Hərbi vəziyyətin elan edilməsi dövlət, xalq və ordunun birliyidir!
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistan tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal olunmuşdur. Azərbaycan təqribən 30 illik müstəqilliyi dövründə müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olmuşdur. Azərbaycan 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv seçildiyini vaxtdan BMT Nizamnaməsinə qoşulmaqla hər bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmışdır. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir. Hələ də Ermənistan BMT qarşısında öz öhdəliklərini kobud şəkildə pozur, bu qətnamələrə məhəl qoymur. Azərbaycan yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutur, mülki əhaliyə qarşı mütəmadi hərbi təxribatlar törədir.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmuş, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananlar olmuşdur. Bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlaması nəzərə alınaraq Azərbaycan Respublikasının bütün ərazisində 28 sentyabr 2020-ci il tarixdən saat 00:00-dan hərbi vəziyyət elan olunub.
Ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına adekvat cavabdır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insan könüllü kimi orduya yazılmış, şanlı ordumuza dəstək olduqlarını nümayiş etdirmişlər. Bu da Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir. Prezidentin Hərbi vəziyyət elan edilməsi ilə bağlı Fərmanı ilk növbədə xalq, dövlət və ordunun birliyinin təzahürüdür. Erməni işğalının qarşısının alınması istiqamətində beynəlxalq hüquq və normalar gözlənilməklə növbəti siyasətin davamıdır. Ölkədə hərbi vəziyyətin elan olunması və Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır. Bu Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olmasıdır.
Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Bütün dövrlərdə olduğu kimi, dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bu gün də Azərbaycanın əsas siyasi və mənəvi dəyəridir. Məhz həmin dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır.
Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyinin ən ali təcəssümüdür.
“Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı onu deməyə əsas verir ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır.