Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının VIII konfransı keçirildi
May ayının 26-da Saatlı rayon Mədəniyyət Məkəzində Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının növbəti VIII konfransı keçirildi. Konfransda Milli Məclisin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP icra katibliyinin məsul işçisi Mirzəyev Ramil Kamil oğlu, rayonun yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatlarında VIII konfransa seçilmiş nümayəndələr və dəvət olunan ağsaqqallar, ziyalılar olmaqla 310 nəfər iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək qeyd etdi ki, Azərbaycan bu gün tamamilə müstəqil siyasət yürüdən, öz sözü, mövqeyi, prinsipial xarici siyasəti olan dövlətdir. Konfransda çıxış edən Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yarandı. Konfransda daha sonra təşkilati məsələlərə baxıldı. Konfransda YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev hesabat məruzəsi ilə çıxış etdi. O, qeyd etdi ki, rayon təşkilatı 70 ərazi ilk partiya təşkilatında 9442 nəfəri öz ətrafında birləşdirir. Üzvlərin 2720 nəfəri hesabat dövrü ərzində partiya sıralarına qəbul olunublar ki, onların sırasında 3284 nəfərini gənclər və 3042 nəfərini isə qadınlar təşkil edirlər. Konfransda çıxış edən təşkilat nümayəndələri, rayon təşkilatının Şura üzvü Oqtay Məmmədov, Günəşli ilk partiya təşkilatının sədri Camasəddin Əhmədov, YAP rayon Gənclər Birliyiyinin sədr müavini, Saatlı bələdiyyəsinin üzvü Mehriban Ağayeva razılıq hissi ilə bildirdilər ki, rayonda böyük işlər görülmüş, insanlara diqqət və qayğı artırılmış, onların sosial problemlərinin həlli istiqamətində ciddi dönüş yaradılmış, rahat avtomobil yolları çəkilmiş, yeni məktəb binaları, uşaq bağçaları, mühüm infrastruktur obyektləri inşa olunmuş, çoxlu sayda sosial obyektlər tikilmiş və əsaslı təmir olunmuşdur. YAP Saatlı rayon təşkilatının 45 nəfərdən ibarət Şurası, 7 nəfərdən ibarət Nəzarət Təftiş qrupu seçildi. Lütvəli Şıxəliyev yenidən YAP Saatlı rayon təşkilatının sədri seçildi, Elçin Qiyasov və Lətif Şimşəkov da sədr muavinləri seçildilər.