Cənab Prezident İlham Əliyev Saatlıda Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının yeni binasının açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Saatlıda Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının yeni binasının açılışında iştirak etmişdir.Ölkəmizin qədim və zəngin maddi-mədəniyyət abidələrinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə tarix-diyarşünaslıq muzeylərinin fəaliyyəti xüsusi məna daşıyır. Saatlı rayon Tarix-Diyarşünaslıq Muzeyi də qədim maddi-mədəniyyət abidələrinin qorunmasına xidmət edir.
Heydər Əliyev parkının ərazisində tikilən, ümumi sahəsi 917 kvadratmetr olan bina xüsusi dizaynla inşa olunmuşdur. Binanın həyətində qədim dövrdə Saatlı ərazisində yaşamış insanların məişət əşyalarından və əmək fəaliyyətindən bəhs edən guşələr qurulmuşdur. İkimərtəbəli binanın digər xüsusiyyəti isə burada Rəsm Qalereyasının yaradılmasıdır. Binanın ikinci mərtəbəsindəki qalereya bütün lazımi avadanlıqla təchiz olunmuşdur.
Yeni bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təchiz olunmuşdur. Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rayona səfərlərindən bəhs edən fotoguşələr yaradılmışdır.
Birinci mərtəbədə yerləşən Tarix-Diyarşünaslıq Muzeyi arxeologiya, etnoqrafiya, mədəniyyət, ideoloji və təsviri sənət bölmələrindən ibarətdir. Arxeologiya bölməsində Saatlı ərazisində tapılan və eramızdan əvvəl III minilliyə aid müxtəlif məişət əşyaları nümayiş olunur. Burada Kür-Araz mədəniyyətindən başlayaraq orta əsrlər dövrünədək istifadə olunan məişət əşyaları da sərgilənir. Müxtəlif tarixi formasiyalar zamanı əhali tərəfindən istifadə edilən pullardan ibarət numizmatika guşəsi də böyük maraq doğurur.