Dövlətinə və xalqına xəyanət edənlər öz layiqli cəzalarını alacaqlar.
Saatlı rayonunda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, göstərişlərindən irəli gələn vəzifələrin icrası istiqamətində son vaxtlar daha intensiv və çevik tədbirlər həyata keçirilərək bütün neqativ hallara, o cümlədən, korrupsiya, rüşvətxorluq, süni qiymət artımı, vergidən yayınma, məmur özbaşınalığı, bir sözlə ölkədə həyata keçirilən quruculuq işlərinə kölgə salan bütün xoşagəlməz hallara qarşı məqsədyönlü tədbirlər daha da gücləndirilmiş, hüquqpozma hallarının baş verməməsi üçün profilaktiki tədbirlərin miqyası genişləndirilmişdir.
Xüsusilə də, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə başlanılmış dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatlarının 2019-cu ilin sonlarına doğru daha geniş vüsət aldığı və 2020-ci ildə də intensiv şəkildə davam etdirildiyi bir şəraitdə rayon İcra Hakimiyyəti dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların təkrarlanmaması üçün bütün qüvvələri səfərbər etmişdir. Ölkə başçısının açıq çağırışlarına və xəbərdarlıqlarına məhəl qoymayan, ifşa olunmuş yüksək vəzifəli məmurların aqibətindən nəticə çıxarmayan, aparılan islahatların mənasını dərindən dərk etməyən bəzi dövlət qulluqçularını üzə çıxarıb ifşa etmək istiqamətində təsirli tədbirlər görülmüşdür. Bir sıra rayonların icra başçılarının və onların əlaltıları olan vəzifəli şəxslərinin, Mədəniyyət Nazirliyinin yüksək çinli məmurlarının öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafeylərinə zərər vurmaları və belə üzdəniraq vəzifə sahiblərinin həbs olunmaları hiddətlə qarşılanaraq ən kəskin tərzdə etirazlar yaratmışdır.
Saatlı rayon İcra Hakimiyyəti tabeliyində olan ərazi icra nümayəndəliklərində və təşkilatlarda belə xoşagəlməz halların baş verməməsi üçün ötən 2 ay müddətində ciddi maarifləndirmə və qabaqlayıcı tədbirlər həyata keçirmiş, 2019-cu ilin yekunlarına dair 2020-ci ilin fevral ayında keçirilən hesabat yığıncağında ölkədə həyata keçirilən quruculuq işlərinə kölgə salan belə neqativ halların qətiyyətlə pislənilərək Azərbaycan Prezidentinin bu istiqamətdə qətiyyətli siyasətinə rayon ictimaiyyətinin elliklə dəstəyi nümayiş etdirilmişdir.
Ölkə başçısının tapşırıqlarına uyğun olaraq işsiz və aztəminatlı vətəndaşlar üçün həyata keçirilən güclü sosial müdafiə tədbirlərinə uyğun olaraq rayonda ictimai işlərə imkansız və işsiz vətəndaşların cəlb olunması, vətəndaşlara pensiya və sosial müavinətlərin təyin olunması, əmək qabiliyyətini itirmiş şəxslər barədə əlilliyin müəyyən edilməsi, müxtəlif təyinatlı yardımlara ehtiyacı olan ailələrin müəyyən edilərək dəstəklənməsi sayəsində aidiyyəti qurum rəhbərlərinə, ərazi icra nümayəndəliklərinə ciddi tapşırıqlar verilmiş və nəzarəti təmin etmək üçün şəlahiyyətli şəxslərdən ibarət tərkibdə komissiyalar yaradılaraq fəaliyyəti tənzimlənmişdir. Bu komissiyaların gördüyü işlər müntəzəm dinlənilmiş, hesabatlar müzakirə olunmuş, yol verilmiş nöqsanların aradan qaldırılması üçün müntəzəm olaraq, xüsusən karantin rejimi dövründə onlayın selektr müşavirələr keçirilmiş, eyni zamanda izahat işləri aparılmışdır. Aprel 2020-ci il tarixdə 200 nəfərdən artıq işaxtaran vətəndaşın ictimai işlərə cəlb olunması, müxtəlif xətlərlə 3000 nəfərə yaxın imkansız və güzəştli qrupdan olan ailəyə yardımların verilməsində şəffaflıq, ünvanlılıq, hər bir payın öz sahibinə çatdırılması təmin olunmuşdur.
Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın 13 mart 2020-ci il tarixli müşavirəsində qəbul olunmuş qərarın icra vəziyyətinin araşdırılması ilə əlaqədar rayon komissiyası yaradılmış və rayon İcra Hakimiyyəti başçısının 36 şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində karantin dövründə qərargahın tələblərinə əməl olunması vəziyyəti araşdırılmışdır. Araşdırma nəticələri rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 4 may 2020-ci il tarixli iclasında müzakirə olunmuşdur. Şuraya təqdim olunan yoxlama arayışı geniş müzakirə olunaraq fəaliyyətlərində yol verdikləri qanun pozuntularına görə dövlət qulluqçusu kimi onlara həvalə olunmuş vəzifələrə məsuliyyətsiz yanaşaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə və bununla da öz əmək funksiyalarının icrasını təmin edə bilmədiklərinə görə rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Qədirov Nəsir Lələkişi oğlu, Seyidlər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Quliyev Şahoğlan Ağaqulu oğlu və Nərimanov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əliyev Atamoğlan Abdulla oğlu tutduqları vəzifədən azad olunmuş, həmin nümayəndəliklər üzrə yoxlamanın nəticələrinə dair toplanılmış materiallar tədbir görülməsi üçün rayon prokurorluğuna göndərilmişdir. Bundan əlavə, bu sahədə öz fəaliyyətlərində nöqsan və pozuntulara yol vermiş rayon İcra Hakimiyyəti başçısının Dədə Qorqud və Sarıcalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinə intizam tənbeh tədbiri olaraq töhmət verilmiş və rayon İcra Hakimiyyəti başçısının müvafiq struktur bölmə rəhbərlərinə xəbərdarlıqlar olunmuşdur.
Ölkə başçısının təşəbbüsü ilə aparılan islahatların əsas xətlərindən biri olan korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, dövlət qulluqçularının şəffaf fəaliyyət göstərməsi istiqamətində Saatlı rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər daha geniş miqyasda aparılacaq, ötən aylar ərzində respublikada öz cinayət əməllərinə görə ifşa olunmuş vəzifəli şəxslərin aqibətindən nəticə çıxarmayanlar barədə ciddi ölçü tədbirləri görüləcəkdir.