Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı Gənclər Birliyinin V hesabat seçki konfransı keçirildi.

25 aprel 2019 | 16:00

25 aprel 2019-cu il tarixdə YAP Saatlı rayon təşkilatı Gənclər Birliyinin V  hesabat-seçki konfransı keçirildi.
Konfrans öz işinə başlamazdan əvvəl Gənclər Birliyinin üzvləri Ümummilli liderimiz Heydər  Əliyevin abidəsini ziyarət edirlər, Ulu Öndərin müqəddəs xatirəsini yad edərək tər-gül çiçək dəstələri qoydular.
YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev çıxış edərək qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yarandı. Yarandığı ilk gündən ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək, milli müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişaf etdirilməsində özünün layiqli töhfələrini verdi. Bu gündə də partiyamız  cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir. Azərbaycan gəncliyi ictimai-siyasi və sosial-iqtisadi sahələrdə aktiv fəaliyyət göstərir. Müasir Azərbaycan gəncliyi müstəqil dövlətin gəncləri olaraq özlərini cəmiyyətin fəal təbəqəsi kimi təsdiqləyiblər. Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləmək gənclərimizin əsas xarakterik keyfiyyətlərindəndir.
Konfransda məruzə ilə çıxış edən YAP Saatlı rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Əzizov qeyd etdi ki, konfransa 70 ilk partiya təşkilatından 220 nəfər nümayəndə seçildiyini, son illərdə gənclərin rayon təşkilatında boy sırasının artıdığını onların partiya quruculuğunda fəal mövqe tutduğunu bildirdi. O, rayon təşkilatının uçot qeydiyyatında olan 10657 nəfər partiya üzvündən 3893 nəfərinin gənclər, 3549 nəfərinin isə qadınlardan ibarət olduğunu qeyd etdi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-gənclər siyasətindən, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışaraq qeyd etdi ki, bu siyasətin nəticəsi olaraq gənclərin fəallığı daha da artıb.
Çıxış edən gənc fəallar Pərviz Təhməzov, Xalid Nəciyev və Mehriban Ağayeva,  hesabat dövründə rayon təşkilatının sosial bazasının daha da genişləndiyini qeyd etdilər. Onlar razılıq hissi ilə bildirdilər ki, rayonda böyük işlər görülmüş, insanlara diqqət və qayğı artırılmış, onların sosial problemlərinin həlli istiqamətində ciddi dönüş yaradılmış, rahat avtomobil yolları çəkilmiş, yeni məktəb binaları, uşaq bağçaları, mühüm infrastruktur obyektlər inşa olunmuş, çoxlu sayda sosial obyektlər tikilmiş və əsaslı təmir olunmuşdur. Bütün bunları, rayonun sosial-iqtisadi inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə Dövlət Başçısının töhfəsinin əyani təzahürü kimi qiymətləndirdilər. Çıxış edən gənc fəallar dövlətin gənclərə diqqət və qayğısından, rayonda gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yeni inşa olunmuş sosial obyektlərin imkanlarından istifadə etmələrinə yaradılan şəraitdən bəhs etdilər, respublikamızın inkişafı və tərəqqisində əzmlə çalışacaqlarını bildirdilər. Çıxış edənlər YAP Saatlı rayon təşkilatı Gənclər Birliyininin  hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Rüstəm Xəlilov, rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək bildirdilər ki, saf amallar və prinsiplər üzərində qurulan Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideyalarından qaynaqlanaraq Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında üzərinə götürdüyü tarixi missiyanı uğurla yerinə yetirir.
YAP Saatlı rayon təşkilatı Gənclər Birliyinin hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab olundu.
Konfrans YAP Saatlı rayon təşkilatı Gənclər Birliyinin 25 nəfərdən ibarət Şura  üzvlərini və 11 nəfərdən ibarət İdarə Heyətinin tərkibini müəyyənləşdirdi.
Pərviz Təhməzov YAP Saatlı rayon təşkilatı Gənclər Birliyinin sədri vəzifəsinə seçildi. Yeni Azərbyacan Partiyası Gənclər Birliyinin növbəti konfransına 2 nəfər nümayəndə seçildi.                 

Azərbaycan  Respublikasının  Prezidenti,  Yeni  Azərbaycan  Partiyasının  sədri  cənab İlham  Əliyevə YAP Saatlı rayon  təşkilatı  Gənclər  Birliyinin  konfrans iştirakçıları    müraciət  qəbul  etdilər.

Keçidlər