Rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin cəzalandırılaması davam edir.
Korrupsiya və rüşvətxorluq hallarına qarşı daha ciddi mübarizə aparılması demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Ölkəmizdə antikorrupsiya siyasətinin tərkib hissəsi kimi mühüm qanunlar, proqramlar qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rüşvət və korrupsiya hallarına son qoyulması ilə bağlı tövsiyə və göstərişlərindən hələ də nəticə çıxarmayan bir sıra dövlət qurumlarında çalışan şəxslər vardır ki, onlar da Dövlət Təhlükəsizlik Xidmətinin çevikliyi və operativ tədbirləri nəticəsində ifşa olunur.
Rüşvət və korrupsiya istənilən sahədə inkişafa mane olur, qanunun aliliyinin bərqərar olmasına, mühüm iqtisadi proseslərin ləngiməsinə şərait yaradır. Son günlərdə rüşvət və korrupsiya əməllərinə görə həbs olunan məmurlar dünyanı bürüyən COVİD-19 pandemiyası dövründədə də bu əməllərindən çəkinməyərək, mənəviyyata sığmayan hərəkətlər etmişdirlər. Baxmayaraq ki, dövlət başçısı cənab İlham Əliyev pandemiya dövründə ölkəmizin bu bəladan minimum itkilərlə çıxmasına zəmin yaradan qətiyyətli siyasət yürüdür. Verilmiş tapşırıq və tövsiyələrdən düzgün nəticə çıxarmayan bu şəxslər dövlət başçısının siyasətinə qarşı çıxır, dövlətin mənafeyinə və imicinə zərbə vururlar. Əlbəttə, bu cür mənfi əməllər törədən vəzifəli şəxslər ölkəmizdə tez bir zamanda ifşa edilir, cinayət məsuliyyətinə cəlb olunurlar.
Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi ölkə başçısı tərtəfindən aparılan hüquqi islahatların daha da dərinləşdirilməsi zərurətindən yaranmışdır.
Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın 13 mart 2020-ci il tarixli müşavirəsində qəbul olunmuş qərarın icra vəziyyətinin araşdırılması ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə rayon komissiyası yaradılmış və 36 şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində karantin dövründə qərargahın tələblərinə əməl olunması vəziyyəti araşdırılmışdır. Fəaliyyətlərində yol verdikləri qanun pozuntularına görə rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Qədirov Nəsir Lələkişi oğlu, Seyidlər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Quliyev Şahoğlan Ağaqulu oğlu və Nərimanov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əliyev Atamoğlan Abdulla oğlu tutduqları vəzifədən azad olunmuş, həmin nümayəndəliklər üzrə yoxlamanın nəticələrinə dair toplanılmış materiallar tədbir görülməsi üçün rayon prokurorluğuna göndərilmişdir. Bundan əlavə, bu sahədə öz fəaliyyətlərində nöqsan və pozuntulara yol vermiş rayon İcra Hakimiyyəti başçısının Dədə Qorqud və Sarıcalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinə intizam tənbeh tədbiri olaraq töhmət verilmiş və rayon İcra Hakimiyyəti başçısının müvafiq struktur bölmə rəhbərlərinə xəbərdarlıqlar olunmuşdur.
Ölkə başçısının təşəbbüsü ilə aparılan islahatların əsas xətlərindən biri olan korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, dövlət qulluqçularının şəffaf fəaliyyət göstərməsi istiqamətində Saatlı rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər daha geniş miqyasda aparılacaq, ötən aylar ərzində respublikada öz cinayət əməllərinə görə ifşa olunmuş vəzifəli şəxslərin aqibətindən nəticə çıxarmayanlar barədə ciddi ölçü tədbirləri görüləcəkdir.