Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirildi

12 iyun 2018 | 16:00

     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq iyunun 12-də öz işini davam etdirib.
     Tədbirdə DQİDK sədrinin müavini Gündüz İsmayılov, Saatlı RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova, RİH İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Azər Həsənov,   Saatlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, eləcə də məktəb müəllimləri, şagirdlər, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
     Seminar-treninqi giriş sözü ilə açan Saatlı RİH başçısının müavini Reyhan Ocaqova rayonda mövcud olan dini durumu seminar iştirakçılarının diqqətinə çatdırıb  və  eyni zamanda Saatlıda həyata keçirilən dini maarifləndirmə tədbirlərindən, dini icmaların fəaliyyəti üçün yaradılan şəraitdən danışıb.
     Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov çıxışında bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin formalaşdırdığı dövlət-din münasibətləri sistemi Azərbaycan xalqının xarakterik xüsusiyyətlərinə, dövrün müasir tələblərinə və vicdan azadlığının təmin olunması prinsipinə əsaslanır. Diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyevin Ulu Öndərin zəngin siyasi irsinə söykənən məqsədyönlü fəaliyyəti ölkəmizi dinə, vicdan azadlığına, tolerant dəyərlərə münasibətdə nümunəvi dövlətə çevirib. Əlavə edib ki, ötən gün dövlət başçısı tərəfindən ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi və fəaliyyətlərinin ahəngdarlığının təmin edilməsi məqsədilə dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında imzaladığı Sərəncam yüksək qiymətə layiqdir.
     Bütün dövrlərdə dinin siyasiləşdirilməsinə, dövlətlərin onu bir-birinə qarşı silah alətinə çevirməsinə cəhdlər edildiyini vurğulayan sədr müavini bildirib ki, milyonlarla insan milli və dini mənsubiyyətinə görə ayrı-seçkiliklə, zorakılıqla qarşılaşır. Gündüz İsmayılovun sözlərinə görə dinin siyasiləşdirilməsi heç bir xalqa və ölkəyə xeyir gətirməyib, əksinə xurafat, gerilik bəxş edib.
     Ənənəvi İslamın xüsusiyyətləri barədə də danışan sədr müavini elmə, təhsilə, dünyəviliyə dəyər verilməsinin, məzhəbçilikdən uzaq olmasının onun başlıca meyarları olduğunu deyib. O, bu dini bilgilərin formalaşmaqda olan gənclərin tələbatına və dünyagörüşlərinə uyğun verilməsinin dini maarifləndirmə işinin əsasını təşkil etdiyini vurğulayıb. İştirakçıları maraqlandıran sualların cavablandırılması ilə ikigünlük seminar-treninq işini yekunlaşdırıb.

Keçidlər