Saatlı rayonunda 2012-ci ilin doqquz ayında rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir.
16 oktyabr 2012 – ci il tarixdə Saatlı rayonunda 2012-ci ilin doqquz ayında rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir. 2012-ci ilin doqquz ayında rayonda sosial-iqtisadi inkişaf xəttinin sürətlə həyata keçirilməsi təmin olunmuşdur.
Hesabat dövründə abadlıq işləri davam etdirilərək Saatlı şəhərinin küçələrinə, döngə və dalanlarına 17000 kv.metr asfalt örtüyü vurulmuş, 47300 kv.metr sahə isə qum-çınqıl materialı ilə təmir edilmiş, Heydər Əliyev prospekti boyunca köhnə hasarlar sökülmüş, mişar daşından yeni hasarlar tikilmiş, ağlay plitələrdən və bəzək elementlərindən istifadə olunmaqla üzlənmişdir. Eyni zamanda prospektin sağ və sol hissələrində səkilərə 2100 kv.metr üzlük bəzək plitələri döşənmiş, yol boyu 1400 ədədə yaxın yeni bardurlar qoyulmuşdur.
Ulu öndərin adını daşıyan parka və Gənclər küçəsinə 7300 kv.metr yeni üzlük plitələr döşənmişdir. Əhalinin istirahətinin səmərəli təşkili üçün 2 ədəd yeni fəvvarə kompleksi inşa edilmiş, 76 ədəd müasir oturacaq qoyulmuşdur.
Heydər Əliyev prospektində "Şəhidlər" abidə kompleksi yeni tərtibatda qurulmuş, "31 mart azərbaycanlıların soyqırımı" abidəsi tikilmiş, yeni salınmış parkda müasir işıqlandırma sistemi qurulmuş, əraziyə üzlük plitələr döşənmiş, həmin ərazilər dekorativ ağaclar və gül kolları ilə yaşıllaşdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 11 may 2011-ci il tarixli 1497 saylı Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına Heydər Əliyev prospektində geniş həcmli abadlıq işləri görülmüş, Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalareyası üçün birgə yeni binanın və Şahmat Məktəbinin tikintisi aparılmış, Heydər Əliyev Mərkəzinin yenidən qurulması, Gənclər Mərkəzinin tikilib başa çatdırılması və Olimpiya İdman Kompleksinin təməlinin qoyulması olmuşdur. Heydər Əliyev Mərkəzinin sahəsi 216 kv.metrdən 400 kv.metrə çatdırılmışdır. Hesabat dövründə rayonun daxili imkanları hesabına YAP Saatlı rayon təşkilatının yeni inzibati binası da tikilib başa çatdırılmışdır.
2012-ci ilin doqquz ayında rayonda təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri istiqamətində Arif Ağayev adına 80 şagird yerlik Sarıcalar kənd ümumi orta məktəb binası, Mehman Ağayev adına 180 şagird yerlik Saatlı şəhər 2 saylı ümumi orta məktəb binası, Əyyub Quliyev adına 120 şagird yerlik Genişkənd ümumi orta məktəb binası istifadəyə verilmiş, Tofiq İsmayılov adına 542 şagird yerlik Mircəlalkənd tam orta məktəb binasının bərpa-gücləndirilməsi və Saatlı şəhər 90 yerlik uşaq bağçası-körpələr evinin əsaslı təmir işləri başa çatdırılmışdır. Adil Çaxoyev adına 1176 şagird yerlik Fətəlikənd tam orta məktəb binasının bərpa-gücləndirilməsi, M.Əzizbəyov adına 1050 şagird yerlik Saatlı şəhər 2 nömrəli tam orta məktəbinin əsaslı təmiri işləri aparılır.
Bundan əlavə, Əliabad kənd 180 şagird yerlik və Qıraqlı kənd 220 şagird yerlik ümumi orta məktəblərin tikintisinə başlanılmış, Fətəlikənd uşaq bağçası və körpələr evinin binasında isə bərpa-gücləndirmə işlərinə yaxın günlərdə başlanacaqdır.
Azərbaycan Respublikası Prezidentinin 30 mart 2010-cu il tarixli sərəncamı ilə ayrılmış vəsait hesabına 2010-cu ilin may ayında 126 çarpayılıq MRX-nin əsaslı təmir işlərinə başlanılmış və hazırda işlər başa çatdırılmışdır. Xəstəxananın əsas binası, poliklinika və infeksion korpuslar, eyni zamanda mətbəx, camaşirxana əsaslı təmir olunmuş, istilik və qazanxana, su və kommunikasiya, dəmir-beton kanalizasiya sistemləri qurulmuşdur. Mərkəzi Rayon Xəstəxanası yeni avadanlıqlarla və tibbi ləvazimatlarla təmin edilmişdir.
Bundan əlavə rayonda Hacıqabul-Bəhramtəpə-Mincivan magistral avtomobil yolunun 63 km -nin sağ hissəsində Yanğın Söndürmə Deposu, Gənclər küçəsində Saatlı rayon "Mətbuatyayımı" şöbəsinin yeni ofis binası, Heydər Əliyev prospektində rayon Statistika idarəsinin yeni ikimərtəbəli inzibati binası, şəhər mərkəzində Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicilərinə xidmət kompüter terminalı» tikilərək istifadəyə verilmiş, rayon Telekommunikasiya Qovşağının inzibati binasının fasad hissəsinin alkopon materialı ilə üzlənməsi işləri aparılaraq inzibati binada təmir işləri başa çatdırılmış, həyətyanı sahədə abadlıq işləri görülmüşdür. Maliyyə idarəsinin inzibati binası müasir səviyyədə əsaslı təmir olunaraq, yeni inventar və avadanlıqlarla təchiz edilərək istifadəyə verilmişdir.
Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindən keçən hissəsində 1996-cı ildə tikilmiş, qəzalı vəziyyətdə olan 238 p/metr uzunluğunda dəmir-beton körpü rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə «Azərkörpü» ASC tərəfindən əsaslı təmir edilmişdir. Smeta dəyəri 3,5 milyon manat olan 7 aşırımlı körpüdə piyada keçidlər düzəldilmiş, körpünün işıqlandırılması təmin edilərək körpüdə asfaltlaşdırma işləri görülmüşdür. Bundan əlavə rayonda hesabat dövründə uzunluğu 6 km olan Soltanabad-Mircəlalkənd yolunun əsaslı şəkildə yenidən qurularaq asfaltlaşdırılması işləri başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir.
2012-ci ilin doqquz ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi 16,2 faiz artaraq 172,8 milyon manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 86,0 faiz təşkil etmişdir. Doqquz ayda ümumi məhsul istehsalının həcmi tikinti üzrə 56,8 faiz, kənd təsərrüfatı üzrə 2,7 faiz, nəqliyyat üzrə 1,4 faiz, sənaye üzrə isə 2,1 dəfə artmışdır. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 14,8 faiz artaraq 94 milyon manata yaxın, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 29,4 faiz artaraq 16 milyon manatdan çox təşkil etmişdir. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artaraq 253,4 manat olmuşdur. Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında dinamik inkişaf təmin olunmaqla ümumi dəyəri 95577,3 min manat olan məhsul istehsal edilmişdir ki, bu da 2011-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çoxdur.
2012-ci ilin doqquz ayında 645 yeni iş yeri yaradılmışdır ki, bundan 350 iş yeri daimidir. Məhsul istehsalının həcminin yüksəlməsi, əmək haqlarının, pensiya və müavinətlərin artırılması və yeni iş yerlərinin yaradılması əhalinin pul gəlirlərinə müsbət təsir etmiş, 2012-ci ilin doqquz ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhalinin pul gəlirləri 8,2 faiz artmışdır.
Cari ildə rayonun idarə, müəssisə və təşkilatlarını, yerli icra strukturlarını və bələdiyyələri, əmək kollektivlərini cəlb etməklə ağacəkmə kompaniyası davam etdirilmişdir. Saatlı şəhərinin mərkəzində olan Heydər Əliyev parkının ərazisi genişləndirilərək abadlıq və yaşıllaşdırma işləri yüksək keyfiyyətlə, irimiqyasda aparılmışdır. Hal-hazırda da parkda həmişəyaşıl, dekorativ ağaclar, gül kolları əkilir və yaşıllıq zolaqları salınır. H.Əliyev prospekti, M.F.Axundov, M.Ağayev və digər mərkəzi küçələr boyu, eləcə də Saatlı şəhərindən başlamaqla Məzrəli kəndinədək, habelə Bəylik kəndindən Varxan kəndinə qədər olan məsafədə torpaq işləri görmək, ərazilər hazırlamaqla eldar şamı, görüş, gəncə çinarı, limon (şərq) tuyası, şəmşəd, sərv, zeytun, lüqustra kimi ağacların əkilməsi təmin edilmişdir. Ötən doqquz ay ərzində ağacəkmə və yaşıllaşdırma işləri əmək kollektivləri cəlb olunmaqla müntəzəm olaraq aparılmış və 45 min ədəddən çox həmişəyaşıl ağaclar, bəzəkli gül kolları əkilmiş, yaşıllıq zolaqları salınmışdır.