Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov martın 30-da Saatlı rayonunda partiyanın fəalları ilə görüşüb.

31 mart 2013 | 16:00

Ə.Əhmədov ilk öncə Saatlı rayonunda YAP-ın yeni istifadəyə verilən inzibati binası ilə tanış olub.
Gənclər Mərkəzində keçirilən görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev məlumat verərək bildirib ki, partiyanın 7522 nəfər üzvü 70 ilk ərazi təşkilatında birləşib və fəaliyyət göstərir. Üzvlərin 35 faizini gənclər, 30 faizini isə qadınlar təşkil edir. Lütvəli Şıxəliyev partiyanın fəaliyyətindən və qarşıda duran vəzifələrdən bəhs edib.
Fəallar qarşısında çıxış edən YAP-ın Sədr müavini Əli Əhmədov bildirib ki, bu gün Saatlı rayonunu əzəmətli, gözəl, inkişaf etməkdə olduğunu görmək insanda çox xoş təsir bağışlayır: "Saatlı rayonunda aparılan tikinti, abadlıq işlərini Azərbaycanın inkişafının bariz nümunəsi hesab etmək olar. Saatlı sözün həqiqi mənasında bu rayonda yaşayan, işləyən hər bir sakinə layiq səviyyədə inkişaf edir. Rayonda görülən işlər Prezident İlham Əliyevin dediyi kimi, xalqa xidmətin göstəricisidir. Azərbaycan dövlətinin, Heydər Əliyev siyasi xəttinin əsl qayəsi bundan ibarətdir ki, insanlar normal, sabit, təhlükəsiz şəraitdə, xoşbəxt yaşasınlar. İnsanların yaxşı yaşaması onların təbii haqqlarıdır. Əldə olunan nailiyyətlər, əhalinin həyat səviyyəsinin yüksəlişi dinamik, stabil iqtisadiyyatımızın düzgün, müdrik şəkildə idarə olunmasıdır. 10 il ərzində 20 dəfə büdcəsi artan Azərbaycanın hesabında bu gün 20 milyard manat vəsaiti var. Həll olunan problemlər imkanlarımızın artmasından irəli gəlir. Bu inkişafın dayanıqlı, əbədi olmasının yeganə yolu 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini müdafiə etmək və ətrafında daha sıx birləşməkdən ibarətdir".
Əli Əhmədov partiya fəallarının qarşısında duran vəzifələrdən də danışıb. Qeyd edib ki, hər bir partiya üzvü seçkilərdə fəal olmalı və qələbəmizin təmin edilməsində səylərini ortaya qoymalıdır.
Görüşdə YAP fəallarından əməkdar müəllim Oktay Məmmədov, Ruxsarə Səmədova, Rübabə Allahverdiyeva və başqaları çıxış edərək Saatlı rayon sakinlərinin 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində xalqımızın xoşbəxt gələcəyi naminə Azərbaycan Respublikasının Prezidenti , Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti görmək istədiklərini bildirdilər.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov görüşdə iştirak edib.

Keçidlər