşılaşıb. Bu gün açılışında iştirak etdiyim yeni yarımstansiyanın fəaliyyəti həm əhaliyə, həm də bütün təsərrüfatlara fasiləsiz elektrik enerjisini verməklə, əlbəttə ki, böyük bir inkişafa yol açır. Eyni zamanda, Saatlı rayonunun su problemləri də həll olunur. Uzun illər ərzində əhali bu problemdən əziyyət çəkirdi. Şəhərin cəmi 30 faizi su ilə təmin olunurdu, özü də gündə 2-3 saat. İndi isə fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir.Mənə verilən məlumata görə, qazlaşdırma 80 faizə çatıb və əminəm ki, yaxın gələcəkdə Saatlıda bir dənə də yaşayış məntəqəsi qazsız olmayacaq. Məsələ belə qoyulubdur. Biz buna da nail olacağıq. Saatlı rayonunun demək olar ki, bütün kənd yolları əsaslı təmir edilir, tikilir. Əvvəlki illərdə bir neçə önəmli kənd yolu layihəsi icra edilmişdir. Birinin açılışını bu gün etdik. Bir neçə kəndi birləşdirən daha bir kənd yolu layihəsi var ki, o da yaxın zamanlarda icra ediləcək və əhalinin istifadəsinə veriləcək.Sosial obyektlərin tikintisi uğurla gedir. Müasir xəstəxana, Olimpiya Mərkəzi, məktəblər, uşaq bağçaları, bir sözlə, Saatlı rayonunun hərtərəfli inkişafı Dövlət Proqramı əsasında uğurla gedir. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla icra edilir və ölkəmizdə yeni reallıqlar yaradıbdır. Bizim əsas vəzifəmiz ondan ibarət idi ki, - bu gün də əlbəttə, bu vəzifə qarşımızda durur, - bütün infrastruktur layihələri icra edilsin, müasir infrastruktur yaradılsın, elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorasiya problemləri həll olunsun, kənd yolları, magistral yollar tikilsin və bu, özlüyündə sürətli iqtisadi və sosial inkişafa təkan verəcək. Belə də oldu. Nəzərə alsaq ki, regionların sosial-iqtisadi inkişafına dair artıq bir neçə Dövlət proqramı icra edilib, görərik ki, bu proqramların çox böyük əhəmiyyəti var. İnfrastruktur layihələri icra olunandan sonra biznes üçün daha da yaxşı şərait yaradıldı. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl siyasət aparır, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, yeni ixrac bazarlarının araşdırılması və o bazarlara çıxmağımız ölkəmizin hərtərəfli inkişafına gətirib çıxarıb.Biz fəaliyyətimizi gələcəkdə də uğurla davam etdirəcəyik. Qeyri-neft sektorunun inkişafı prioritet sahədir, xüsusilə indiki şəraitdə ki, neftin qiyməti dünya bazarlarında kəskin şəkildə aşağı düşüb. Biz indi qeyri-neft sektorunun inkişafına həm daha çox fikir verəcəyik, həm də ki, daha da fəal iş aparılacaqdır.Pambıqçılığın Azərbaycanda qədim ənənələri vardır. Əsrlərboyu xalqımız pambıqçılıqla məşğul olubdur. Ancaq pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə və eyni zamanda, 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib. Əgər biz statistikaya nəzər salsaq görərik ki, Ulu Öndərin dövründə Azərbaycanda pambıq tədarükü bir neçə dəfə artıb. 1980-ci illərin əvvəllərində 800 min ton–1 milyon tona qədər pambıq tədarük edilirdi.Bu, əlbəttə ki, respublikanın inkişafına səbəb olmuşdur. Məşğulluq yüksək səviyyədə təmin edilirdi. Pambıqçılıqla məşğul olan zəhmətkeşlər öz həyat şəraitini böyük dərəcədə yaxşılaşdırmışdılar. Kəndlərimiz abadlaşdı, o vaxt Azərbaycana böyük investisiya cəlb olundu. Əlbəttə, biz o vaxt müstəqil dövlət deyildik və Azərbaycan xalqı onu da unutmamalıdır ki, Sovet İttifaqının tərkibində Azərbaycan iki respublikadan biri olmuşdur ki, öz tələbatını özü ödəyirdi, eyni zamanda, ümumittifaq büdcəsinə də töhfə verirdi. Qalan 13 respublika dotasiya ilə işləyirdi.Bir daha qeyd etmək istəyirəm ki, pambıqçılığın ənənələri böyükdür. Əfsuslar olsun ki, Ulu Öndər Azərbaycandan Moskvaya gedəndən sonra bütün sahələrdə olduğu kimi, biz pambıqçılıqda da tənəzzüllə qarşılaşdıq. İldən-ilə diqqət azalırdı, ildən-ilə pambıq sahələri kiçilirdi və bu proses əfsuslar olsun ki, son illərə qədər davam edirdi.Müstəqillik dövründə. Əlbəttə ki, biz müstəqilliyin ilk illərini yaxşı xatırlayırıq. Bu illər çox ağır keçirdi, dərin siyasi, iqtisadi, hərbi böhran yaşanırdı. Müstəqilliyin ilk illərində hakimiyyətdə olmuş qüvvələr Azərbaycanı məhvə aparırdılar, vətəndaş müharibəsi, kütləvi itaətsizlik, dərin böhran hökm sürürdü. Sənaye, kənd təsərrüfatı demək olar ki, tamamilə dağıdılmışdı. Bizim üçün ənənəvi olan pambıqçılıq, üzümçülük məhvə doğru gedirdi. Ancaq 1993-cü ildən sonra Ulu Öndərin rəhbərliyi ilə vəziyyət sabitləşməyə başladı. Əgər statistik göstəricilərə nəzər salsaq görərik ki, 1996-cı ildən sonra artıq Azərbaycanda hər il iqtisadi inkişaf başlamışdır.Ancaq əfsuslar olsun ki, biz pambıqçılıqda istədiyimiz nəticəyə çata bilməmişdik. Bunun bir neçə səbəbi var. Birinci səbəb - əlbəttə ki, müstəqilliyin ilk illərində bizim kifayət qədər maliyyə imkanımız yox idi. Burada əyləşən vətəndaşlar, yoldaşlar bilirlər ki, pambıqçılıq böyük investisiya tələb edən sahədir. Bizim o vaxt imkanımız yox idi. Olan imkanlarımızı da biz ən təcili məsələlərin həllinə yönəldirdik. Digər tərəfdən, biz müstəqillik dövründə ərzaq təhlükəsizliyi problemləri ilə üzləşmişdik. Çünki sovet vaxtında ümumittifaq sənaye-iqtisadi kompleksi mövcud idi, Azərbaycanda üzümçülük, pambıqçılıq, tütünçülük inkişaf edirdi, meyvə-tərəvəz istehsalı artırdı. Ancaq biz ərzaq məhsullarını başqa respublikalardan - Rusiyadan, Ukraynadan, Belarusdan gətirirdik. Yəni, böyük bir asılılıq mövcud idi.Ona görə biz ilk növbədə çalışırdıq ki, ərzaq təhlükəsizliyimizi təmin edək. Bunu da demək olar ki, maksimum dərəcədə təmin edə bilmişik. Bu gün biz özümüzü ətlə 100 faiz təmin edirik. Süd və süd məhsulları, toyuq əti ilə təxminən 80-90 faiz təmin edirik. Sovet dövründə bu, belə deyildi, biz tam asılı vəziyyətdə idik. Müstəqillik dövründə Azərbaycanda meyvə-tərəvəz istehsalı bir neçə dəfə artmışdır və bu, bizim üçün böyük ixrac potensialıdır, böyük ixrac imkanlarımızdır. Ona görə biz daha çox ərzaq təhlükəsizliyi məsələlərinə diqqət göstərirdik. Texniki bitkilər - pambıqçılıq, tütünçülük, baramaçılıq isə bir qədər diqqətdən kənarda qaldı və əfsuslar olsun ki, demək olar, biz bu sahələri itirirdik. Onu da açıq deməliyəm ki, pambıqçılığa dövlət dəstəyi çox zəif idi.Hesab edirəm ki, bu gün pambıqçılığın inkişafı artıq reallıqdır və 2016-cı il dönüş ili olmuşdur. 2015-ci il demək olar ki, bizim müasir tariximizdə pambıqçılıqda ən pis il olmuşdur, 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edilmişdir. Keçən il qısa müddət ərzində, - düzdür, bir qədər vaxt itirdik, - bütün gücləri səfərbər edərək biz dönüş yarada bildik. Çox ciddi tədbirlər görüldü, texnika alındı, dövlət dəstəyi göstərildi, imkan daxilində meliorasiya işləri aparıldı. Keçən il biz 51 min hektarda pambıq əkmişdik və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdür. Yəni, bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur.Ancaq bu il biz daha da ciddi hazırlaşmışıq. Bu il bütün aqrotexniki tədbirlər ən yüksək səviyyədə təşkil edilmişdir. Bu gün mən Saatlı rayonunun bir pambıq tarlasında oldum. Orada da artıq biz səpinə rəsmi start verdik. Ən müasir texnika alınıb, lazım olan bütün avadanlıq, gübrələr, dərmanlar, hər şey hazırdır. Əlbəttə ki, bu il biz daha da böyük məhsul gözləyirik.Bu il və keçən il Dövlət İnvestisiya Proqramında pambıqçılığın inkişafı ilə bağlı böyük vəsait nəzərdə tutulmuşdur. Kompleks tədbirlər görülmüşdür. İlk növbədə, biz özümüzü texnika ilə təmin etməli idik və bunu etdik. Keçən il və bu il Azərbaycana minlərlə yeni texnika gətirilib. Keçən il 100-ə yaxın pambıqyığan kombayn gətirilmişdir. Bu il 200-dən çox müasir kombayn sifariş edilib.Meliorasiya işləri uğurla aparılıb. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti, eyni zamanda, yerli icra orqanları bu işlərdə fəal iştirak edirlər. Biz meliorativ tədbirləri genişləndirərək dövriyyəyə yeni əkin sahələrini əlavə etdik. Hesab edirəm ki, bütün bu kompleks tədbirlər nəticəsində bu il rekord nəticə gözlənilir. Biz əkin sahələrini böyük dərəcədə genişləndirdik. Son məlumata görə, bu il 136 min hektarda pambığın səpini gözlənilir və orta məhsuldarlıq 20 sentner səviyyəsində olmalıdır. Keçən illə müqayisədə bu, artım deməkdir. Ancaq biz və pambıqçılar bunu yaxşı bilirik ki, bu, bizi qane edə bilməz. Sovet vaxtı məhsuldarlıq daha da böyük idi. Nəzərə alsaq ki, bu gün biz həm müasir texnika alırıq, həm bütün digər tədbirləri ən yüksək səviyyədə görürük, əlbəttə, gələcək illərdə məhsuldarlıq daha da artmalıdır.Pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə, pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilmişdir. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər.Dövlət, əlbəttə ki, öz tədbirlərini görür. Onu da qeyd etməliyəm ki, ilin əvvəlindən ancaq ictimai işlərə 40 mindən çox vətəndaş cəlb edilmişdir, 40 mindən çox yeni iş yeri ancaq dövlət sektorunda yaradılmışdır. Dövlət şirkətlərində, dövlət qurumlarında, yerli icra orqanlarında 40 mindən çox vətəndaş artıq işlə təmin edilib. Bu, təmir-tikinti işləridir, bu, yaşıllıqlara qulluq etmək üçün nəzərdə tutulan iş yerləridir. Biz yeni iş yerləri yaratmalıyıq. Çünki biz işsizliyi daim aşağı səviyyədə saxlamalıyıq. Bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və bu, aşağı səviyyədə qalmalıdır. Bəzi qonşu ölkələrdə işsizlik artıq böhran həddinə çatır, eyni zamanda, orada demoqrafik böhran yaşanır. Bizdə isə əhali artır. Əhali artdıqca biz yeni iş yerləri haqqında düşünməliyik. Əhalinin artımı çox müsbət göstəricidir və müsbət prosesdir. Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaq. Ancaq, eyni zamanda, bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var.Biz, əlbəttə ki, keçən ildən başlayaraq pambıqçılığa çox böyük dövlət dəstəyi göstəririk. Bu gün biz pambıqçılıqla bağlı ikinci müşavirəni keçiririk. Bu müşavirələrin keçirilməsi özlüyündə dövlət dəstəyinin təzahürüdür. Eyni zamanda, biz vətəndaşları, fermerləri stimullaşdırmaq üçün çox ciddi tədbirlər gördük. Pambığın alış qiyməti keçən il 41 qəpikdən 50 qəpiyə qaldırılmışdır, eyni zamanda, 10 qəpik subsidiya verilir. Vətəndaşlar hər gün tarla başında öz halal pulunu alırlar. Artıq vətəndaşlar tərəfindən pambıqçılığa çox böyük maraq yaranıb. Bax, bu, çox önəmli amildir. Dövlət öz dəstəyini göstərir və göstərəcəkdir. Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik. Ancaq əgər vətəndaşlar tərəfindən bu sahəyə maraq göstərilməsəydi, bizim işlərimiz yarımçıq qala bilərdi. Ona görə bax, burada həm dövlət dəstəyi, bütün dövlət qurumlarının, özəl qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən göstərilən dəstək tamamilə yeni bir vəziyyətə gətirib çıxarır. Əminəm ki, bu il göstəricilər daha yaxşı olacaq və buna şübhə yoxdur. Əlbəttə ki, biz gələcəkdə pambıqçılığı daha sürətlə inkişaf etdirəcəyik. Pambıqçılıq daha geniş vüsət alacaq və həm vətəndaşlara, həm dövlətə bunun ancaq böyük xeyri olacaqdır.Azərbaycanda dövlət həmişə sahibkarlara kömək göstərir. Bu kömək və yardım müxtəlif sahələrdə özünü büruzə verir. Əlbəttə ki, ilk növbədə, mənim siyasi dəstəyim xüsusi əhəmiyyət daşıyır. Mən hər il dəfələrlə sahibkarlarla görüşürəm, çalışıram ki, onların problemləri həll olunsun və onlar da ölkə iqtisadiyyatına daha böyük həvəslə yatırım, yəni, sərmayə qoysunlar. Eyni zamanda, sahibkarlara böyük maliyyə dəstəyi göstərilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Bu kreditlər hesabına on minlərlə yeni iş yeri, yüzlərlə, minlərlə yeni müəssisə yaradılıbdır və bir sözlə, ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar açılıbdır. Məhz bunun nəticəsində bu ilin ilk iki ayında qeyri-neft sənayemiz 5 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox artmışdır. Bu, iqtisadiyyatın real sektorunun - qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafının göstəriciləridir. Çünki neft sənayesinin inkişafı qiymətlərlə tənzimlənir. Neftin qiyməti qalxarsa, əlbəttə ki, göstərici də qalxacaq. Neftin hasilatı qalxarsa, göstərici də qalxacaq, düşərsə, düşəcək. Ona görə bu, göstərici deyil. Bizim üçün əsas göstərici qeyri-neft sektorunun və kənd təsərrüfatının göstəriciləridir. Hər iki göstərici çox müsbətdir. Hesab edirəm ki, bu gün dünya miqyasında ən yüksək inkişaf göstəriciləri məhz bizim göstəricilərimizdir. Bunu beynəlxalq mötəbər qurumlar da qeyd edir. Onların arasında xüsusilə Davos Ümumdünya İqtisadi Forumu ən mötəbər dünya forumudur və onun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında öz rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdədir. Dünyada 200-dən çox ölkə var. Bax, biz bu parametrə görə 37-ci yerdəyik. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Bundan əlavə, biz keçən ilə nisbətən 3 pillə yuxarı qalxmışıq. Əlbəttə ki, bu, bizim işimizə verilən yüksək qiymətdir və bizi sevindirir. Ancaq əsas məsələ ölkəmizdə gedən proseslərdir və bu proseslər müsbət istiqamətdə gedir.Azərbaycanda sabitlik təmin olunur. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir. Azərbaycanda təhlükəsizlik tədbirləri təmin edilir, ictimai proseslər müsbət istiqamətdə gedir, vətəndaş həmrəyliyi möhkəmlənir, iqtisadi inkişaf, regionların inkişafı sürətlə gedir. Biz bu gün bir nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır? Bu nümunəni biz göstəririk və əlbəttə ki, bu siyasət xalq tərəfindən də bəyənilir, dəstəklənir. Bizim gələcək planlarımızın reallaşdırılması üçün bu, əsas amildir. Xalq-iqtidar birliyi hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amildir.Bizim uğurlu iqtisadi siyasətimiz, regionların inkişafı və yeni təşəbbüslər, islahatlar, əminəm ki, dayanıqlı inkişafı təmin edəcək. Bu yaxınlarda bir çox sahələr üzrə strateji yol xəritələri tərtib edilib, onlar dərc olunub. İctimaiyyət artıq bunu bilir. Hər bir sahə üzrə konkret proqramlar var, biz bu proqramlar əsasında işləyirik və işləyəcəyik.Növbəti illərdə əsas vəzifələrdən biri qeyri-neft məhsulları ixracının artırılmasıdır. Çünki neft-qaz sahəsində hər şey müsbət istiqamətdə gedir. Bizim böyük “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bu da tarixi layihədir. Ancaq bizim əsas məqsədimiz qeyri-neft ixracımızı artırmaqdır. Bax, bunu etmək üçün kənd təsərrüfatının ənənəvi sahələri inkişaf etməlidir. Burada təkcə pambıqçılıqdan söhbət getmir. Biz keçən il tütünçülükdə də, baramaçılıqda da ciddi dönüş yarada bilmişik. Tütün istehsalı artır. Biz artıq quru tütünün ixracı ilə də ciddi məşğuluq, kontraktlar imzalanıbdır. Üzümçülüyün inkişafı sürətlə gedir, şərab məhsullarının ixracı da artmalıdır və artıq artır. Baramaçılıq sürətlə inkişaf edir. Əgər 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük olunubsa, keçən il bu, 70 tona çatıbdır, bu il daha da yüksək rəqəm olacaq. Şəki ipək kombinatının işi bərpa edilib. Orada da subsidiyalar verilir. Tütünçülükdə də subsidiya verilir. İndi şəkər çuğundurunun kütləvi əkini başlayıb. Bu, bizə çox lazımdır. Çünki bizim şəkər zavodumuz daha çox xaricdən gələn xammalla işləyir. Biz daha çox yerli xammalı təmin etməliyik. Bu da məşğulluq və ixrac potensialı deməkdir. Ona görə qeyri-neft məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı bizim üçün indiki inkişaf mərhələmizdə əsas vəzifədir.Biz bir neçə ölkədə artıq ticarət evləri yaradırıq. “Made in Azerbaijan” brendi artıq dünyaya yayılıbdır. İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır. Sahibkarlar özləri də fəal olmalıdırlar, özləri yeni bazarlara çıxmalıdırlar. Onsuz da Azərbaycan dövləti bunu təşkil edir. Biznes forumlar keçirilir, hökumət nümayəndə heyətlərinin tərkibində artıq iş adamları da həmişə təmsil olunurlar. Onlar da fəal olmalıdırlar, öz məhsullarını təbliğ etməlidirlər, çalışmalıdırlar ki, bu imkandan istifadə edib öz məhsullarını daha çox xarici bazarlara satsınlar. Biz əlbəttə ki, daxili bazarı da maksimum dərəcədə təmin etməliyik və bunu edirik. Bir sözlə, artıq keçən il ərzində pambıqçılıqda əldə edilən müsbət təcrübə gələcəyə nikbinliklə baxmaq üçün böyük əsas verir. Bugünkü müşavirədə pambıqçılığın inkişafı ilə bağlı önəmli məsələlər müzakirə ediləcək. Əminəm ki, bu gün start verdiyimiz səpin kampaniyası uğurla başa çatacaq və biz bol məhsul əldə edəcəyik.
X X X
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin CABBAROV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Pambıqçılığın inkişafı ilə bağlı növbəti müşavirənin Saatlıda keçirilməsinə görə bütün rayon əhalisi adından Sizə dərin minnətdarlığımızı bildiririk. Bu tədbir rayonumuzun hər bir sakininin yaddaşında tarixi hadisə kimi qalacaq.Danılmaz həqiqətdir ki, xalqımız həmişə Sizin əmək adamlarına verdiyiniz yüksək qiymətin, göstərdiyiniz əvəzsiz qayğının şahidi olub, bunu özlərinin həyat səviyyələrinin yüksəlməsində aydın hiss ediblər. Bu gün Sizin pambıq əkini sahəsində əməkçilərlə görüşüb söhbət aparmağınız, tövsiyə və məsləhətləriniz hər birimizə qürur dolu anlar bəxş edib. Bütün bunlara görə Sizə bir daha minnətdarlığımızı bildiririk.Cənab Prezident, pambıqçılıqdan danışarkən daim ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1970-80-ci illərin uğurları, möhtəşəm nailiyyətləri xatırlanır. Həmin illərdə pambıqçılıq ən yüksək zirvəyə çatmış, ölkədə bir milyon tondan artıq pambıq istehsal edilmişdi. Ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində bu sahənin tənəzzülə uğraması iri pambıqçılıq rayonu olan Saatlıda da özünü büruzə verib. Sizin aqrar sahənin inkişafı ilə bağlı qəbul etdiyiniz qərarlar və qarşıya qoyduğunuz vəzifələr bu sahənin də inkişafına təkan verdi və onun tarixi şöhrətini özünə qaytarmağa başladı. Ötən il pambıqçılıqda əldə olunan nəticələr bunun bariz nümunəsidir.2016-cı ildə rayonda pambıqçılıq sahəsində əsaslı dönüş yaradılması ilə bağlı tapşırıqlarınızın icrasına, düzünü deyim ki, biz tam hazır deyildik. Amma biz bunu etməli idik. Qarşımıza çıxan bütün çətinliklərə baxmayaraq, cənab Prezident, Sizin köməyiniz və dəstəyiniz sayəsində pambıqçılarımız ötən il 8109 hektar sahədə pambıq əkmişdilər ki, bu da 2015-ci illə müqayisədə 2 dəfə çoxdur. Ötən il becərmə və məhsulun yığılması işlərinə 6 min nəfərə yaxın işçi cəlb olunmuşdur ki, onlardan da 3500 nəfərdən çoxunu gənclər təşkil edirdi. Pambıqçıların fədakarlığı nəticəsində sahələrdən 12 min tondan çox pambıq toplanaraq emal müəssisələrinə təhvil verildi. Pambıq istehsalçıları 6 milyon manata yaxın real gəlir əldə ediblər ki, bunun da 1 milyon 201 min manatı Sizin müvafiq Sərəncamınızla son məhsula görə istehsalçılara verilən subsidiya olub.Keçən təsərrüfat ilinin təcrübəsi, pambıqçılığın inkişafı ilə bağlı yaradılan hərtərəfli şərait, müasir innovativ texnologiyaların tətbiqi, eləcə də dövlət tərəfindən göstərilən maliyyə və digər zəruri dəstək istehsalçıları daha da ruhlandırıb, cari ildə onlarda pambıq əkininə olan marağı daha da artırıb. Təsadüfi deyil ki, cari ildə fermerlər ötən illə müqayisədə 2 dəfə çox, yəni, 17150 hektar sahədə pambıq əkəcəklər. Ötən təsərrüfat ilindən fərqli olaraq, bu il aqrotexniki qaydalara əməl etməklə işlərə vaxtında başlanılıb, artıq 16 min hektardan çox sahədə şum aparılıb.Sizin tapşırığınıza uyğun olaraq rayonda pambıq əkiləcək sahələri suvarma suyu ilə təmin edən 60 kilometrdən çox mövcud suvarma kanalları müvafiq qurumlar tərəfindən yenidən qazılaraq lildən təmizlənib ki, bu da istehsalçılar tərəfindən böyük razılıqla qarşılanıb.Bütün məsuliyyətimlə qeyd etmək istəyirəm ki, ölkəmizdə artıq böyük bir pambıqçılıq hərəkatı başlayıb. Ulu öndər Heydər Əliyevin dövründə olduğu kimi, pambıqçılıq geniş vüsət alıb. İndi artıq hər hansı bir təbliğata ehtiyac qalmayıb. Bu da insanlarımızın güzəranının, yaşayış səviyyəsinin və işgüzarlığının artması deməkdir. Çünki Sizin tapşırığınıza əsasən pambıqçılığın inkişafı üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Sözsüz ki, belə şərait pambıqçılığın daha geniş inkişafına güclü təkan verəcək, məhsuldarlıq isə daha yüksək olacaq. Saatlı pambıqçıları da yaradılan bu şəraitdən bəhrələnəcək, cari ildə hər hektardan 20 sentnerdən artıq olmaqla 35 min tondan çox məhsul istehsal edəcəklər. Bu isə pambıqçılarımızın 15 milyon manatdan yuxarı real gəlir əldə etmələri deməkdir.Cənab Prezident, Sizin qeyd etdiyiniz kimi, pambıqçılıq gəlirli sahə olmaqla yanaşı, əhalinin məşğulluğu baxımından da müstəsna əhəmiyyətə malikdir. Bunu ötən təsərrüfat ilində hər kəs yaxşı gördü. Bu il rayonumuzda ötən ilə nisbətən pambıqçılıqda çalışanların sayı 10 min nəfəri ötəcək və bunun da 6 min nəfərdən çoxunu gənclər təşkil edəcək. Təqdirəlayiq haldır ki, kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusən də pambıqçılığın inkişafı gənclərimizin bu sahədə müxtəlif peşələrə yiyələnmələrinə də maraqlarını yüksəldib. Belə ki, əgər 2014-2015-ci tədris ilində rayon Peşə Liseyini geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər ixtisasları üzrə 40 nəfər şagird bitirmişdisə, 2016-2017-ci tədris ilində həmin ixtisaslar üzrə şagirdlərin sayı 60 nəfərə çatıb və növbəti tədris ilində isə 100 nəfərə yaxın şagirdin təhsil alması planlaşdırılıb. Onu da qeyd edim ki, rayonda ali təhsilli kənd təsərrüfatı mütəxəssislərinə, xüsusilə də aqronomlara və bitkiçilik üzrə digər mütəxəssislərə ehtiyac duyulur. Bu problemin aradan qaldırılması üçün məzunların kənd təsərrüfatı üzrə ixtisas seçmələrinə üstünlük vermələri məqsədilə öncədən ümumtəhsil məktəblərində şagirdlər arasında təbliğat işləri aparılır. Lakin bu işlər bu sahədə yaranmış kadr problemlərinin həlli üçün yetərli deyildir.Ölkəmizdə aqrar sahədə baş verən canlanma, aqroparkların yaradılması, torpaqdan səmərəli istifadə olunması və torpağa düzgün aqrotexniki xidmətin təşkili üçün bilikli, peşəkar kənd təsərrüfatı kadrlarına tələbat xeyli artıb. Heç kimə sirr deyil ki, hazırda bu sahədə ciddi kadr çatışmazlığı vardır. Ona görə də bir çox hallarda xarici mütəxəssislərə müraciət edilir. Bu isə məsələnin həlli deyil. Kadr çatışmazlığının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsinə, xüsusən də müasir texnoloji biliklərə yiyələnmiş ixtisaslı gənc kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması, onların yerləşdirilmə coğrafiyasının müəyyənləşdirilməsi məqsədilə yeni bir konsepsiyanın hazırlanmasına ciddi ehtiyac duyulur. Yaradılmış imkandan istifadə edərək, bu sahə ilə bağlı aidiyyəti orqanlara xüsusi tapşırığın verilməsini xahiş edirik.Möhtərəm cənab Prezident, Sizi əmin edirəm ki, pambıqçılığın inkişafı ilə bağlı verdiyiniz tapşırıqlara uyğun olaraq Saatlı rayonunda bundan sonra da bütün ehtiyatlar, qüvvə və imkanlar səfərbər ediləcək, qarşıya qoyulan vəzifələrin icrasını həyata keçirmək üçün əzmlə çalışacağıq.
Diqqətinizə görə sağ olun.
X X X
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir QULİYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli müşavirə iştirakçıları.
İcazə verin, ilk növbədə biləsuvarlıların, xüsusilə Biləsuvar pambıqçılarının səmimi salamlarını diqqətinizə və müşavirə iştirakçılarına çatdırım.Möhtərəm cənab Prezident! Sizin diqqət və qayğınız sayəsində ölkəmizin bütün regionları kimi, Biləsuvar rayonu da günü-gündən inkişaf edir və müasirləşir. Aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri böyük minnətdarlıq hissi ilə qarşılanır. Sizin çox böyük uzaqgörənliklə müəyyən etdiyiniz və həyata keçirdiyiniz yeni iqtisadi kurs, bu kursun əsas tərkib hissələrindən olan aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən mühüm dövlət tədbirləri öz müsbət nəticələrini verməkdədir.Biz bunu artıq ölkəmizin mühüm pambıqçılıq rayonlarından biri olan Biləsuvarın timsalında çox parlaq şəkildə görməkdəyik. Pambıqçılığın inkişafına dair ötən il Sabirabad rayonunda keçirilən ümumrespublika müşavirəsində verdiyiniz tapşırıq və tövsiyələr rayonumuzun iqtisadi inkişafının, əhalinin məşğulluğunun təmin edilməsinə böyük təkan verdi. Bu tapşırıq və tövsiyələrlə Siz bizə ən doğru, ən düzgün yolu göstərdiniz. Biləsuvarlılar bu yolla gedərək artıq ilk uğurlarını qazanmaqda, Biləsuvarın pambıqçılıq rayonu kimi əvvəlki şöhrətini qaytarmaqdadırlar.Möhtərəm cənab Prezident, məlumat üçün bildirmək istəyirəm ki, 2016-cı ildə vaxtın azlığına, havaların əlverişsiz keçməsinə baxmayaraq, əvvəlki illə müqayisədə iki dəfə çox - 6074 hektar sahədə pambıq əkilməsi təmin edildi və sahələrə yüksək aqrotexniki qulluq göstərildi. Lakin ötən il pambıq əkininin nisbətən gecikməsi və pambıq yığımı üçün həlledici dövr olan sentyabr-oktyabr aylarının tamamilə yağmurlu və hətta şaxtalı keçməsi məhsuldarlığa öz təsirini göstərdi. Buna baxmayaraq, pambıqçılarımız yüksək əzmkarlıq nümayiş etdirərək, hər hektardan orta hesabla 20 sentner olmaqla, ümumilikdə 12 min tondan çox pambıq yığaraq tədarük məntəqələrinə təhvil verdilər. Pambıqçılarımız hava şəraiti ilə əlaqədar ümumi məhsulun 70 faizini əllə yığıblar ki, bu da günə 200-250 ton pambıq deməkdir. Sizin pambıqçılığın inkişafına dair verdiyiniz tapşırığın icrası nəticəsində ötən il rayonumuzun 12 mindən çox sakini işlə təmin olunub, pambıq tədarükündən 800 nəfər mülkiyyətçi 3 milyon manata yaxın gəlir əldə edib. Bundan əlavə, 2016-cı ildə istehsal olunan məhsula görə pambıqçılar 1,2 milyon manat həcmində subsidiya alıblar.Rayon üzrə orta məhsuldarlığın 20 sentner olmasına baxmayaraq, Biləsuvar rayonunda pambıqçılıq ənənələrini daim yaşadan Lətif Cəfərov 26 hektar sahədən 146 ton pambıq yığıb ki, bu da hektardan 56 sentner məhsul deməkdir. Daha yüksək məhsuldarlığa nail olan Fazil Musayev, Hikmət Kərimov kimi pambıqçıların da adlarını bu gün fəxrlə çəkmək olar.Zati-aliləri, “Pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında” 2016-cı il 22 sentyabr tarixli Sərəncamınızla hər kiloqram pambığa görə istehsalçılara subsidiyanın verilməsi, pambığın alış qiymətinin artırılması, yüksək göstəricilərə malik texnikanın alınaraq ölkəmizə gətirilməsi pambıqçılığın inkişafında çox mühüm stimul olub. Məhz bunun nəticəsidir ki, bu il Biləsuvar rayonunda ümumilikdə 11 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Pambıq əkiləcək sahələrdə şum, mala işləri aparılıb, torpağın çiyid səpininə hazır vəziyyətə gətirilməsi üçün lazımi aqrotexniki tədbirlər görülüb və görülməkdədir. Bu diqqət və qayğıdan ruhlanan pambıqçılarımız bu il 27 min tondan çox pambıq istehsal etməyi qarşıya məqsəd qoyublar. Bu da təxminən 22 min iş yeri, 10 milyon manata yaxın gəlir, 3 milyon manata yaxın subsidiya deməkdir.
Möhtərəm cənab Prezident.
Dövlət fonduna aid torpaq sahələrindən daha səmərəli istifadə etmək barədə verdiyiniz tapşırığa uyğun olaraq, rayonumuzda 17 min hektardan çox əkinəyararlı qış otlaq sahəsinin təyinatının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi işləri başa çatdırılmaq üzrədir. Həmin torpaq sahələrində yaradılacaq iki aqroparkda növbəli əkin sisteminə uyğun olaraq buğda, pambıq, soya, qarğıdalı, günəbaxan, yonca və sair kənd təsərrüfatı bitkiləri yetişdiriləcək. Sizin tapşırığınızla yeni torpaq sahələrinin ümumi əkin dövriyyəsinə qoşulması, həmin ərazilərə suvarma suyunun çəkilməsi, mövcud kanal və arxların lildən təmizlənməsi rayonumuzda aqrar sahənin inkişafına böyük təkan verəcək.Möhtərəm cənab Prezident, biz rayonumuzda pambıqçılığın inkişafını yeni iqtisadi kursunuzun tələblərinə uyğun şəkildə qurmağa çalışırıq. Belə ki, Biləsuvar rayonunda pambıqçılığın inkişafı digər kənd təsərrüfatı sahələrinin, xüsusilə taxılçılığın, heyvandarlığın azaldılması hesabına aparılmır. Məlumat üçün bildirmək istəyirəm ki, Biləsuvar rayonunda ötən ilin müvafiq dövrü ilə müqayisədə taxıl əkini sahəsində və mal-qaranın baş sayında azalma olmayıb. Lakin pambıqçılığın inkişafına göstərdiyiniz qayğıdan ruhlanan bəzi sahibkarlar daha rentabelli olan bu sahəyə maraq göstərməyə başlayıblar.Möhtərəm cənab Prezident, icazə verin, çıxışımın sonunda Sizi əmin edim ki, respublikamızda aqrar sahənin, eyni zamanda, pambıqçılığın inkişafı ilə bağlı qarşıya qoyduğunuz mühüm vəzifələrin uğurla yerinə yetirilməsində pambıqçılarımız fəal iştirak edəcək, bu şərəfli işə öz layiqli töhfələrini verəcəklər.
Diqqətinizə görə minnətdaram.
X X X
“Gilan Holdinq”in Gilan kənd təsərrüfatı qrupunun pambıqçılıq üzrə müşaviri Bəhruz CAMALOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli müşavirə iştirakçıları.
Zati-alilərinizin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində qısa müddətdə ölkəmiz regionun lider dövlətinə çevrilib. Sizin təşəbbüs və tapşırıqlarınızın icrası olaraq son illər ölkəmizdə reallaşdırılan iqtisadi islahatlar, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarların fəaliyyəti üçün münbit şəraitin yaradılması istiqamətində atılan addımlar, imzalanan fərman və sərəncamlar artıq öz bəhrəsini verməkdədir. Kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyiniz müdrik qərarlar və verdiyiniz tövsiyələr sayəsində ölkəmizdə pambıqçılığın sürətli inkişafı üçün əlverişli şərait yaradılıb.Hörmətli cənab Prezident, respublikada 2016-cı ildə 50 min hektardan artıq, o cümlədən “MKT İstehsalat Kommersiya” MMC üzrə 30 min 522 hektar sahədə pambıq əkini üzrə çıxış alınmışdı. Havaların əlverişsiz, xüsusilə oktyabr ayının yağmurlu keçməsinə baxmayaraq, Prezident Administrasiyasının dəstəyi, aidiyyəti dövlət qurumları, şirkət və fermerlərin birgə səyi nəticəsində respublika üzrə kondisiya çəkidə 90 min tona yaxın, o cümlədən cəmiyyətimiz üzrə 57 min 300 ton xam pambıq tədarük edilmişdi.Tədarük edilmiş xam pambıqdan 55 min 622 ton artıq emal olunub, 21 min 598 ton mahlıc, 26 min 376 ton çiyid, 803 ton köməkçi məhsullar alınıb. Bundan əlavə, cəmiyyətin istehsal müəssisələrində pambıq ipliyi, rafinə pambıq yağı və jmıx istehsal olunur.2016-cı il mövsümü üzrə istehsal olunan məhsullardan yerli istehsal tələbatı daxil olmaqla, 22,5 milyon ABŞ dolları dəyərində mal satılıb ki, bunun da 16,4 milyon ABŞ dolları ixracın payına düşür. Hazırda məhsulların istehsal və satılması prosesi davam edir.Möhtərəm cənab Prezident, pambıqçılara göstərdiyiniz qayğı və diqqət bu gün öz bəhrəsini verməkdədir. Belə ki, pambıq əkininə ayrılan subsidiyalar, gübrə və pestisidlərə tətbiq olunan güzəştlər, Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” ASC vasitəsilə gətirilən texnikaların güzəştli şərtlərlə satılması, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan güzəştli kreditlər sahənin inkişafına bilavasitə müsbət təsirini göstərir.Cari mövsümdə cəmiyyət tərəfindən 814 hektar buğda, 1166 hektar arpa əkilib, soya əkini üçün 6 min 500 hektar və pambıq əkini üçün hədəf olaraq 70 min hektar nəzərdə tutulur. Bu məqsədlə 10 min 800 pambıqçı fermerlə müqavilə bağlanılıb, 68 min hektar sahədə şum aparılıb, 30 min hektar sahədə arat edilib, fermerlərə 2 milyon manat avans verilib və pambıq səpininə hazırlıq işlərinə başlanılıb.Rayonlar üzrə əməliyyat planı və aqrotexniki xəritələr hazırlanıb. 1500 ton lifli, 1100 ton lifsiz yüksək reproduksiyalı pambıq toxumu tədarük edilib və tələbat tam ödənilib. 10 min ton ammonium-nitrat, 1495 ton AFK, 536 ton ammofos gübrəsi tədarük edilib, əlavə olaraq 7 min 500 ton ammonium-nitrat və 670 ton bitki mühafizə vasitələri sifariş olunub. Proses davam edir.“MKT İstehsalat Kommersiya” MMC hazırda 2 min 995 ədəd texnika, o cümlədən 108 kombayn, 387 traktor, 2 min 500 ədəd müxtəlif təyinatlı qoşqular vasitəsilə fermerlərə xidmət göstərməkdədir. Bundan əlavə, cəmiyyət tərəfindən “Aqrolizinq” ASC-yə 2 min 750 ədəd texnika sifariş edilib.Xam pambığın 15 qəbul məntəqəsində tədarük, 12 pambıqtəmizləmə zavodunda emal edilməsi planlaşdırılır. Məntəqə və zavodların əsaslı və cari təmirinə başlanılıb.İmişlidə yeni pambıqtəmizləmə və Şirvanda yağ istehsalı zavodlarının qurulması nəzərdə tutulur. İmişlidə 6 min hektar sahədə müasir suvarma sistemlərinin qurulması istiqamətində iş aparılır. Bu məqsədlə İqtisadiyyat Nazirliyinin SKMF tərəfindən 5 milyon manat dövlətin güzəştli krediti ayrılıb və cari ildə pambıqçılığın inkişafı üçün əlavə 5 milyon manat güzəştli kreditin verilməsi planlaşdırılır.Qeyd etmək istərdik ki, bu vaxta qədər pivot tətbiqli müasir təsərrüfatların yaradılması məqsədilə İqtisadiyyat Nazirliyinin SKMF tərəfindən ayrılmış 23 milyon manat güzəştli kreditlərdən istifadə edilib.Cari mövsümdə “MKT İstehsalat Kommersiya” MMC tərəfindən sahələrdən 140 min ton xam pambığın toplanması gözlənilir. Tədarük ediləcək xam pambığın emalından 53 min 200 ton mahlıc, 70 min ton çiyid, 2 min 100 ton köməkçi məhsullar, çiyidin emalından isə 8 min ton rafinə edilmiş yağ və 48 min ton jmıx alınması proqnozlaşdırılır.Hörmətli cənab Prezident, ölkəmizin bütün pambıqçıları, o cümlədən çoxsaylı kollektivimiz adından bizə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə təşəkkür edir və Zati-alilərinizi əmin edirik ki, qarşıya qoyduğunuz bütün tapşırıqların tez bir zamanda və keyfiyyətlə həyata keçirilməsi üçün bütün səylərimizi bundan sonra da səfərbər edəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif ABDULLAYEV çıxış edərək dedi:
-Respublikamızda sosial-iqtisadi inkişafla bağlı aparılan uğurlu siyasət, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə edilməklə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, yeni iş yerlərinin yaradılması, ən başlıcası isə insanların həyat şəraitinin yaxşılaşdırılması sahəsində qarşıya qoyduğunuz vəzifələr ali məqsədlərə xidmət edir və bu baxımdan bugünkü müşavirə çox böyük önəm daşıyır.Cənab Prezident, Sizin pambıqçılığın yenidən inkişaf etdirilməsi ilə bağlı verdiyiniz tapşırıqlar biz beyləqanlıların ürəyincə oldu. İnsanlarımız qarşıya qoyulan vəzifələrin məsuliyyətini dərindən dərk edir, göstərilən qayğını, etimadı yüksək qiymətləndirirlər. Tapşırığınızın icrasını təmin etmək məqsədilə icra hakimiyyətinin təşkilatçılığı ilə rayonda bütün qüvvələr səfərbər olunub, icra nümayəndələri və bələdiyyə orqanları, keçmiş təsərrüfat işçiləri bu işə cəlb edilib, pambıq əkini ilə məşğul olan şirkətlərlə əlaqəli iş qurulub, onların təklifləri dinlənilib. Nəticədə 2016-cı ildə rayon üzrə ötən illə müqayisədə 1,9 dəfə artıq, yəni 3958 hektar sahədə pambıq əkilib. Əkinin gec başlanması və əlverişsiz hava şəraitinə baxmayaraq, hər hektardan orta hesabla 20 sentner məhsul yığılıb.Pambıq sahələrinin əkilib-becərilməsində və məhsulun toplanmasında rayonun 7900-dən çox sakini işlə təmin edilib və onlar 4,8 milyon manatdan çox qazanc əldə ediblər. Bundan əlavə, Sizin sərəncamınız əsasında onlara 787 min manat subsidiya verilib. Bu da adambaşına orta hesabla 100 manat təşkil etməklə insanların məşğulluğu üçün çox əhəmiyyətlidir.Cənab Prezident, Siz yaxşı bilirsiniz ki, Beyləqan rayonu sovetlər dövründə respublikanın ən iri pambıqçılıq rayonlarından biri olub. Ulu Öndər 1969-1980-ci illərdə Beyləqan rayonuna çoxsaylı səfərlər edib, zəhmət adamları ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb, beyləqanlıları halal zəhmətlə yaşayan əməksevər insanlar adlandırıb. 1980-ci ildə rayonumuzda 80,3 min ton pambıq istehsal olunmuşdu, bu da respublika göstəricisinin təxminən 10 faizini təşkil edirdi.Rayon ərazisində pambıq istehsalı ilə məşğul olan “MKT İK” və “CTS AQRO” MMC-nin pambıq emalı zavodu fəaliyyət göstərir. Həmin müəssisələr pambığın əkilib-becərilməsi üçün torpaq mülkiyyətçiləri ilə qabaqcadan müqavilə bağlamaqla, müəyyən edilmiş qaydada onlara hektara uyğun olaraq kredit formasında vəsaitlərin ayrılmasını vaxtında təmin ediblər.
Pambığın becərilməsində əvvəllər texnika çatışmazlığı olsa da, Sizin tapşırığınıza əsasən “Aqrolizinq” vasitəsilə rayonumuza texnikalar gətirildi, əkin prosesində olan problemlər aradan qaldırıldı.Cənab Prezident, Sizin ötən il noyabr ayının 12-də Beyləqana səfəriniz zamanı innovativ texnologiyalara əsaslanaraq rayonumuzda yaradılan “Qarabağ-Taxıl” MMC-nin təsərrüfatlarında soya və qarğıdalı əkinlərinə baxış keçirməniz, təşkilatımızın üzvləri ilə görüşünüz kənd və qəsəbələrimizə yeni nəfəs gətirib, kənd zəhmətkeşlərində böyük coşqu və yüksək əhval-ruhiyyə yaradıb.Digər kənd təsərrüfatı məhsulları istehsalının azalmasına yol verilmədən rayonumuzda bu il 8500 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur ki, bu da ötən illə müqayisədə 4500 hektar çoxdur. Pambıq əkilən torpaqların hamısı suvarılan torpaqlardır. Həmin sahələrin 2223 hektarı dövlət fonduna, 1056 hektarı bələdiyyə fonduna, 1060 hektarı qış otlaqlarına, 4161 hektarı isə xüsusi mülkiyyətə aid olan torpaqlardır. Bu il pambıq əkiləcək torpaqların böyük əksəriyyətinin xüsusi mülkiyyətdə olması onu göstərir ki, insanların bu sahəyə marağı böyükdür və birbaşa onların güzəranının yaxşılaşdırılmasına xidmət edəcək. Eyni zamanda, cari ildə pambıqçılığın inkişafı ilə əlaqədar rayonumuzda 19 mindən çox yeni iş yeri açılacaq.Artıq gələcək əkinlər üçün hazırlıq işlərinə başlanılıb, sahələrdə şum və arat işləri aparılıb, səpinqabağı mala çəkilməsi işləri davam etdirilir. Bu il əkinin vaxtında aparılması, görülən hazırlıq işləri, pambıqçılığa marağın artması bizə ümid verir ki, cari ildə orta hesabla hər hektardan azı 20-25 sentner pambıq götürək.Rayonumuzda kənd təsərrüfatının dinamik inkişafını təmin etmək məqsədilə növbəli əkin sistemi tətbiq olunur. Növbəli əkində pambığa, taxıla və soyaya daha geniş yer verilir. Bu da fermerlər üçün sərbəst seçim şəraiti yaradır, həm də yüksək məhsuldarlıq əldə olunmasına kömək edir. Ən vacibi isə bunlar sakinlərimizin məşğulluğunu, eyni zamanda, gəlirlərini artıracaq, güzəranlarını yaxşılaşdıracaq.Möhtərəm cənab Prezident, qarşıya qoyduğunuz vəzifələr şərəfli olduğu qədər də məsuliyyətlidir. Bu, hər kəsdən yeni yollar aramağı, öz işində dönüş yaratmağı tələb edir. Rayon əməkçiləri adından Sizi əmin edirəm ki, kənd təsərrüfatı sahəsində yüksək məhsul istehsalına nail olacaq, əhalinin məşğulluğunu təmin edəcək və qarşımıza qoyduğunuz bütün vəzifələri sona qədər uğurla yerinə yetirəcəyik.
Diqqətinizə görə çox sağ olun.
X X X
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İSAYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident!
Dünyada iqtisadi böhranın yaşandığı, ölkəmizin yaxın ətrafında qanlı toqquşmaların baş verdiyi indiki dövrdə Sizin müdrik siyasətiniz nəticəsində xalqımızın dinc həyatı, ölkə iqtisadiyyatının inkişafı təmin edilib.Bu gün Sizin böyük uzaqgörənliklə irəli sürdüyünüz qeyri-neft sektorunu, o cümlədən kənd təsərrüfatını inkişaf etdirmək konsepsiyası sahibkarlığın güclənməsinə, ölkənin ərzaq təhlükəsizliyinə, yeni iş yerlərinin yaradılması və beləliklə, insanların həyat şəraitinin yaxşılaşdırılması kimi ali məqsədlərə xidmət edir.Əvvəl Sabirabadda, bu gün isə Saatlıda keçirilən bu müşavirə Ulu Öndərin xalqın, dövlətin mənafelərinə xidmət edən ənənələrini dönmədən davam etdirdiyinizi, onun siyasi kursuna sədaqətimizi göstərməklə yanaşı, uzun illər əli torpaqdan soyumuş kənd adamlarının özünə, dövlətə, cənab Prezident, Sizə olan inamını bir daha artırır. Məhz bu inamın nəticəsidir ki, respublikamızın hər yerində olduğu kimi, Bərdə rayonu da kənd təsərrüfatında yeni inkişaf dövrünü yaşayır. Xüsusilə, pambıqçılıqda çox böyük ənənələri olan Bərdədə bu sahənin inkişafının daha geniş vüsət alması üçün bütün qüvvələr səfərbər edilib.Cənab Prezident, aqrar sahədə dönüş ili kimi yaddaqalan 2016-cı ildə kənd təsərrüfatının digər sahələri ilə yanaşı, Sizin təsdiq etdiyiniz yol xəritəsinə uyğun olaraq, rayonda pambıqçılıq və baramaçılığın inkişafına ciddi önəm verilib.Digər kənd təsərrüfatı məhsulları istehsalının azalmasına yol verilmədən ötən təsərrüfat ilində rayonda 2015-ci ildəkindən 2,6 dəfə çox – 3300 hektar sahədə pambıq əkilib. Sizin hər hektardan azı 20 sentner məhsuldarlığa nail olunması barədə təklifinizə pambıqçılarımız böyük məsuliyyətlə yanaşıb, əkinin gecikməsinə, havaların əlverişsiz keçməsinə, müəyyən texnika çatışmazlığına baxmayaraq, ötən mövsümdə rayonda hər hektardan orta hesabla 23 sentnerdən yuxarı – 7 min ton kondisiya çəkidə pambıq istehsal olunub.Pambıqçılığın inkişafı sahəsində görülmüş tədbirlər nəticəsində 2015-ci ilə nisbətən 2016-cı ildə rayonda kənd təsərrüfatı məhsulu istehsalının həcmi 5,8 faiz artaraq 156,4 milyon manata çatıb.Cənab Prezident, icazənizlə, bir faktı qeyd edim. Bildiyiniz kimi, ötən il havalar yağmurlu keçdiyindən yığım mövsümündə ay yarım sahələrə girmək mümkün olmadı. Ancaq buna baxmayaraq, yanvar ayının 15-dək, pambıqçıların dili ilə desək, pambıq son qozasına qədər yığılıb təhvil verildi. Bu, pambıqçılıq tarixində bəlkə də ilk belə hadisə idi. Pambıqçılıqla məşğul olan 22 rayonun hər birində belə olub. Budur, cənab Prezident, göstərdiyiniz yolun düzgünlüyünə, son nəticəyə inam və məsuliyyət.Pambıqçılığın inkişaf etdirilməsi hesabına keçən il 5500 nəfər işlə təmin olunub, sakinlərimiz 4,5 milyon manatdan çox qazanc əldə ediblər. Bundan əlavə, Sizin sərəncamınız əsasında onlara 700 min manat subsidiya verilib.Sevindirici haldır ki, vaxtilə iş dalınca şəhərlərə üz tutmuş minə yaxın gənc pambıqçılıqda yeni iş yerləri açıldığından kəndə, öz ailələrinə qayıdıblar. İcazə verin, bu ailələrin də minnətdarlığını Sizə çatdırım.Cənab Prezident, ötən müşavirədəki tapşırığınıza uyğun olaraq, 2017-ci ildə rayonda 2016-cı ildəkindən 2,8 dəfə çox, yəni yüksək münbitliyi olan 8510 hektar sahədə pambıq əkilməsi planlaşdırılıb və artıq 1455 nəfər istehsalçı ilə müqavilə bağlanıb. Pambıq əkiləcək həmin sahələrdə şum və arat işləri tam başa çatdırılıb və hazırda səpinə hazırlıq işləri gedir.Cari ildə pambıqçılığın inkişafı sayəsində rayonda 20 minə yaxın yeni iş yeri açılacaq.Bu il daha münbit torpaqların əkilməsi, əkinə optimal müddətdə başlanılması, görülən hazırlıq işləri, ötən ilin təcrübəsi, ən başlıcası isə pambıqçılığa olan maraq onu deməyə əsas verir ki, cari ildə orta hesabla hər hektardan azı 20-25 sentner pambıq götürmək mümkündür.Cənab Prezident, danılmaz həqiqətdir ki, kənd təsərrüfatında, xüsusilə pambıqçılıqda əvvəlki infrastrukturun dağılması və bu gün yeni texnologiyanın tətbiq olunması bu sahədə ixtisaslı peşə sahiblərinə çox böyük tələbat yaradıb. Ötən təsərrüfat ilində ixtisaslı çilingər, mexanizator və sair peşə sahiblərinə ehtiyac olduğunu gördük.Son dövrlər aqrar sahədə, xüsusilə pambıqçılıqda olan bu sıçrayış yerlərdə digər sahələrin inkişafı ilə yanaşı, gənclərin texniki peşələrə marağını da artırıb. Bərdə Texniki Peşə Liseyinə təkcə geniş profilli traktorçu-maşınçı ixtisası üzrə keçən il əvvəlki illərdəki 15-20 nəfər əvəzinə 40 nəfər tələbə qəbul olunub, bu ilə isə həmin ixtisas üzrə qəbul proqnozunda 80 nəfər nəzərdə tutulub.Cənab Prezident, rayonda pambıqçılığın genişləndirilməsi ilə yanaşı, tapşırıq və tövsiyələrinizə uyğun olaraq, digər strateji əhəmiyyətli bitkilərin əkin sahələri azalmayıb, əksinə, torpaqların əkin dövriyyəsinə cəlb edilməsi hesabına bir qədər də artıb. Cari ildə 2016-cı ildəkindən 1500 hektar çox dənli bitkilər əkilib. Bu il rayonda əlavə olaraq iki min hektar şəkər çuğunduru əkilməsi və iki min hektar da Qarabağ Aqrar Sənaye Parkına verilməsi üçün torpaq sahəsi ayrılıb.Zati-aliləri, icazə verin, Sizin rəhbərliyinizlə qurub-yaratmaq əzmi ilə yaşayan bərdəlilər adından Sizi əmin edim ki, tapşırığınıza uyğun olaraq, bundan sonra da rayonda aqrar sahənin inkişafı, xüsusilə pambıq istehsalının artırılması üçün bütün qüvvələrimizi səfərbər edəcək, rayonun pambıqçılıqda Ulu Öndər dövründəki şan-şöhrətinin geri qaytarılması üçün var qüvvə ilə çalışacağıq.
Sağ olun.
X X X
“CTS Aqro” MMC-nin baş direktor əvəzi Arif İBRAHİMOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli müşavirə iştirakçıları.
Bu gün kənd təsərrüfatının çox mühüm sahələrindən biri olan pambıqçılığın inkişafına diqqət və vaxt ayırdığınıza görə pambıq istehsalçıları adından Sizə minnətdarlığımızı bildiririk.
Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi, vitse-prezidentlik institutunun yaradılması, ölkə daxilində və beynəlxalq aləmdə böyük nüfuza malik Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması bütün ölkə vətəndaşları kimi, bizim kollektivin üzvləri tərəfindən də bəyənilir və hər birimizi yeni uğurlara həvəsləndirir.
Cənab Prezident, Siz 2017-ci il yanvarın 26-da keçirilən “2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda qeyd etmişdiniz ki, hər il “Kənd Təsərrüfatı İli” olmalıdır. Eyni zamanda, vurguladığınız kimi, “Biz pambıqçılıqla daha ciddi məşğul olmalıyıq, çünki bu, həm insanları işə cəlb edir, həm də onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etməklə ölkəyə valyuta gətirən əsas strateji məhsullardan biridir”.
Ölkədə pambıqçılığın inkişafını təmin etmək məqsədilə “CTS Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2016-cı il mövsümündə Saatlı rayonu da daxil olmaqla, respublikanın 18 rayonunda 17 min 353 hektarda, o cümlədən 2 min 796 hektarı Cəmiyyət torpaqlarında, 14 min 556 hektarı isə 1 254 fermerlə bağlanmış müqavilələr əsasında pambıq əkilib. Pambığın əkilib becərilməsinə görə fermerlərə “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin vəsaitləri hesabına 4,9 milyon manat, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2,3 milyon manat kredit, “CTS Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən isə 1,5 milyon manat məbləğində vəsait ayrılaraq texnikalara xidmət göstərilib və mal-materialların alınması təmin edilib. 2016-cı ildə havaların əlverişsiz keçməsinə baxmayaraq, fiziki çəkidə 34,3 min ton, kondisiya çəkidə isə 29 min ton xam pambıq tədarük edilib ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur.
Hesablamalara görə, tədarük edilmiş 29 min ton xam pambığın emalından alınacaq məhsulların satışından təxminən 17,3 milyon ABŞ dolları və 3,6 milyon manat əldə ediləcək. Bu günədək satılmış məhsul müqabilində Cəmiyyətin hesabına 7,6 milyon ABŞ dolları və 2,2 milyon manat vəsait daxil olub.
Cəmiyyətin tabeliyində 6 pambıq emalı zavodu, 6 pambıq tədarükü məntəqəsi, Biləsuvar Təcrübə-Sınaq Təsərrüfatı və Şirvan pambıq emalı zavodunda yerləşən yağ emalı sexi fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, Biləsuvar Təcrübə-Sınaq Təsərrüfatında 2 min 227 hektar sahə müasir tələblərə cavab verən pivot qurğularından ibarət suvarma sistemi ilə təmin edilib ki, bu da yüksək məhsuldarlıq əldə etməyə imkan yaradır.
Bu günədək “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 814 fermerə 8,4 milyon manat kredit verilib, Cəmiyyət tərəfindən isə 183 min manat dəyərində texnikalarla xidmət işləri və mal-materialların alınması təmin olunub. Hazırda 2500-dən artıq fermer tərəfindən 26 min 094 hektar sahədə pambıq əkini ilə əlaqədar müraciətlər daxil olub, Cəmiyyətin öz torpaqları ilə birlikdə 27 min 345 hektarda şum, 14 min 435 hektarda arat və 4760 hektarda mala işləri aparılıb.
Fermerlərin toxumluq çiyidə olan tələbatının 380 tonu daxili imkanlar hesabına lifli çiyidlə, 520 tonu isə xaricdən alınan lifsiz toxumla təmin olunacaq. Qeyd etmək lazımdır ki, lifsiz toxumluq çiyidin 515 tonu qardaş Türkiyə Respublikasından, 5 tonu isə Yunanıstandan alınıb.
Möhtərəm cənab Prezident, görülən tədbirlər sayəsində 2017-ci ildə 28 min hektar sahədə pambıq yetişdirilməsi nəzərdə tutulur ki, bu da 30 min nəfərə yaxın insanı işlə təmin edəcək. Bu işlərin aparılması üçün 60 milyon manatdan çox vəsait tələb olunur ki, bunun da 11 milyon manatını Cəmiyyət öz vəsaiti hesabına, 49 milyon manatını kredit hesabına təmin edəcək. Kreditləşmənin bir hissəsini “Aqrarkredit” QSC-nin, qalan hissəsinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulur.
Cəmiyyətin mülkiyyətində 843 ədəd müxtəlif kənd təsərrüfatı texnikası var. Lakin pambıq əkini sahələrinin artması ilə əlaqədar “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə keçən il 254 ədəd yeni texnika alınıb, bu il isə daha 545 ədəd yeni, müasir müxtəlif kənd təsərrüfatı texnikasının alınması barədə sifariş verilib.
Pambığın becərilməsində istifadə ediləcək kimyəvi preparatlar isə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə güzəştli qiymətlərlə ammonium-nitrat və fosfor gübrələrinə olan tələbat müəyyənləşdirilərək sifarişlər verilib.
Sizin 2016-cı il sentyabrın 22-də imzaladığınız pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında Sərəncamınıza əsasən, hər ton xam pambığa görə istehsalçılara 100 manat subsidiya verilməsi göstərişinizdən sonra əməktutumlu sahə olan pambıqçılığa fermerlərin marağı daha da artıb və ölkədə pambıqçılıq yüksələn xətlə inkişaf edir. Qeyd etmək lazımdır ki, həmin Sərəncamın icrası olaraq, ümumilikdə bizim Cəmiyyət üzrə təhvil verdikləri 25 min ton xam pambığa görə fermerlərə 2,5 milyon manat subsidiya vəsaiti ayrılıb.
Fürsətdən istifadə edərək, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə pambıq istehsalına göstərdikləri köməyə və dəstəyə görə minnətdarlığımızı bildiririk.
Cənab Prezident, ölkədə pambıqçılığın daha da inkişaf etdirilməsi məqsədilə aşağıdakı məsələlərin həllinə kömək göstərməyinizi xahiş edirik:
-pambıq əkini üçün münbit-massiv torpaq sahələrinin ayrılması və meliorativ tədbirlərin genişləndirilməsi;
-pambıqçılıqda sənaye əsaslı toxumçuluğun yaradılması;
-ölkə daxilində emal müəssisələrinə satılan pambıq mahlıcının ƏDV-dən azad olunması;
-kənd təsərrüfatı sahələrinin risklərdən müdafiəsi məqsədilə xüsusi Kənd Təsərrüfatı Sığorta Fondunun yaradılması.
Sizi əmin edirik ki, 2017-ci ili uğurla başa vuraraq “Ağ qızıl”ın şöhrətinin özünə qaytarılması üçün səylərimizi əsirgəməyəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim MƏMMƏDOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Tərtər torpağı çox məhsuldar və bərəkətlidir. Həm torpağın xüsusiyyətləri, həm də rayonumuzun iqlim şəraiti pambıq əkini üçün əlverişlidir. Yazın gəlişi, təbiətin oyanışı ilə əlaqədar insanlar cari ildə də qarşımızda qoyduğunuz vəzifələrin yerinə yetirilməsinə həvəslə başlayıblar.
Böyük pambıqçılıq ənənəsinə malik olan Tərtərdə 1983-cü ildə 11 min hektar sahədə 43 min ton ağ qızıl yetişdirilmişdi. Həmin dövrdə ulu öndər Heydər Əliyev bir neçə dəfə rayonumuzda olmuş, əməkçilərlə pambıq sahəsində görüşmüş, onların problemləri ilə maraqlanmışdı. Sahələrin fasiləsiz suvarma suyu ilə təmin edilməsi üçün Ulu Öndərin tapşırığı ilə “Sərsəng” və “Madagiz” su anbarları inşa olunmuşdu ki, bu da rayonumuzda pambıqçılığın inkişafına böyük təkan vermişdi. Bu su anbarları əhalinin həm məşğulluq problemini həll edir, həm də maddi rifah halının yüksəldilməsində mühüm rol oynayırdı. Vaxtilə Tərtərdə bu sahədə adları tarixə düşən əmək qəhrəmanları yetişmiş, onlardan 5-i Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. Lakin ötən əsrin 90-cı illərinin əvvəllərində vəziyyət tamamilə dəyişdi. Bunun əsas səbəblərindən biri erməni qəsbkarlarının “Sərsəng” və “Madagiz” su anbarlarını işğal etməsi nəticəsində rayonda ciddi su qıtlığının yaranması oldu. Sovet dönəmindən qalmış texnika tədricən yararsız hala düşdü və pambıqçılıqda əl əməyi artdı. Kiçik torpaq sahibkarları aqrotexniki tədbirlərə vaxtında əməl edə bilmədilər.
Hazırda həmin su mənbələri işğal altında olsa da, Sizin tərtərlilərə göstərdiyiniz xüsusi qayğı nəticəsində təkcə son 4 ildə rayonumuzda əkin sahələrinin suvarma suyuna olan tələbatını ödəmək məqsədilə 46 subartezian quyusu qazılıb, 15 subartezian quyusu isə bu il istifadəyə veriləcək.
Pambıqçılığın inkişafına dair tapşırığınıza uyğun olaraq, 2016-cı ildə vaxtın azlığına və əlverişsiz hava şəraitinə baxmayaraq, 1035 hektar sahədə pambıq əkilib və hər hektardan 22,5 sentner olmaqla, 2334 ton məhsul toplanıb. Bu da 2015-ci illə müqayisədə 3 dəfə çoxdur. 2016-cı ildə rayonda pambığın becərilməsinə və yığılmasına 200 nəfər daimi, 2 min nəfər isə mövsümü işə cəlb olunub. 2016-cı ilin aprel hadisələrinə baxmayaraq, torpaqdan ayrılmayan sakinlərimiz Vətəni qorumaqla bərabər, bol məhsul yetişdirib və torpağın əsil sahibinin kim olduğunu mənfur ermənilərə göstəriblər. Necə deyərlər, torpağı qorumasan əkib-becərməyə, əkib-becərməsən isə qorumağa dəyməz. Bu gün Siz həmin torpaqları qarış-qarış geri alırsınız.
Möhtərəm cənab Prezident, ötən il aprel hadisələri zamanı, ən ağır anlarda Sizin və birinci xanım Mehriban Əliyevanın rayonumuza səfərləriniz, təmas xətti ilə 200 metrlik məsafədə yerləşən Qapanlı kəndində dağılan evlərə baxış keçirməyiniz, kənd sakinləri ilə görüşünüz və səmimi söhbətləriniz bir daha göstərdi ki, xalqın arxasında dağ kimi duran və qayğılarını çəkən Prezidenti var. Səfərdən dərhal sonra müharibədən zərər çəkmiş evlərin bərpası üçün Prezidentin ehtiyat fondundan vəsait ayırmağınız bunun bariz nümunəsidir. Bərpa işlərinin qısa müddətdə başa çatması və hər cür şəraitə malik evlərlə təmin olunmaları sakinlərimizin böyük sevincinə səbəb oldu.
Elə bu ovqatla da cari ildə kənd təsərrüfatının bütün sahələrində, xüsusən pambıqçılıqda daha yüksək göstəricilərə nail olmaq məqsədilə yaz-tarla işlərinə başlamışıq. Pambıq istehsalçılarına subsidiyanın verilməsi, pambığın alış qiymətinin artırılması, texnika çatışmazlığının aradan qaldırılması pambıqçılığa münasibəti köklü şəkildə dəyişib. Bu diqqət və qayğınızdan ruhlanan sakinlərimiz 2017-ci ildə 3 min hektarda pambıq əkilməsinə hazırlıq görüblər. Pambıq əkilməsi nəzərdə tutulan sahələr müəyyənləşdirilib, xəritəsi hazırlanıb, vaxtında şum və qış aratı aparılıb.
Sahələr səpin üçün tam hazır vəziyyətdədir. Ərazidə fəaliyyət göstərən “MKT Qarabağ” və “CTS Aqro” MMC şirkətləri 790 nəfər mülkiyyətçi ilə müqavilə bağlayıb. Pambıqçılarımız bu il 3 min hektar sahədən 7 min ton pambıq istehsal etməyi qarşıya məqsəd qoyublar. Bu da 6 min nəfər üçün iş yeri və 4,2 milyon manat gəlir deməkdir. Pambıqçılığın keçmiş şöhrətinin geri qaytarılması, insanların məşğulluğunun təmin olunması və müasir Azərbaycan kəndinin yeni firavan həyatı deməkdir.
Məlumat üçün bildirmək istəyirəm ki, 2016-cı ildə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 46,4 faiz artaraq 181,6 milyon manat, əhalinin gəlirləri 7,6 faiz artaraq 205,5 milyon manat, əhalinin hər nəfərinə düşən gəlirlər 6,6 faiz artaraq 2575,7 manat, kənd təsərrüfatı məhsullarının həcmi 8,2 faiz artaraq 49,8 milyon manat olub.
Möhtərəm cənab Prezident, çıxışımın sonunda Sizi Tərtər sakinləri adından bir daha əmin etmək istəyirəm ki, düşmənlə üz-üzə mərdliklə dayanan tərtərlilər əmək cəbhəsində də bütün tapşırıqlarınızı layiqincə yerinə yetirəcəklər.
Diqqətinizə görə çox sağ olun.
X X X
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd ƏHMƏDZADƏ çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş respublika müşavirələrinin səfərbərlik və böyük yüksəliş yaradan, bol məhsul istehsalını təmin edən müsbət nəticələri Sizin 2016-cı ildə kənd təsərrüfatı, xüsusilə pambıqçılıq sahəsində dönüş ili olması barədə tapşırığınıza əsasən, vaxtın azlığına, toxum, gübrə, pestisitlər, texnika sahəsində olan çətinliklərə, əlverişsiz hava şəraitinə baxmayaraq, yüksək məhsul istehsalına nail olunması belə müşavirələrin əhəmiyyətini bir daha təsdiqləyir və bizim hamımızı qarşıya qoyulmuş vəzifələrin həllinə səfərbər edir.
Ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılması, əkin sahələrinin dövriyyəyə verilməsi, normal suvarmanın təmin olunması, xüsusilə pambıqçılıq, taxılçılıq, tütünçülük, üzümçülük, baramaçılıq və heyvandarlığın inkişaf etdirilməsi üçün qarşımızda qoyduğunuz mühüm vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsi məqsədilə səhmdar cəmiyyət tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir.
Möhtərəm cənab Prezident, ötən il 51 min hektar sahədə pambıq əkilib. Bu sahələrin 29 min hektarı suvarma şəbəkəsi olan suvarılan torpaqlar, 23 min hektarı isə əvvəllər əkin altında qismən istifadə olunmuş dövlət fond və bələdiyyə torpaqları olub. Görülmüş tədbirlər nəticəsində bu sahələr suvarma suyu ilə təmin olunub, su təminatında çətinliklər olmayıb və yüksək məhsul əldə edilib.
“2017-ci ildə pambıq istehsalının təşkili ilə bağlı Tədbirlər Planı”na əsasən, pambıq əkiləcək sahələr, onların su təminatı və meliorativ vəziyyəti müəyyənləşdirilib. Məlumat üçün bildiririk ki, pambıq əkini nəzərdə tutulan rayonların ümumi suvarılan sahələri 908 min hektar (ondan 541 min hektarı meliorasiya olunmuş sahələr), o cümlədən əkin sahələri 750 min hektar təşkil edir. Etibarlı su mənbəyi ilə təmin olunmuş bu torpaqlardan səmərəli istifadə etməklə pambıq istehsalının artırılması mümkündür.
Yerli icra hakimiyyəti strukturları ilə dəqiqləşdirilmiş məlumatlara əsasən, respublikanın 25 rayonu üzrə təxminən 136 min hektar sahədə pambıq əkini nəzərdə tutulur. Bu sahələrin 39 min hektarı dövlət fondu, 26 min hektarı bələdiyyə və yerdə qalanı isə pay torpaqlarıdır. Hazırda bu sahələrin 116 min hektarında şum və 55 min hektarında arat aparılıb.
Səhmdar cəmiyyətin bütün torpaqqazan texnikaları (1642 ədəd) suvarma və kollektor-drenaj şəbəkələri üzərinə köçürülüb, şəbəkələrin lildən təmizlənməsi üzrə plan-qrafik tərtib edilib, işlərin icrası ciddi nəzarətə götürülüb. Suvarmaya hazırlıq məqsədilə pambıqçılıq rayonlarında 4561 kilometr suvarma kanalları, 460 kilometr kollektor-drenaj şəbəkəsi lildən təmizlənib, suvarma kanalları üzərində 500-dən artıq hidrotexniki qurğu təmir edilib.
Möhtərəm cənab Prezident, Sizin tapşırıqlarınızın icrası olaraq, Yuxarı Mil və Neftçala kanallarında tikinti işlərini cari ildə davam etdirməklə Ağcabədi rayonunda 2700 hektar və Neftçala rayonunda 4300 hektar yeni suvarılan torpaq sahələrinə suvarma suyunun çatdırılması təmin ediləcək. Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı kəndlərinin 2 min hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 2017-ci ildə Kür çayı üzərində nasos stansiyasında hidrotexniki avadanlıqların quraşdırılması və “H” kanalının tikintisi işləri davam etdirilərək may ayının 1-dək əkin sahələrinin bir hissəsinə suvarma suyunun verilməsi təmin olunacaq.
Saatlı, İmişli və Biləsuvar rayonlarında yerləşən təxminən 40 min hektar qış otlaq sahələrində yaradılacaq iri təsərrüfatların suvarma suyu ilə təmin edilməsi üçün Araz çayının yeni qolunun inşa olunmuş hissəsinin davamı olaraq, suburaxma qabiliyyəti 35 kubmetr/saniyə olan 54,2 kilometr uzunluğunda kanalın tikintisi üzrə layihə sənədləri hazırlanıb və artıq işə başlanılıb.
Goranboy və Samux rayonları ərazisində yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi layihəsi üzrə Şəmkir maşın kanalından Goranboy və Samux rayonlarında 4500 hektar əkin sahələrinə 4 kubmetr/saniyə suyun verilməsi məqsədilə layihə işləri həyata keçirilib və işlərə başlanılıb.
Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi üzrə Dünya Bankının krediti və Azərbaycan Hökumətinin payı üçün ayrılmış vəsait hesabına Ağcabədi, Goranboy, İmişli, Saatlı və Beyləqan rayonlarında 13 min 836 hektar torpaq sahəsinin su təminatı və meliorativ vəziyyəti yaxşılaşdırılacaq.
Sizin müvafiq sərəncamlarınıza uyğun olaraq, pambıqçılıq rayonlarında 126 subartezian quyusu qazılıb, 11 quyuda isə qazma işləri mayın 1-dək başa çatdırılacaq. Əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə pambıqçılıq rayonlarının istismar idarələrinə 16 ədəd yeni torpaqqazan texnika, 25 ədəd müxtəlif nəqliyyat vasitəsi, 482 subartezian nasosu, 21 səyyar nasos stansiyası, 140 nasos, 171 elektrik mühərriki və digər avadanlıqlar ayrılıb.
2017-ci ildə rayon icra hakimiyyətlərinin təklifləri əsasında səhmdar cəmiyyətin layihə institutu tərəfindən Ağdaş (15 min 800 hektar), Salyan (5 min hektar), Kürdəmir (10 min 650 hektar), Hacıqabul (4 min 800 hektar), İmişli (3 min hektar) və Samux (2 min hektar) rayonlarının ümumilikdə 41 min 250 hektar sahələrinə suvarma suyunun çatdırılması üçün müvafiq meliorasiya tədbirlərinin aparılması üzrə layihə-smeta sənədləri hazırlanaraq rayon icra hakimiyyətlərinə təhvil verilib.
Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün istismar tədbirlərinə, elektrik enerjisi xərclərinin ödənilməsinə, xüsusi təyinatlı texnika, nasos və avadanlıqların alınmasına əlavə vəsaitin ayrılmasına kömək göstərilməsinə ehtiyac var.
Möhtərəm cənab Prezident, Sizi əmin edirik ki, səhmdar cəmiyyətin kollektivi qarşıya qoyulmuş vəzifələrin vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edərək daha səylə çalışacaq.
Diqqətinizə görə minnətdaram.
X X X
Prezident İlham Əliyevin yekun nitqi
-Bu il 22 rayonda pambıq əkiləcək. Mənə verilən son məlumata görə, əkin sahələri 136 min hektar olacaq. Rayonlar üzrə hektarların həcmi aşağıdakı kimidir. Mən istəyirəm bu rəqəmləri səsləndirim. Həm bunu ictimaiyyət, həm də zəhmətkeşlər bilsinlər ki, burada işləmək üçün çox böyük imkanlar yaranıb.
Ağcabədi rayonunda 8 min 800, Ağdamda 3 min, Ağdaşda 3 min, Ağsuda 2500, Beyləqanda 8 min 500, Bərdədə 8 min 500, Biləsuvarda 11 min, Cəlilabadda 500, Füzulidə 2 min, Goranboyda 5 min, Hacıqabulda 1200, İmişlidə 18 min, Kürdəmirdə 4 min, Neftçalada 10 min, Saatlıda 17 min 100, Sabirabadda 15 min, Salyanda 7 min, Samuxda 30, Tərtərdə 3 min, Ucarda 2500, Yevlaxda 2 minə yaxın, Zərdabda 3100 hektarda pambıq əkiləcək. Bu, yaxşı göstəricidir, keçən illə müqayisədə təxminən 3 dəfə çoxdur. Biz əlbəttə, çalışmalıyıq ki, növbəti illər üçün əkin sahələrini genişləndirək.
Orta məhsuldarlıq 20 sentner ətrafında gözlənilir. Əlbəttə ki, çox da ola bilər, az da. Misal üçün keçən il 17 sentner olub. Ancaq keçən il, əlbəttə ki, biz bir qədər vaxt itirdik. Eyni zamanda, hava şəraiti imkan vermədi. Burada qeyd olundu ki, hətta yanvar ayında pambıq yığılırdı. Ancaq kütləvi surətdə yığım dekabr ayına qədər davam edirdi. Bu il əlbəttə ki, bütün işlər vaxtında görülməlidir. Bütün hazırlıq işləri vaxtında və əsaslı görülüb. Səpinə artıq bu gün start verildi və yığım da əlbəttə ki, vaxtında aparılmalıdır. Əgər biz hektardan orta hesabla 20 sentner götürsək, bu, 270 min ton pambıq tədarükü deməkdir. Əgər biz 2015-ci ildə cəmi 35 min ton pambıq yığıldığını nəzərə alsaq, bu, qısa müddət ərzində çox böyük göstəricidir. Qısa müddət ərzində görülən işlər, bax, bu gözəl nəticəyə gətirib çıxarıb. Bu, onu göstərir ki, dövlət dəstəyi olan yerdə, işlər düzgün təşkil olunanda hər şeyi etmək mümkündür. Biz Azərbaycanda pambıqçılığı artıq demək olar ki, bərpa etmişik və bundan sonra gələcək illərdə ancaq inkişaf yolu ilə gedəcəyik.
Bütün tarlalarda zəhmətkeşlər üçün yaxşı şərait yaradılmalıdır. Əkin sahələri artdıqca, əlbəttə, bütün lazımi infrastruktur, tədbirlər, tarla düşərgələri, hər şey yüksək səviyyədə təşkil edilməlidir ki, zəhmətkeşlər razı qalsınlar.
Biz itkiləri həm tarlalarda, həm də ki, yollarda minimuma endirməliyik. Pambıq sahələrinə gedən yollar əsaslı təmir edilir. Ümumiyyətlə, ölkəmizdə kənd yollarının təmiri və tikintisi, yeni yolların salınması geniş vüsət alıb. Biz son illər ərzində bir çox layihələr həyata keçirmişik. Təkcə bu il 40-dan çox layihə icra edilir və bu layihələr yüzlərlə kəndi birləşdirən layihələrdir. Mən artıq giriş sözümdə qeyd etdim, Saatlı rayonunda bir kənd yolu layihəsi qalıb, o da icra olunandan sonra bir dənə də asfaltsız, təmirsiz kənd yolu qalmayacaq. Bütün rayonlarda da bu proqram icra edilir. Bu il və gələn il buna böyük vəsait ayrılıb və ayrılacaq. Burada biz kəndləri birləşdiririk. Bu, vətəndaşlar üçün böyük rahatlıq deməkdir. Eyni zamanda, biz əsas əkin sahələrinə də yollar çəkirik ki, itkilər az olsun, yanacaq sərfiyyatı aşağı düşsün, fermerlər öz məhsullarını bazarlara, ya da emal müəssisələrinə daha qısa müddət ərzində çatdıra bilsinlər.
Qəbul məntəqələrində və pambıqtəmizləmə zavodlarında fasiləsiz elektrik enerjisi təmin edilməlidir. Eyni zamanda, nasos stansiyalarına da fasiləsiz enerji verilməlidir. Bu gün Saatlıda açılışında iştirak etdiyim yeni yarımstansiyanın timsalında biz yeniləşən enerji təsərrüfatını görürük. Bütün bölgələrdə yarımstansiyalar tikilir, yeni xətlər çəkilir, dirəklər dəyişdirilir. Bir sözlə, fasiləsiz elektrik enerjisi həm əhaliyə, eyni zamanda, iqtisadiyyata lazımdır. Xüsusilə pambıqçılıq sahəsi üçün fasiləsiz elektrik enerjisi mühüm əhəmiyyət daşıyır. Keçən il bu işlər yaxşı səviyyədə görülüb, bu il də ən yüksək səviyyədə təmin edilməlidir.
Əkin sahələrinin genişlənməsini nəzərə alsaq, bu il pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunur və olunacaq. Keçən il bu rəqəm 64 min idi. Yəni, burada da iş üçün 3 dəfədən çox imkanlar yaranıb. Bu, əlbəttə ki, məşğulluğun artırılmasına, işsizliyin azalmasına gətirib çıxaracaq. İşləmək istəyən vətəndaşlar özləri üçün iş tapa biləcəklər.
Mən artıq qeyd etdim ki, keçən il pambığın qiyməti 9 qəpik artırıldı, 10 qəpik də subsidiya verilir. Bu, bir daha göstərir ki, dövlət bu sahəyə çox böyük əhəmiyyət verir. Eyni zamanda, onu göstərir ki, dövlət, ümumiyyətlə, fermerlərə öz dəstəyini əsirgəmir. Hesab edirəm ki, fermerlərimiz üçün yaradılmış şərait heç bir başqa ölkədə yoxdur. Bizim fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Həm investisiya, həm ixrac üçün təşviq mexanizmi artıq işə salınıb. Bu da fermerlərə əlavə stimul verir, onlar üçün əlavə imkanlar yaradır. İndi demək olar ki, bütün əsas kənd təsərrüfatı sahələri, o cümlədən pambıqçılıq üçün subsidiyalar verilir.
Güzəştli şərtlərlə gübrələr verilir. Fermerlər gübrənin qiymətinin cəmi 30 faizini ödəyirlər. Güzəştli şərtlərlə yanacaq və kreditlər verilir. Mən artıq qeyd etdim ki, iqtisadiyyatın real sektoruna 2 milyard manat ən aşağı faizlə kreditlər ayrılıbdır. Bu, əsasən bölgələrə gedən vəsaitdir. Metodik tövsiyələr verilir, kənd yolları, magistral yollar salınır. Yəni, bütün bu infrastruktur layihələri, bütün bunlar dövlət tərəfindən göstərilən dəstək və böyük maliyyə dəstəyidir. Bunu ona görə edirik ki, insanlar daha da yaxşı yaşasınlar, fermerlər, işləyən vətəndaşlar daha çox pul qazansınlar və onların yaşayış səviyyəsi artsın. Bu il ancaq pambıq becərən 22 rayonda 200 min yeni iş yeri açılıb və növbəti illərdə bu rəqəm daha da artacaq. Odur ki, bütün aidiyyəti qurumlar, ümumiyyətlə, bizim gələcəkdə əmək resurslarımızla bağlı olan siyasəti həm təhlil etməli, eyni zamanda, təkliflər verməlidirlər.
Mən artıq qeyd etdim ki, uğurlu iqtisadi siyasət, sabitlik, əmin-amanlıq nəticəsində Azərbaycanda əhali artır və artacaq. Biz gərək əmək resurslarımızdan səmərəli istifadə edək. Həm yeni iş yerlərinin yaradılması ilə bağlı tədbirlər görülür və eyni zamanda, yaradılacaq proqnozlaşdırılan iş yerləri ilə bağlı biz əmək resurslarını səfərbər etməliyik ki, burada həm boşluq, həm əmək resurslarının çatışmazlığı yaranmasın, eyni zamanda, işsizlik də artmasın. Ona görə burada çox düşünülmüş siyasət aparılmalıdır və xüsusilə pambıqçılıqda sürətlə artan iş yerlərinin nəzərə alınması mütləq gündəlikdə olmalıdır.
Kadr hazırlığı məsələləri böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, növbəti illərdə peşə hazırlığı Azərbaycanda geniş vüsət almalıdır və buna böyük ehtiyac var. Peşə məktəblərinin yaradılması prosesi gedir, daha da sürətlə getməlidir. Bu proses iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşmalıdır. Biz iqtisadi inkişafımızı planlaşdırırıq. Bizim regional inkişaf proqramlarımız dərc olunur. Yəni, biz öz beşillik fəaliyyət planımızı tərtib edirik və eyni zamanda, sənaye, kənd təsərrüfatı və digər sahələrlə bağlı proqramlar bizə yol göstərir. Ona görə peşə hazırlığı buna uyğun şəkildə aparılmalıdır. Nə qədər və hansı istiqamətdə peşə məktəbləri olmalıdır? Kənd təsərrüfatı, sənaye, turizm sahələrində ixtisaslaşmış peşə məktəblərinin yaradılmasına böyük ehtiyac var, çünki bu sahələr bundan sonra da Azərbaycanda sürətlə inkişaf edəcək.
Kənd təsərrüfatı mütəxəssisləri, aqronomlar, bu peşələr üzrə kadrlar hazırlanmalıdır. Bildiyimə görə, burada müəyyən qıtlıq yaşanır və biz gəncləri bu sahəyə cəlb etməliyik, stimullaşdırmalıyıq ki, onlar da bilsinlər, peşəkar olandan sonra onların yaşayış səviyyəsi böyük dərəcədə yaxşılaşacaq. Bu istiqamətdə işlər keçən il görülüb və bu il də davam edəcək.
Pivot suvarma sistemləri ölkəmizə gətirilib. Əvvəlki illərdə bəzi rayonlarda bu sistemlərdən özəl qurumlar istifadə etmişlər. Ancaq əlbəttə ki, onların sayı bizi qane edə bilməz. Ona görə, dövlət bu sahəyə də öz dəstəyini göstərməyə başlayıb. Pivot sistemləri dünyada ən müasir və ən səmərəli suvarma sistemləridir. Pivot sistemləri məhsuldarlığı bir neçə dəfə artıra bilər. Bu sistemlərdən Azərbaycanda əlbəttə ki, təkcə pambıqçılıqda yox, başqa sahələrdə də istifadə olunur və olunacaq. Bu sistemlər böyük dönüş yaradacaq. Eyni torpaqda məhsuldarlıq artdıqca əlbəttə ki, həm fermerlər, həm də dövlət ancaq xeyir götürəcək.
Nəzərə alsaq ki, kənd təsərrüfatının inkişafı, xüsusilə suvarma, meliorasiya ilə bağlı bizim bundan sonra da böyük planlarımız olacaq və var, biz pivot suvarma sistemlərini Azərbaycanda özümüz istehsal etməliyik. Bilirəm ki, belə bir təşəbbüs artıq irəli sürülüb. Buna dəstək vermək lazımdır və dövlət qurumları dəstək versinlər ki, tezliklə biz özümüz özümüzü pivot sistemləri ilə təmin edə bilək.
Bütövlükdə, əvvəlki illərdə və son illər ərzində meliorasiya sahəsinə ayrılmış böyük vəsait artıq öz nəticəsini göstərir. Biz son illər ərzində 4 böyük su anbarını yaratdıq. Onlardan Taxtakörpü və Şəmkirçay ən böyük su hövzələridir. Göytəpə və Tovuzçay su anbarları da istifadəyə verilib və bunun nəticəsində on minlərlə yeni torpaqlar əkinə cəlb olunur. İndi bütün işlər görülür. Bu istiqamətdə işlər davam etdirilməlidir və suvarma ilə bağlı indi çox ciddi fəaliyyət proqramı hazırlanır. Əlbəttə ki, kanalların təmizlənməsi, yeni kanalların çəkilməsi, eyni zamanda, əkin sahələrində pivot sistemlərinin qurulması böyük məna daşıyır.
Eyni zamanda, ölkəmizdə pestisid istehsalı zavodunun yaradılması da çox vacibdir. Biz pestisidləri xaricdən alırıq. Valyutanı xaricə xərcləməmək üçün biz bunu daxildə təşkil edə bilərik. Bildiyiniz kimi, ölkəmizdə böyük gübrə zavodu tikilir. Gələn il fəaliyyətə başlayacaq və biz özümüzü azot gübrələri ilə tam təmin edəcəyik, eyni zamanda, xaricə də ixrac edəcəyik. Pestisid istehsalı zavodunun yaradılması da zəruridir.
Mən artıq bu barədə keçən müşavirədə də demişəm, bir daha demək istəyirəm ki, bir neçə ildən sonra bizə yeni pambıqtəmizləmə zavodları lazım olacaq. Burada deyildi ki, İmişlidə yeni bir zavodun tikintisi nəzərdə tutulur. Ancaq biz zavodların tikintisini pambığın proqnozlaşdırılan tədarükü ilə uzlaşdırmalıyıq. Mənə verilən məlumata görə, bizdə hazırda cəmi 22 zavod fəaliyyət göstərir və o zavodların emal gücü 400 min tondur. Sovet vaxtında isə zavodların emal gücü 900 min ton idi. O zavodların bir çoxu artıq fəaliyyətsizdir, 22 zavod fəaliyyətdədir. Əgər pambıqçılığı götürdüyümüz sürətlə inkişaf etdirsək, biz təqribən bir-iki ilə 400 min tona çatacağıq. Ona görə indidən bütün işlər görülməlidir. İqtisadiyyat Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Nazirliyi, özəl qurumlar, işləyin və mənə məlumat verin. Biz vaxt itirməməliyik.
Bu il görülmüş tədbirlər nəticəsində 150 min hektar suvarılmamış torpaqlara su çəkilişi təmin ediləcəkdir. Bu, hesab edirəm ki, tarixi nailiyyətdir. Bir il ərzində bu qədər torpaq sahəsini su ilə təmin etmək, doğrudan da böyük nailiyyətdir. Bunu biz çox operativ şəkildə, qısa müddətdə həll etdik, həm “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətinin xətti ilə, həm yerli icra orqanlarının fəaliyyəti nəticəsində biz buna nail ola bilmişik. Bu 150 min hektarın böyük hissəsi pambıqçılıq üçün nəzərdə tutulur və əlbəttə ki, biz bunu etməsəydik, bugünkü rəqəmlərdən danışa bilməzdik.
Biz işləri davam etdirməliyik. Mənə artıq gələn il üçün təkliflər təqdim olundu. İlkin hesablamalara görə, gələn il biz təqribən əlavə 90 min hektara yaxın torpaqlara su çəkə bilərik. Bu istiqamətdə işlər artıq başlayır və mütləq bu, Dövlət İnvestisiya Proqramına salınmalıdır. Bizim hələ ki, bölüşdürülməmiş ehtiyatımız var. Biz bu il də vəsait əlavə edə bilərik ki, gələn ilin əkin mövsümünə yeni torpaqlara su gətirək.
Əlbəttə ki, biz bu gün qarşımıza o qədər də böyük olmayan hədəflər qoyuruq. Hektardan iyirmi sentner əlbəttə ki, çox aşağı göstəricidir. Bu gün olduğum pambıq tarlasında mənə verilən məlumata görə, onlar 40 sentner götürəcəklər. Bu gün səsləndi, bəzi təsərrüfatlar 50 sentner götürür. Əlbəttə, bu, böyük göstəricilərdir. Ancaq sovet dövründə orta məhsuldarlıq 30-35 sentner idi. Yəni, biz buna çalışmalıyıq. O vaxt hələ müasir suvarma sistemləri, müasir traktorlar, kombaynlar yox idi. Ona görə bu, mümkündür və biz həm əkin sahələrini genişləndirməliyik, həm də məhsuldarlığı artırmalıyıq.
Keçən il 51 min hektardan 90 min tona yaxın pambıq yığılmışdır. Qeyd etdiyim kimi, bu il 136 min hektardan 270 min ton gözlənilir, bəlkə də çox ola bilər. Ancaq mən istəmirəm ki, qarşıya hansısa bir hədəf, yaxud da ki, plan qoyum. Əlbəttə ki, həyat, təbii şərait, hava şəraiti bunu göstərər. Bunun da böyük rolu var. Ancaq biz real imkanımızı bilməliyik və çalışmalıyıq ki, işlər daha da böyük səmərə ilə aparılsın.
Məndə olan məlumata görə, pivot suvarması ilə çox rahat surətdə hər hektardan təqribən 35-40 sentner pambıq götürmək mümkündür. Hesab edirəm ki, açıq suvarma yolu ilə 25 sentner də real rəqəm ola bilər. Hesab edirəm ki, biz 2020-ci ildə açıq suvarma yolu ilə 140 min hektarda pambıq əkə bilərik və təqribən 60-65 min hektar pivot sistemləri ilə təmin oluna bilər. Əgər biz buna nail olsaq, orta məhsuldarlıq 30 sentnerə çatacaq və bu, il ərzində 600 min ton pambıq tədarükü deməkdir. Bu, real rəqəmlərdir. Bu rəqəmlərə çatmaq üçün dövlət öz üzərinə düşən vəzifəni icra edəcək, nə qədər lazımdırsa vəsait ayrılacaq, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulacaq, əlavə texnika alınacaq, yeni kanallar çəkiləcək. Sadəcə zəhmətkeşlər, fermerlər və yerli icra orqanları buna hazır olmalıdırlar. Mən ona görə bu rəqəmləri bu gün səsləndirirəm ki, siz buna hazır olasınız. Ona görə yox ki, mən sizə indi plan tapşırığı verirəm, xeyr, o dövr artıq yoxdur. Amma biz hər şeyi gərək düzgün planlaşdıraq və belə olan halda nəticə daha da yaxşı olacaq. Nəticə etibarilə biz 200 min hektarda pambıq yetişdirə bilərik və bu işlərdə minimum 300 min insan işləyəcək və hər gün pul qazanacaq.
Mən texnika ilə bağlı bəzi rəqəmləri səsləndirmək istəyirəm ki, siz də biləsiniz, Azərbaycan ictimaiyyəti də bilsin. Keçən il 1800 ədəd texnika, o cümlədən 94 pambıqyığan kombayn və 300-ə yaxın traktor alınmışdır. Bu il 3811 ədəd texnika, o cümlədən 209 pambıqyığan kombayn və 810 traktor sifariş edilib. Bu texnikaların alınması üçün keçən il və bu il 150 milyon dollar vəsait xərclənib. Bu, dövlətin pambıqçılığa göstərdiyi real diqqətin təkcə bir əlamətidir. Əgər texnikanı, meliorasiya işlərini və digər lazımi tədbirləri əlavə etsək, görərik ki, buna nə qədər böyük diqqət göstəririk, bir məqsədlə ki, insanlar daha yaxşı yaşasınlar.
Əlbəttə ki, pambıqçılığın inkişafı ölkəmizə əlavə gəlir gətirəcək. Ancaq istəyirəm biləsiniz, bu gəlir neftdən əldə olunan gəlirlə müqayisə edilə bilməz. Neft satışından ölkəmizə milyardlarla dollar valyuta gəlir. Bu il əgər neftin qiyməti 40 dollar səviyyəsində olarsa, - bizim büdcədə bu rəqəm nəzərdə tutulub, - ölkəmizə 5 milyard dollardan çox valyuta gələcək. Ona görə pambıqçılığın inkişafı, ilk növbədə, məşğulluğun artırılması və insanların, bu rayonlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılır. Ona görə biz neftdən əldə edilən vəsaiti bu sahəyə qoyuruq ki, camaat daha da yaxşı dolansın, işləsin, pul qazansın, halal zəhmətlə dolansın. Biz yaxşı pul qazanmaq üçün imkanlar yaradırıq. Ona görə pambıqçılığın inkişafı Prezident kimi mənim üçün, ilk növbədə, sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir.
Burada, əlbəttə ki, pambığı becərən gəlir qazanır. Dövlət ancaq burada maraqlıdır ki, ölkəyə daha çox valyuta gəlsin. Amma bunu yenə də neft və qazla müqayisə etmək, əlbəttə ki, düzgün olmazdı. Ona görə bu texnikanın alınması nəticəsində, əlbəttə ki, məhsuldarlıq da, məhsulun həcmi də artacaq.
Bir məsələni də qeyd etmək istəyirəm. Mənə verilən məlumata görə, keçən il təqribən pambığın 50 faizi əllə, 50 faizi isə texnika ilə yığılıbdır. Əlbəttə ki, texnika ilə yığım daha da səmərəlidir və şirkətlər üçün daha da əlverişlidir. Ancaq hesab edirəm ki, ilk növbədə, biz bu sahədə yenə də sosial amili nəzərə almalıyıq. Əgər vətəndaşlar əllə yığmaq istəyəcəklərsə və daha çox insan buna cəlb olunacaqsa, şərait yaradılmalıdır ki, nə qədər mümkündürsə əllə yığsınlar. Çünki əllə yığanda pul qazanır, texnika ilə yığanda daha çox firmalar pul qazanır. Məni maraqlandıran odur ki, pambıqçılıqda işləyən vətəndaş hər gün evinə pul aparsın. Ona görə şərait yaradılmalıdır. Çünki bilirəm, keçən il bəzi yerlərdə vətəndaşlar hətta deyirdilər ki, qoy, texnika tarlalara çıxmasın, etiraz edirdilər, istəyirdilər ki, özləri yığsınlar. Burada da deyildi ki, yanvar ayında gedib yağışdan sonra açılan qozaların pambığını yığıblar. Nəyə görə? Çünki bu, gəlir gətirir. Bu il də belə olmalıdır. İmkan yaratmaq lazımdır ki, nə qədər mümkündürsə əl ilə, nə qədər mümkün deyilsə, texnika ilə yığılsın. Onda daha da ədalətli olacaqdır.
Pambıqçılığın inkişafı, əlbəttə ki, Azərbaycanda yüngül sənayenin də inkişafına böyük təkan verəcək. Keçən il Mingəçevirdə sənaye parkının təməli qoyuldu. Orada 9 zavod tikiləcəkdir, o cümlədən iplik zavodu. Bu ilin sonuna qədər artıq ilk zavodlar fəaliyyətə başlamalıdır. Bu da çox böyük, ciddi iqtisadi təşəbbüsdür. Bu doqquz zavodun və ümumiyyətlə, sənaye parkının fəaliyyəti nəticəsində ən azı 5 min insan işlə təmin ediləcək. Mingəçevir kimi şəhər üçün bu, çox yaxşı göstəricidir. Bilirsiniz ki, bəzi böyük şəhərlərdə işsizlik rayon yerlərindən daha da çoxdur. Ona görə Mingəçevir Sənaye Parkının yaradılması bu baxımdan da çox əhəmiyyətlidir.
Eyni zamanda, biz hazır məhsul satacağıq, mahlıc, iplik yox. Çalışmalıyıq ki, hazır məhsul, tekstil sataq, xarici bazarlarda özümüz üçün yer edək. Bir daha demək istəyirəm ki, mən bütün həmkarlarımla təmaslarda bu məsələni ön plana çəkirəm. Ticarət dövriyyəsinin və Azərbaycan məhsullarının ixracının artırılması məsələlərini qoyuram ki, bizim üçün yeni bazarlar açılsın. Ənənəvi bazarlar var və biz o bazarlarda işləyirik. Biz yeni bazarlara çıxmalıyıq. Ticarət evlərinin yaradılması bu məqsədi güdür. İndi mən qeyd etdim, bir daha bildirmək istəyirəm ki, yaxın gələcəkdə Rusiyada, Belarusda, Ukraynada, Çində, Birləşmiş Ərəb Əmirliklərində ticarət missiyalarımız fəaliyyətə başlayacaq. Hesab edirəm ki, indiki mərhələdə bu, bizim üçün əsas bazarlardır. Eyni zamanda, biz Avropa İttifaqı bazarlarına da çıxmalıyıq, daha geniş çıxmalıyıq. İndi də ixrac edirik, ancaq hesab edirəm ki, bu, lazımi səviyyədə deyil. Biz bu istiqamətdə də işləyirik.
Bütün bu tapşırıqları yerinə yetirmək üçün növbəti bir neçə ayda çox fəal iş aparılmalıdır. Yerli icra orqanlarının üzərinə böyük vəzifə düşür. Keçən il də onlar qısa müddət ərzində yaxşı işlədilər. Çünki keçən il biz gecikdik, sonra hava şəraiti, yağışlar imkan vermədi. Buna baxmayaraq, keçən il üçün yaxşı məhsul götürdük. Onlar bu il də bütün işləri lazımi səviyyədə təşkil etməlidirlər. Qeyd etdiyim kimi, əmək resurslarından səmərəli istifadə olunmalıdır. Texnika ilə bağlı əminəm ki, problem olmayacaq. Texnika vaxtında tarlalara çıxarılacaq. Tədarükçü şirkətlər yerli icra orqanları ilə sıx əməkdaşlıq etməlidirlər. Bizim mərkəzi və yerli orqanlar da birgə işləməlidir. İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, yerli icra orqanlarının nümayəndələri birlikdə işləməlidirlər. Ümumi rəhbərliyi və koordinasiya məsələlərini mən Prezident Administrasiyasına tapşırıram. Keçən il də mən Prezident Administrasiyasına bu vəzifəni tapşırmışdım, onlar vəzifənin icrası ilə bağlı yaxşı işlər gördülər, bu il də belə olacaq. Əminəm ki, görülən və görüləcək bütün işlər nəticəsində bu il də pambıqçılıqda yaxşı nəticələr olacaqdır.
Sizə bol məhsul arzulayıram. Sağ olun.