Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü ilin birinci yarısında Saatlı rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə Saatlı rayon İcra Hakimiyyətinin başçısı S.N.Cabbarovun hesabat məruzəsindən

16 iyul 2014 | 15:00

                                                                                              2014-cü  ilin  birinci  yarısında  Saatlı  rayonunun sosial-
                                                                                              iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr
                                                                                              barədə Saatlı rayon İcra Hakimiyyətinin başçısı S.N.Cabbarovun
                                                                                              hesabat məruzəsindən
               

                                                                                               Ç I X A R I Ş


Hörmətli yığıncaq iştirakçıları!

Böyük inamla demək olar ki, 2014-cü ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş bu günkü yığıncaq ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni həyatında böyük dəyişikliklərin baş verdiyi, mühüm uğur və nailiyyətlərin qazanıldığı, Azərbaycanın beynəlxalq mövqeyinin daha da gücləndiyi tarixi bir mərhələdə keçirilir. Bu tarixi günlər həm də onunla əlamətdardır ki, xalqımız müasir Azərbaycanın memarı və qurucusu,  Ümummilli lider Heydər Əliyevin Azərbaycanda  rəhbərliyə gəlməsinin 45 illiyini böyük ruh yüksəkliyi və təntənə ilə qeyd edir.
İndi daha aydın başa düşülür ki, təməli ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyaları və möhtəşəm planları əsasında qoyulan milli inkişaf strategiyasının Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müasir idarəçilik təfəkkürü və siyasi uzaqgörənliklə davam etdirilməsi ölkəmizi hərtərəfli və dinamik inkişaf yoluna çıxarmışdır. Danılmaz həqiqətdir ki, son illər Azərbaycanın hər bir bölgəsində, eləcə də Saatlıda  görülən işlər cənab İlham Əliyevin imzaladığı və yerinə yetirilməsinə şəxsən nəzarət etdiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrasının məntiqi nəticəsidir.
Bir neçə gün öncə, iyulun 10-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının respublika ictimaiyyəti tərəfindən böyük  maraqla izlənilən geniş məzmunlu, proqram xarakterli nitqləri, söylənilən faktlar və rəqəmlər, gələcək vəzifələrimizi müəyyənləşdirən  dəyərli tapşırıq və tövsiyələri belə bir həqiqəti aydın şəkildə göstərdi ki, cənab İlham Əliyevin müdrik daxili və xarici siyasəti sayəsində ölkəmizin uzun illər üçün dinamik inkişafının, xalqımızın gələcək firavanlığının möhkəm təməli qoyulmuşdur.
Hörmətli yığıncaq iştirakçıları !
Tam əminliklə demək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Saatlı rayonu son illər dinamik inkişaf yoluna çıxmış, rayonun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermişdir.  Azərbaycanın hər bir bölgəsi kimi, Saatlı rayonunun da inkişafı  üçün  lazımi tapşırıq və tövsiyələrini verən, daima diqqət və qayğı göstərən cənab İlham Əliyev regionlara etdiyi səfərlər çərçivəsində 5 dəfə rayonumuzda olmuş, görülən işlərlə maraqlanmış,  əhali ilə  görüşlər keçirərək qaldırılan hər bir məsələnin həlli ilə bağlı öz tapşırıqlarını verərək  mühüm sosial məsələlərin icrası istiqamətində Sərəncamlar imzalamışdır. Sözsüz ki, bütün bunlar rayon sakinlərinin böyük ruh yüksəkliyinə və əmək coşqunluğuna stimul vermiş, əmək kollektivlərini iqtisadiyyatda, sosial-mədəni həyatda daha mühüm nailiyyətlər qazanmağa ruhlandırmışdır. 
Dövlət Proqramının icrasından ötən müddət ərzində görülmüş işlərin təhlili  və statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində uğurlu nəticələr əldə olunmuşdur. İqtisadiyyatda qazanılan uğurlar makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaratmışdır. 2014-cü ilin birinci yarısında əvvəlki ilin eyni dövrü ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi  4,7 faiz artaraq 105814,4 min manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmində özəl sektorunun xüsusi çəkisi 87,1 faiz təşkil etmişdir. Altı ayda ümumi məhsul istehsalının həcmi kənd təsərrüfatı üzrə 4,0  faiz, sənaye üzrə 22,4 faiz, nəqliyyat üzrə 7,2 faiz, tikinti üzrə 1,6 faiz, rabitə üzrə 33,9 faiz, ticarət üzrə 3,9 faiz artmışdır. Pərakəndə əmtəə dövriyyəsinin həcmi  7,1 faiz artaraq 66956,6 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 2,1 faiz artaraq 11518,7 min manat təşkil etmişdir. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq  261,0 manat olmuşdur.
Son illər Saatlı rayonu sözün həqiqi mənasında yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün rayonda görülən iri həcmli işlər hər kəsin diqqətini cəlb etməklə böyük razılıqla qarşılanır.  Şəhərin və ətraf ərazinin abadlaşdırılması istiqamətində tədbirlər ardıcıllıqla davam etdirilir. Yəqin bilirsiniz ki, ötən hesabat yığıncaqlarında mən abadlıq işləri ilə əlaqədar lazımı qədər məlumatlar vermişəm. Həmçinin qeyd etmişəm ki, bu işlər gələcəkdə daha geniş miqyasda davam etdiriləcəkdir. Xüsusən də, Saatlı şəhərinin mərkəzi hissəsi bizim hazırladığımız layihələr üzrə tamamilə yenidən qurulacaqdır.
Məlumunuz olduğu kimi,  Azərbaycan Respublikası Prezidentinin "Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında"  16 iyul 2013-cü il tarixli 3005 nömrəli  Sərəncamına əsasən 44 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən, 21,0 km uzunluğu olan Qarayevkənd-Smadakənd yerli əhəmiyyətli avtomobil yolunun tikintisi aparılmışdır. Ümumilikdə bu yolun Hacıqabul-Bəhramtəpə magistral avtomobil yoluna qədər  olan məsafəsi 23,2 kilometrdir ki, bundan 21,0 km-i Saatlı rayonu, 2,2 km-i isə Sabirabad rayonunun ərazisidir. Yolun rayon ərazisinə düşən 11,0 km-i və Sabirabad rayonu ərazisinə düşən 2,2 km-i tikilərək ötən il istifadəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin növbəti 27 mart 2014-cü il tarixli 354 nömrəli sərəncamı ilə həmin yolun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş 3,7 milyon manat vəsait ayrılmışdır. Hal-hazırda Smadakənd istiqamətində həmin yolun tikintisi davam etdiriliir.   Bundan əlavə uzunluğu 11 km olan Saatlı-Heydərabad yerli əhəmiyyətli avtomobil yolunda 1.4 miliyon manat dəyərində yenidən qurma işləri görülmüşdür. Uzunluğu 11 km olan Qara-Nuru-Məmmədabad-Əliabad yerli əhəmiyyətli avtomobil yolunda yenidən qurma işləri aparılır.
Azərbaycan Respublikası Prezidentinin 12 may 2011-ci il tarixli 1498 saylı Sərəncamı ilə Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisinə başlanılmışdır.  Olimpiya İdman Kompleksinin 800 tamaşaçı yerlik olan əsas korpusunun, 200 yerlik  üzgüçülük hovuzunun və 5 ədəd kotec binasının tikintisi başa çatdırılaraq 29 avqust 2013-cü il tarixdə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilərək işlərin birinci mərhələsi başa çatdırılmışdır. Hal-hazırda Olimpiya İdman Kompleksinin futbol meydançasının və digər tikililərinin inşası davam etdirilir.
2014-cü ilin birinci yarım ilində Saatlı rayonunda təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlər davam etdirilmişdir. Hal-hazırda V.Əsgərov adına şəhər 4 №-li tam orta və Məmmədabad kənd ibtidai məktəblərində son tamamlama işləri aparılır və hər iki məktəb yeni dərs ilində istifadəyə veriləcəkdir.
2014-cü ilin birinci yarım ilində rayonun Heydər Əliyev prospekti, H.B.Zərdabi, Nəsimi, Q.Qarayev, Nizami, Dədə-Qorqud, C.Cabbarlı  küçələrində  ümumilikdə  8750 m2 daş hasarlar təmir edilərək rənglənmişdir.Həmçinin H.Əliyev prospekti boyunca 2260 m2 sahədə səkilər  yüksək keyfiyyətli  beton  piltələr  istifadə olunaraq yenilənmişdir.  Şəhərin   Babək,  M.Ağayev, M.Əliyev, 28 May küçələri və onların dalanlarına ümumilikdə 21 min m2 qum-çınqıl qarışığından yol çəkilmişdir.
Abadlıq və ekoloji tədbirlər sırasında Saatlı şəhəri ərazisində yerləşən gölməçənin qurudulması ilə əlaqədar aparılan işlər hal-hazırda davam etdirilir. 
Əlisoltanlı kəndi ərazisində  istismar müddəti başa çatmış fin tipli qəsəbədə  məktəb və digər ictimai binalarda müvəqqəti məskunlaşmış 230 məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış qəsəbəsinin, o cümlədən 230 birmərtəbəli fərdi yaşayış evlərinin, içməli su, elektrik, qaz təchizatı və yol-küçə şəbəkəsinin, 198 şagird yerlik məktəbin (qazanxana ilə birlikdə), 50 yerlik uşaq bağçasının, klub-icma mərkəzinin, inzibati bianın, tibb məntəqəsinin və poçt binasının tikinti işlərinə 2013-cü ildə başlanılmış və 2014-cü ilin sentyabr ayına qədər təhvil verilməsi nəzərdə tutulmuşdur.  Hal-hazıradək qəsəbənin ərazisində 95 ev, inzibati bina, poçt, tibb məntəqəsi, klub-kitabxana və anbar binasında tikinti işləri başa çatdırılmış, su,qaz və elektrik xətləri çəkilmişdir.
Təhsil müəssisələri üçün yeni binaların tikilməsi, mövcud müəssisələrin  əsaslı təmiri və maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə başçısının tapşırıq və tövsiyələri rayonda geniş miqyasda həyata keçirilir. Belə ki, hal-hazırda rayon əhalisinin kompakt yaşadığı ərazilər nəzərə alınmaqla 2 yerdə hər biri 100 uşaq yerlik olmaqla körpələr evi-uşaq bağçası binasının tikintisi işlərinə başlanılmışdır.
2014-cü ilin ötən ayları ərzində rayonun idarə, müəssisə və təşkilatlarını, yerli icra strukturlarını və bələdiyyələri, əmək kollektivlərini cəlb etməklə ağacəkmə kompaniyası davam etdirilmişdir. Saatlı şəhərinin mərkəzi küçələri boyu,  park və xiyabanlarda, eləcə də Saatlı şəhərindən başlamaqla magistral avtomobil yolunun kənarlarında, kənd yaşayış məntəqələrinə gedən və hazırda yenidənqurma işləri aparılan yol kənarlarında, yaşıllıq salınan ərazilərdə müxtəlif növ həmişəyaşıl və dekorativ ağaclar, həmçinin yerli iqlim və şəraitə uyğun olan ağaclar, gül kolları əkilmişdir.  Cari ilin ötən ayları ərzində  30 min ədədə yaxın ağac əkilmişdir. 
Dövlət Proqramının qəbul edilməsindən ötən müddət ərzində sahibkarlığın inkişafı dəstəklənməklə yeni iş yerlərinin açılmasına xüsusi fikir verilmiş, yerli xammallar və ehtiyatlar nəzərə alınmaqla iş adamları və sahibkarların cəlb olunması ilə qeyri-dövlət sektorunda inkişafa hərtərəfli şərait yaradılmışdır. Hazırda rayonda 611 hüquqi, 4118 fiziki şəxs kiçik və orta sahibkarlıqla məşğul olurlar. 2014-cü ilin altı ayı ərzində 407 vahid yeni  iş yeri yaradılmışdır ki,  bundan 326 vahidi daimi iş yerləridir. Məhsul istehsalının həcminin yüksəlməsi, əmək haqlarının, pensiya və müavinətlərin artırılması və yeni iş yerlərinin yaradılması əhalinin pul gəlirlərinə müsbət təsir etmişdir. 2014-cü ilin altı ayında əhalinin  pul gəlirləri 225160,0 min manat olmuş,  əvvəlki ilin eyni dövrü ilə  müqayisədə  adambaşına düşən gəlirlər 3,2 faiz artaraq  2239,1 manat təşkil etmişdir. 
Sahibkarların dövlət tərəfindən dəstəklənməsi, fəaliyyətlərinə hüquqi və təşkilati yardımların göstərilməsi, kreditlərlə köməklik edilməsi önə çəkilmişdir. 2014-cü ilin birinci yarısında etil (yeyinti) spirtli, akoqollu içkilər və tütün məmulatlarının satışına razılıq verilməsi barədə rayon İcra Hakimiyyətinə müraciət etmiş 10 nəfər hüquqi və fiziki şəxsə tütün məmulatları üzrə 8, alkoqollu içkilər üzrə isə 4 (cəmi 12 ədəd) xüsusi razılıq (lisenziya) verilmişdir.  Bundan əlavə, sahibkarlığı inkişaf etdirmək, iş adamlarının fəaliyyəti üçün daha normal və hərtərəfli şərait yaratmaq məqsədilə hüquqi və fiziki şəxslərin müraciətləri əsasında onların mülkiyyətində, istifadə və ya icarəsində olan torpaq sahələrində ticarət, iaşə, bostan və tərəvəz məhsulları saxlanması üçün anbarlar, aptek və s. obyektlərin tikintisinə icazə verilmişdir.  
Dövlət vəsaitindən təyinatına görə səmərəli istifadə olunması, büdcədən maliyyələşən təşkilatlarda maliyyə intizamının gücləndirilməsi və xərclərin səmərəli istifadəsi ilə əlaqədar aidiyyəti təşkilat rəhbərlərinə, məsul vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilmiş, mövcud maliyyə resurslarından səmərəli istifadə olunmasına diqqət artırılmışdır. Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarla yanaşı, özəl sektorda da maliyyə-vergi sisteminin düzgün tətbiqinə, sığorta haqlarının yığımına  ciddi nəzarət olunmaqla işçilərin əmək haqlarının düzgün hesablanaraq vaxtında verilməsinə əməl olunmuşdur.
Cari ildə də rayon büdcəsi əsasən sosial yönümlü olmaqla proqnoz kimi nəzərdə tutulan 19 milyon 549 min  manat büdcənin xərclər və mədaxil üzrə göstəricilərinə əməl edilməsinə nəzarət yüksəldilmişdir. Ötən altı ayda rayonun yerli büdcəsinin mədaxili üzrə 3 milyon 223 min  manat proqnoza qarşı 3 milyon 278 min  manat əməl olunmuşdur. Büdcənin xərc maddəsi üzrə isə altı ayın proqnozuna 87,6 faiz əməl olunaraq nəzərdə tutulduğundan  1 milyon  116 min  manat az vəsait xərclənmişdir. Bununla yanaşı, büdcənin yerli gəlirlər üzrə proqnoz göstəricisi artıq icra olunmuş və nəzərdə tutulduğundan 55 min 400 manat artıq vəsait toplanılmışdır. Mədaxil üzrə 9 tədiyyə növündən yalnız 4 növ üzrə- fiziki şəxslərdən gəlir vergisi 99,7 min manat,  əlavə dəyər vergisi üzrə 440,8 min manat, sadə vergi üzrə 122,2 min manat, torpaq icarəsi üzrə 11,7 min manat istisna olmaqla, digər tədiyyələr üzrə proqnozlara əməl olunmuşdur.
Kənd təsərrüfatı bölməsində işin səmərəli şəkildə qurulması, dövlət tərəfindən məhsul istehsalçılarına göstərilən maliyyə və texniki dəstək, suvarma suyunun vaxtında verilməsi, kənd əməkçilərinin texnika ilə təminatı məhsul istehsalının artımına əlavə imkanlar yaratmışdır.  Bu sahədə əlbəttə ki, Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına maliyyə yardımı verilməsi kimi mühüm dövlət tədbirini xüsusi qeyd etməliyik. Rayonda istehsalçılara ödənilən subsidiyalarla bağlı sənədlərin Respublika Komissiyasına vaxtında təqdim edilməsi təmin olunmuşdur. Buğda əkininə görə subsidiyaların ödənilməsi (5350 nəfər buğda istehsalçısına) tam yerinə yetirilmiş, bu ilki əkinə görə ayrılan maliyyə yardımı üçün tələb olunan sənədlər hazırlanaraq aidiyyəti üzrə göndərilmişdir.
Saatlı Aqroservis filialı tərəfindən ötən 6 ay ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına 630 tona qədər güzəştli şərtlərlə  azot gubrə paylanmış, servisə məxsus  14 kombaynla 1800 hektara qədər taxıl sahəsi biçilmişdir. Bundan əlavə filialın maddi-texniki bazası gücləndirilərək 7 ədəd Avropa istehsalı olan kombaynlar  və 9,0 min manat dəyərində ehtiyat hissələri alınmış, 3 ədəd şum traktoru təmir olunaraq saz vəziyyətə gətirilmişdir ki, bunların texniki dəstəyi ilə istehsalçılara lazımı köməkliklər göstərilmişdir.
2014-cü ilin birinci yarımilində Saatlı rayonunda maldarlığın inkişaf etdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin “Toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 21 avqust 2008-ci il tarixli 3000 saylı Sərəncamı ilə əlaqədar yüksək məhsuldar cins mal-qaradan 26 baş “Aqrolizinq” ASC tərəfindən alınaraq rayona gətirilmişdir. 01 iyul 2014-cü il tarixə qədər həmin cins mal-qaradan 61 baş bala  alınmış, balalar damazlıq və diri çəkidə ət kimi satılmış, hal-hazırda həmin təsərrüfatlarda 52 baş mal-qara vardır.
  Hesabat dövründə 3554 ton diri çəkidə ət,19378  ton süd və 4618 min ədəd yumurta istehsal edilmişdir. Heyvandarlıq sahəsində artım müşahidə edilmişdir. Belə ki, hazırda rayonda bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qara 66789 baş,o cümlədən ana inək və camışların sayı 31595 baş,qoyun və keçilərin sayı 102951 baş olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə mal-qara 25 baş,  qoyun və keçilərin sayı isə 1562 baş artmışdır.
2014-cü ilin məhsulu üçün 2013-cü ilin payızında 21031 hektar taxıl əkilmişdir. Bunun 16740 hektarını buğda, 4291 hektarını isə arpa təşkil etmişdir. 01 iyul 2014-cü il  tarixə 16740 hektar buğda əkin sahəsindən 62105,4 ton buğda  məhsulu  yığılmışdır ki, bu da hər hektardan 37,1 sentner, 4291 hektar arpa sahəsinin hər hektarından isə 29,7 sentner olmaqla 12744,3 ton məhsul istehsal edilmişdir.
2014-cü ilin  birinci yarımilində rayon üzrə 3611 ha sahədə pambıq, 436 ha sahədə kartof, 2714 ha sahədə bostan, 931 ha sahədə tərəvəz əkilmişdir. 
Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün melorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi sahəsində 2014-cü ilin birinci yarım ilində kollektor-drenaj şəbəkəsində 168.06 km məsafədə 442.2 min m3 lildən təmizləmə işi aparılmış,ümumi uzunluğu 299 km olan suvarma kanallarında 778 min m3 mexanizmlə lildəntəmizləmə işləri aparılmışdır. O cümlədən 79 ədəd hidro-texniki qurğu, 4 ədəd istehsalat binası,13 ədəd hidropost və 4 nasos stansiyası təmir edilmişdir. Araz çayı üzərində nasos stansiyası yanında faşın hörgüsü vasitəsi ilə 276 m3 həcmində yamacbərkitmə işləri aparılmışdır.
Hesabat dövründə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların və müavinətlərin vaxtında və şəffaf şəkildə yerinə yetirilməsi nəzarətdə saxlanılmışdır. Ünvanlı sosial yardım proqramının qanunamüvafiq olaraq həyata keçirilməsinə xüsusi diqqət ayrılır. 2014-cü ilin birinci yarısında  ünvanlı sosial yardımla əlaqədar rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə müraciət etmiş 1153 ailənin hamısının sənədləri qeydiyyata alınmış və onlardan 513 ailəyə komissiyanın müvafiq qərarına əsasən təyinat aparılmışdır. Müqayisə üçün deyə bilərəm ki, ötən ilin birinci yarımilində Mərkəzə müraciət edən 883 ailədən 625 ailəyə yardım təyin edilmişdir. Ünvanlı sosial yardım təyin olunmuş və işləri faktiki olaraq fəaliyyətdə olan hər bir ailəyə orta hesabla 129,81 manat ünvanlı yardım verilmişdir ki, adambaşına düşən sosial yardımın orta məbləği 29,05 manat təşkil etmişdir.  Bundan əlavə Mərkəz tərəfindən rayon üzrə 3481 nəfərə aylıq sosial müavinət, Prezident təqaüdü, kompensasiyaların təyinat və ödənişi aparılmışdır. Mərkəzin sosial-məişət xidməti sektoru tərəfindən rayonda uçotda olan 107 nəfər tənha və kimsəsiz vətəndaşa 12 nəfər sosial işçi tərəfindən evlərində xidmət göstərilmişdir. Cari ilin altı ayında 7 nəfər Qarabağ müharibəsi əlili, 6 nəfər hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar və 1 nəfər Böyük Vətən Müharibəsi əlili  pulsuz olaraq minik avtomobilləri ilə  təmin edilmişdir.
Ölkədə həyata keçirilən əsaslı sosial müdafiə tədbirlərinə uyğun olaraq DSMF Saatlı şöbəsi də "2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələrlə bağlı müvafiq tədbirləri yerinə yetirir. Belə ki, 2014-cü ilin altı ayında   məcburi dövlət sığorta haqları üzrə 1947,5 min manat proqnoza qarşı, şöbə tərəfindən 1955,9 min manat faktiki icra təmin edilərək tapşırığa 100,4 faiz əməl edilmişdir. Altı ay ərzində  əmək pensiyası almaq məqsədilə müraciət etmiş 430 nəfərin 377 nəfərinə pensiya təyin edilmiş, 55 nəfərin sənədlərinin düzgünlüyü yoxlanılmaq üçün aidiyyəti üzrə göndərilmişdir. DSMF-nin Saatlı şöbəsinin uçotunda olan 12794 nəfər vətəndaş tam olaraq bankomatlar vasitəsi ilə pensiya və müavinətlərini şəffaf şəkildə almışlar. Onu da diqqətinizə çatdırım ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsi 01 yanvar 2014-cü il tarixdən indeksləşməyə əsasən 2,4 faiz artırılmışdır. 
2014-cü ilin ötən altı ayı ərzində rayon İcra Hakimiyyəti əhalinin aztəminatlı təbəqəsinin, şəhid ailələrinin, Qarabağ, Çernobıl və Əfqanıstan əlillərinin, xəstə və imkansız vətəndaşların, məcburi köçkünlərin bir sözlə, ehtiyac və qayğıları ilə bağlı müraciət edən hər bir şəxsin probleminin həllinə diqqətlə yanaşaraq maddi yardımlar, pul və ərzaq köməkliyi, evinin bərpa və təmiri ilə bağlı tikinti materialları ilə əlaqədar köməklik, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün ən zəruri yardımlar edilmiş, güzəştli ailələrin mənzil növbəsi uçotu yenidən dəqiqləşdirilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur. Həmçinin imtiyazlı qrupdan olan gənc ailələr qeydiyyata alınaraq onların mənzil-məişət problemlərinin həlli ilə bağlı aidiyyəti mərkəzi icra orqanlarına məlumatlar təqdim olunmuşdur.
Məşğulluq Proqramında nəzərdə tutulan tədbirlər ardıcıl olaraq yerinə yetirilmiş, iqtisadi mühitin və əmək bazarının inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin səmərəli məşğulluğunun yüksəldilməsinə diqqət artırılmışdır. Belə ki, 2014-cü ilin birinci yarısında rayon Məşğulluq Mərkəzində 154 nəfər qeydiyyata alınmışdır. Qeydiyyatda olan vətəndaşlardan 6 ay ərzində 130 nəfəri münasib işlə təmin olunmuş, 12 nəfərə isə işsizlik statusu və 15 nəfərə işsizlik müavinəti təyin edilmişdir.  Məşğulluq Mərkəzində 36 nəfər işsizlik statusu olmaqla cəmi 626 nəfər işaxtaran vətəndaş qeydiyyatdadır. Birinci yarımildə işlə təmin edilən 130 nəfərin 33 nəfəri qadın, 66  nəfəri ilk dəfə iş axtaran və 40 nəfəri gənclər olmuşdur. İşlə təmin olunanların 14 nəfəri qulluqçu, 116 nəfəri fəhlə peşəsi üzrə və 11 nəfər kvota yeri üzrə işlə təmin olunmuşdur.
Ötən müddət ərzində rayonda fəaliyyət göstərən bank filialları tərəfindən əhaliyə xidmət işi genişləndirilmişdir. Bütün ödəmələrin bankomatlar vasitəsi ilə plastik kartlarla ödənilməsi təmin edilir, sahibkar fiziki şəxslərə öz fəaliyyətlərinin genişləndirilməsi, digər vətəndaşlara isə istehlak mallarının alınması məqsədilə kreditlər verilir.          
2014-cü ilin birinci yarımilində  rayon mərkəzi və kənd EATS-lərində mövcud telefonların bərpası və yeni telefon çəkilişinə 5,2 min manat sərf olunmuşdur. Şəhər və kənd EATS-lərindən telefon çəkilişi işləri mövcud xətt şəbəkəsindən istifadə olunmaqla şəhər mərkəzində 30 abunəçiyə və kənd EATS-lərindən ayrı-ayrı kəndlər üzrə 17 abunəçiyə telefon çəkilişi aparmaqla 47 abunəçiyə telefon çəkilmişdir. Şəhər və kənd EATS-ləri ərazisində telefon çəkilişi aparmaqla yanaşı, mövcud kabel-kanalizasiya quyularında və hava rabitə xətlərində cari təmir işləri görülmüşdür.Hava rabitə xətlərində cari təmir işləri aparılaraq, H.Əliyev prospekti, A.Abuzərov, H.B.Zərdabi, Nizami küçələri boyunca texniki normaya gətirilmişdir.  2014-cü ilin birinci yarımilində əhaliyə və təşkilatlara yüksək sürətli internet xidməti göstərilməsi işləri davam etdirilmişdir. Bu məqsədlə 3 EATS-da 128,48,24 portluq ADSL avadanlığı quraşdırılaraq abunəçilərin yüksək sürətli internetə qoşulması təmin edilmişdir. Hal-hazırda şəhər və kənd EATS-ləri üzrə 1018 abunəçi yüksək sürətli internet xidmətindən istifadə edir. Rayon üzrə son altı ay ərzində 161 abonent sürətli internetə qoşulmuşdur.
Hesabat dövründə rayon İcra Hakimiyyətinin gündəlik diqqət ayırdığı sahələrdən biri əhalinin elektrik enerjisi, qaz və içməli su təminatının yaxşılaşdırılması, mövcud olan problemlərin müəyyən edilərək aradan qaldırılması, bu sahələrdə neqativ halların baş verməməsi üçün sayğaclaşmanın başa çatdırılması, istehlak olunan elektrik enerjisi, qaz və suyun dəyərinin bütünlüklə toplanılmasına nəzarətin artırılması olmuşdur.
2014-cü ilin altı ayında rayonun enerji sisteminin bilavasitə dayanıqlığını artıran bütün istehlakçıları fasiləsiz və keyfiyyətli enerji ilə təmin etmək məqsədi ilə işlərin icrası davam etdirilmişdir. Belə ki, rayonun Soltanabad kəndində enerji itkisinin qarşısını almaq məqsədi ilə 10 kv-luq Mircəlal hava xəttindən qidalanan 160 kva transformatorun 0.4 kv-luq tərəfində 1200 metr istismara yararsız naqillər SİP kabellə əvəz olunmuşdur. Həmçinin rayonun Soltanabad kəndində əhali tərəfindən çəkilmiş standartlara cavab verməyən dayaq və naqilləri standartlara uygunlaşdırmaq məqsədi ilə 200 metr SİP (4x50 mm2 markalı) kabel xətti çəkilmişdir.Həmin kənddə 10 kv Mircəlalkənd h/x-də AS-50 markalı naqil və ŞS-10 tipli izolyator dəyişdirilmişdir. 35/6 kv-luq Qaralar h/x –də qidalanan 6 kv. Sabir h/x-də 250 metr 6 kv. Qaralar h/x –də 150 metr AS-50 markalı naqillər dəyişdirilmişdir. Qara-Nuru kəndi ərazisində yerləşən 35/10 kv-luq Qara-Nuru yarım stansiyasında 4,0 MVA gücündə transformator əsaslı təmir olunaraq yerinə bərpa olunmuşdur.
Dədə-Qorqud kəndində yerləşən 35/10 kv-luq Dədə-Qorqud yarım stansiyasından 35 kv-luq tərəfindən VT-35 tipli yağ açarı istismara yararsız halda olduğu üçün yeni VT-35 tipli yağ açarı ilə əvəz olunmuşdur.Enerji sisteminin dayanıqlığını artırmaq və istehlakçıları fasiləsiz və keyfiyyətli enerji ilə təmin etmək məqsədi ilə rayonun dörd kəndinə xidmət edən 35/10kv Kirov yarım stansiyasında 4.0 MVA gücündə transformator əsaslı təmir olunmuşdur.Hal-hazırda Dəllər kəndində “Azenco” ASC tərəfindən bir qrup istehlakçıya 10/0.4 kv-luq dayaq bastırmaqla elektrik verilişi xətti çəkilir və mövcud qaydalara uyğun olaraq 100 kva gücündə transformator yarım stansiyası quraşdırılacaqdır. Rayonun Nərimankənd kəndində 6 ədəd, Qara-Nuru kəndində 3 ədəd, Şirinbəy kəndində 3 ədəd, Musalı kəndində 5 ədəd dayaq dəyişdirilərək, yenisi ilə əvəz olunmuşdur. Altı ay ərzində Seyidoba kəndində 1 ədəd, Qara-Nuru kəndində 1 ədəd, Mircəlalkənd kəndində 2 ədəd, Mustafabəyli kəndində 1 ədəd transformator əsaslı təmir olunaraq yerlərinə bərpa olunmuşdur. 2014-cü ilin birinci yarısında rayonun Azadkənd kəndində 347 ədəd yeni SMART-kart tipli sayğac, SMART olmayan ərazilərdə isə 870 ədəd sayğac quraşdırılmışdır.
Hesabat dövründə qazlaşdırma tədbirləri dövlət proqramı çərçivəsində davam etdirilmişdir. Bu sahədə işlər başlanandan hal-hazıradək rayonun 44 yaşayış məntəqəsindən Saatlı şəhər, Mollavazlı, Qıraqlı, Mustafabəyli, Bəylik və Novruzlu kənd yaşayış məntəqələrinə təbii qaz verilişi təmin edilmiş, Qarayevkənd, Xanlarkənd, Çolpı, Soltanabad, Mircəlalkənd, Nəsimikənd, Smadakənd, Yeni Novruzlu, Bəylər, Əlisoltanlı və Potubəyli kəndlərinin  təbii qaz təminatını bərpa etmək üçün qaz xətlərinin çəkilişinə başlanılmışdır.
2014-cü ilin birinci yarımilində Saatlı QİS-nin xidməti ərazisində 322 abonent qeydə alınaraq təbii qazla təmin edilmişdir. Ümumilikdə, 5945 abonent yeni “ELSTER” G-4T tipli qaz sayğacı ilə təmin olunmuşdur. Şəhərin M.Müşfiq küçəsində “Azəriqaz” İB-nin təmir-tikinti idarəsi tərəfindən təmir işləri aparılaraq köhnə qaz xətlərinin yerinə  yeni qaz xətləri çəkilmişdir. Gələcəkdə rayonun bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulmuşdur.
«Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi» çərçivəsində su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması sahəsində Saatlı şəhəri və ətraf kəndlərdə istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının aparılması üçün su anbarı, nasos stansiyası, içməli su laboratoriyası və əməliyyat mərkəzi, şəhərdaxili paylayıcı su xətləri, 395 ədəd yanğın hidrantı, ikinci dərəcəli su kollektorları və 11 ədəd kanalizasiya nasos stansiyasının tikintisi ilə bağlı layihənin icrasına 2012-ci ilin sentyabr ayından başlanmışdır. Ötən müddət ərzində 43471.75 p.m həcmində iş görülmüşdür ki,bu da ümumi yerinə yetirilməli olan işlərin 70.6 faizini təşkil edir. Saatlı şəhəri ərazisində şəbəkə su xətti 25000 p.m Saatlı şəbəkə kanalizasiya xətti 8525 p.m həcmində icra olunmuşdur. Su anbarının tikinti işləri  davam etdirilir.
Rayon İcra Hakimiyyəti ötən dövrdə yaşayış məntəqələrində içməli su qurğularından istifadə edilməsi, yenilərinin tikilməsi və şəhər əhalisini təmiz içməli su ilə təmin etmək üçün mövcud su qurğuları sisteminə nəzarətin gücləndirilməsinə başlıca diqqət ayırmış, daxili imkanlar səfərbər edilmişdir. Bilirsiniz ki, rayonun 28 yaşayış məntəqəsində 434 bulaqdan ibarət modul tipli sutəmizləyici qurğular tikilərək istifadəyə verilmişdir ki, bunların xidmətindən hazırda 56 min nəfərə yaxın rayon sakini istifadə etməkdədir. Yaxşı haldır ki, rayonun 17 kənd yaşayış məntəqəsində sudurulducu qurğuların yanında hər birinin tutumu 20-30 ton olan  su anbarları inşa olunub istifadəyə verilmişdir. 
Ötən müddət ərzində də təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinə böyük diqqət yetirilmiş, vacib sosial layihələrin həyata keçirilməsinə aidiyyəti dövlət qurumları ilə birgə lazımı səylər göstərilmişdir. Əlbəttə, rayonda Tibb Kollecinin açılması orta tibb işçisinə olan ehtiyacları da aradan qaldıracaqdır. Mərkəzi Rayon Xəstəxanası, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması, güzəştli xəstələrə və uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin daha da artırılması sahəsində tədbirlər mütəmadi olaraq həyata keçirilmişdir. Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir olunması insanların daha gözəl şəraitdə müayinə olunmalarına  və müalicə edilmələrinə  geniş imkanlar yaratmışdır. Xəstəxana təmirdən sonra müasir tibbi avadanlıqla və lazımi texniki vasitələrlə təchiz olunmuşdur. Müasir tibbi avadanlıqlardan istifadə üçün Mərkəzi Xəstəxananın həkimləri qısamüddətli tibbi kurslara cəlb olunmuşdur. Əhalinin sağlamlığının qorunması istiqamətində millət vəkili, akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə səhiyyənin müxtəlif sahələrini əhatə edən həkim briqadaları tərəfindən rayonda müayinə və müalicəyə ehtiyacı olan əhaliyə tibbi köməkliklər göstərilmişdir.
Yaxşı haldır ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə rayonda açılan Tibb Kolleci bu ildən fəaliyyətə başlayacaqdır. Kollecin binasında əsaslı təmir, yenidənqurma işləri aparılmaqla tədrisin lazımı səviyyədə təşkili üçün şərait yaradılmışdır. Tibb Kollecində "tibb bacısının işi" ixtisası üzrə 3 illik təhsil bazasında 40 nəfər tələbə təhsil alacaqdır ki, onlardan da 20 nəfəri ödənişsiz təhsilə cəlb ediləcəkdir.  Eyni zamanda məlumat üçün bildirirəm ki, bölgədə fəaliyyət göstərən Azərbaycan Kənd İnvestisiya Layihəsi Təşkilatı yerli icmaların təkliflərini dəstəkləməklə, zəruri ehtiyaclar nəzərə alınaraq həyata keçirilən tədbirlər çərçivəsində rayonun Qarayevkənd və Yeni Novruzlu kəndlərində tibb məntəqələri üçün müasir binalar tikmişdir. Yaxın vaxtlarda həmin tibb məntəqələri açılmaqla əhalinin istifadəsinə veriləcəkdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev vətəndaşların tibbi müayinədən keçirilməsinin əhalinin sağlamlığı işində böyük rol oynadığını əksər tədbirlərdə diqqətə çatdırmışdır. Yəqin bilirsiniz ki, ölkə başçısı 2012-ci il oktyabr ayının 27-də əsaslı şəkildə yenidən qurulan Mərkəzi Rayon Xəstəxanasının açılışında xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə məhz bu məsələni qeyd edərək respublika ictimaiyyətinə bir çağırış etmişdir. İnsanların sağlamlığının ən vacib məsələ olduğunu, bunun üçün bütün lazımı tədbirlərin görüldüyünü və məsələyə kompleks şəkildə yanaşıldığını qeyd edən cənab İlham Əliyev həmin görüşdə demişdir: "İnsan öz sağlamlığını özü qorumalıdır, hər bir vətəndaş ildə bir dəfə mütləq müayinədən keçməlidir".
Hörmətli yığıncaq iştirakçıları!
Azərbaycan Prezidentinin bu çağırışı bütün ölkə miqyasında böyük razılıqla qarşılanaraq insanların könüllü tibbi müayinəsi geniş şəkildə davam etdirilir. Saatlı rayonunda 54296 nəfər sakin tibbi müayinədən keçmiş, onlardan 13146 nəfəri ambulator, 103 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 44 nəfər isə Bakı şəhərinin müxtəlif klinikalarına müayinə və müalicə üçün göndərilmişdir.  Tibbi müayinədən keçən əhalinin 53918 nəfəri 18 yaşdan yuxarı olan vətəndaşlar olmuşdur. Profilaktik müayinədən keçən əhalinin 4012 nəfəri laborator, 938  nəfəri rentgen, 403 nəfəri USM, 514 nəfəri EKQ, 289 nəfəri isə digər müayinələrdən keçirilmişlər. Əhalinin böyük izdihamla və rahatlıqla profilaktik müayinələrdən keçməsi respublikanın əksər kütləvi informasiya vasitələrində, o cümlədən yerli «Dönüş» qəzetində geniş işıqlandırılmış, ölkə başçısının bu sahədəki tapşırığı, əhalinin sağlamlığına böyük qayğısı rəğbətlə qarşılanmışdır.
Hesabat dövründə ideoloji  işin  təşkili  məqsədilə  aparılan  tədbirlər sırasında Heydər Əliyev mərkəzinin  işinin  təkmilləşdirilməsi  ilə əlaqədar yaradılmış  tədqiqat qrupları tərəfindən məqsədyönlü işlər davam etdirilmişdir.  Azərbaycan  Prezidenti  cənab  İlham  Əliyevin  məruzə  və  nitqlərində  ölkənin  ictimai – siyasi  həyatında  baş  verən  hadisələrlə  bağlı  fikirlərin,  sosial – iqtisadi  inkişaf və  həyata  keçirilən  genişmiqyaslı  layihələr  haqqında  dolğun  məlumatların  öyrənilməsi,  operativ  qaydada  əhaliyə  çatdırılması  məqsədilə   yaradılmış  5  təbliğat  qrupunun  fəaliyyəti  daha da  gücləndirilmişdir.  Bu  qruplar  Mərkəzin  tədbirlər  planına  uyğun  olaraq  rayonun  bütün  yaşayış  məntəqələrində,  idarə,  müəssisə  və  təşkilatlarında  əhali  və  əmək  kollektivləri  ilə  görüşlər  keçirmiş,  bu  görüşlərdə  cənab  İlham  Əliyevin  keçirdiyi  qəbullar,  iştirak  etdiyi  tədbirlər,  səfərlər  haqqında  məlumatlar,  çıxışlar,  onlara  dair  şərhlər  və  tövsiyələr, Ulu  Öndər  Heydər  Əliyevin  siyasi  kursunun  bu  gün  respublikamızın  Prezidenti  cənab  İlham  Əliyev  tərəfindən  uğurla  həyata  keçirildiyi barədə məlumatlar  vətəndaşların  diqqətinə  çatdırılır. İdeya-siyasi işlə bağlı rayonda təşkil olunan tədbirlər, həmçinin Heydər Əliyev Mərkəzində qeyd olunan bütün tədbirlər yerli «Dönüş» qəzetində və respublikanın müxtəlif kütləvi informasiya vasitələrində vaxtlı-vaxtında işıqlandırılır, habelə rayon ictimaiyyəti məlumatlandırılır. 
      Ordu sıralarına çağırış və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı məsələlərin icrası daimi nəzarətdə saxlanılmış, vətəndaşların həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrasını təmin etmək məqsədilə təşkilati, ideya-siyasi işlər tələb olunan səviyyədə qurulmuşdur. Gənclər arasında "Cəsurlar", "Şahin" hərbi idman oyunları keçirilmiş, vətənpərvərlik mövzusunda dəyirmi masalar, görüşlər, mühazirələr və sərgilər təşkil edilmişdir. Gənclərin ordu sıralarına göndərilməsi mütəşəkkilliklə keçirilmiş, çağırışçılar hərbi hissələrə ictimaiyyətin nümayəndələrinin iştirakı ilə təntənəli şəkildə yola salınmışlar. Cari ilin birinci yarısında rayonun idarə, müəssisə və təşkilatları, yerli bələdiyyələr və  sahibkarlar  tərəfindən könüllü qaydada Silahlı Qüvvələrin yardım fonduna ümumilikdə 55785 manat vəsait köçürülmüşdür .
Ötən müddət ərzində dövlət başçısının göstərişləri əldə rəhbər tutularaq bütün neqativ hallara, o cümlədən, korrupsiya, rüşvətxorluq, süni qiymət artımı, vergidən yayınma, bir sözlə ölkədə həyata keçirilən quruculuq işlərinə kölgə salan bütün xoşagəlməz hallara qarşı tədbirlər həyata keçirilmişdir. Əvvəlki hesabat yığıncaqlarında, rayon İcra Hakimiyyəti başçısı aparatında keçirilən seminar-müşavirələrdə bu məsələlərlə bağlı vəzifələr müəyyənləşdirilmişdir.  Eyni zamanda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması məqsədi ilə «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın və «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı əsasında təsdiq olunmuş  Milli Fəaliyyət Planının müddəaları rəhbərlik və icra üçün qəbul edilərək rayon İcra Hakimiyyətinin, şəhər və kənd inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərinin və aidiyyəti təşkilatların gələcək vəzifələri müəyyənləşdirilmiş, rayon İcra Hakimiyyətinin müvafiq fəaliyyət planına əsasən işlərin görülməsi bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Bu sahədə Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Asan Xidmət" səyyar qrupunun rayonda göstərdiyi xidmətləri xüsusi vurğulamaq lazımdır. Belə ki, "Asan Xidmət"in müasir texniki avadanlıqlarla təchiz edilmiş 2 xüsusi avtobusu rayonda olmaqla 9-18 iyun tarixlərində (10 gün) vətəndaşlara şəxsiyyət vəsiqələrinin, sürücü vəsiqələrinin verilməsi, əmlakın sənədləşdirilməsi və s. sənədlərin alınması üçün səyyar xidmət göstərmişdir ki, bu da əhali tərəfindən böyük razılıqla qarşılanmışdır. Xidmət dövründə rayon üzrə 1805 nəfər müraciət etmişdir ki, onlardan 1441 nəfərinə müxtəlif sənədlər verilmiş, 364 nəfərə isə lazımı məsləhətlər verilərək aidiyyəti üzrə göndərilmişdir.
Hesabat dövründə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyələri rəhbər tutularaq əhali ilə hər həftə keçirilən səyyar qəbullara, görüşlərə xüsusi fikir verilmiş, qaldırılan problemlərin həlli istiqamətində son illərin ən yaxşı təcrübəsi olan, insanlarla birbaşa təmas yaratmaqda ən faydalı vasitə olan səyyar qəbulların əhəmiyyətindən lazımınca istifadə edilməsinə başlıca yer ayrılmışdır. 
2014-cü ilin altı ayı ərzində şəhər və kənd yaşayış məntəqələrində 28 səyyar qəbul  keçirilmişdir ki, bu səyyar görüşlərdə 2394 nəfər rayon sakini iştirak etmişdir. Keçirilən səyyar qəbullarda əhali tərəfindən irəli sürülən 146 təklif və sorğuda olan məsələlərdən 41-i yerində həll  olunmuş, 102  təklifdə qaldırılan məsələlər nəzarət qaydasında aidiyyəti idarə, müəssisə və təşkilatlara tapşırılmaqla yerinə yetirilməsinə müntəzəm diqqət göstərilmiş, 3 təklif barədə isə yuxarı orqanlara məktub ünvanlanmışdır.
Vətəndaşların rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizə və şikayətlərinə, Prezident Administrasiyasından daxil olmuş məktublara  baxılması, müraciətlərdə qaldırılan problemlərin diqqətlə araşdırılması, onların yaranma səbəblərinin ətraflı təhlil edilməsi əsas götürülmüş və bu sahədə normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət gücləndirilmişdir. Rayon İcra Hakimiyyətinə daxil olan bütün müraciətlər, o cümlədən ərizə,şikayət və təkliflər Sənədlərlə və vətəndaşların müraciətləri il iş şöbəsində qeydiyyata alınmış, hər bir müraciətə qeydiyyat-nəzarət vərəqələri tərtib olunaraq struktur bölmələrinə paylanılmış,  nəzarətə götürülmüş müraciətlərin qısa müddətdə icrası  təmin olunmuşdur. Ümumiyyətlə, daxil olmuş bütün müraciətlər diqqətlə öyrənilərək araşdırılmış, lazım gəldikdə icra üçün aidiyyəti üzrə təşkilatlara göndərilmiş,vəzifəli şəxslərin müraciətlərin araşdırılmasındakı fəaliyyəti təhlil edilmişdir. Bundan əlavə, cari ilin may-iyul aylarında Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin imzası ilə daxil olmuş Beyləqan, Lerik və İmişli rayon İcra Hakimiyyətləri başçılarının aparatlarında, dövlət hakimiyyət orqanlarının yerli qurumlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin vəziyyəti haqqında yoxlama arayışları rayon İcra Hakimiyyətində geniş müşakirə olunmuş, hər həftə keçirilən seminar-müşavirələrdə ərazi icra nümayəndələrinə və digər müvafiq qurumlara tapşırıqlar verilmiş, sözügedən arayışlarda qeyd olunan xarakterik nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər planı təsdiq edilərək icrası nəzarətə götürülmüşdür.
          Görülmüş tədbirlər nəticəsində 2014-cü ilin birinci yarısında rayon İcra Hakimiyyətinə daxil olan vətəndaş müraciətlərinin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə azalmışdır. Belə ki, 2014-cü ilin birinci yarısında 1009 müraciət daxil olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 398 ədəd azdır. Ümumiyyətlə, altı ayda daxil olan müraciətlərdən 735 ədəd birbaşa rayon İcra Hakimiyyətinə daxil olmuş, 212 ədədi Prezident Administrasiyası, 14 ədədi Nazirlər Kabineti, 13 ədədi Milli Məclis və  35 ədəd isə digər mərkəzi icra orqanlarına daxil olmuşdur ki, baxılmaq üçün rayon İcra Hakimiyyətinə göndərilmişdir. Prezident Administrasiyasına rayondan göndərilən müraciətlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 145 ədəd azalmışdır. 2014-cü ilin birinci yarısında daxil olmuş ərizələrin 137 ədədi  şikayət xarakterli olmuşdur. Şikayət ərizələrindən 75-i Prezident Administrasiyasından baxılmaq üçün rayon İcra Hakimiyyətinə göndərilmişdir ki, bundan da 10 ədədi  nəzarət qaydasında icra edilmişdir.  Müqayisə üçün deyə bilərəm ki, ötən  ilin birinci yarısında nəzarət qaydasında baxılan müraciətlərin sayı 17 ədəd olmuşdur.
Hesabat ilində rayon İcra Hakimiyyəti başçısı aparatının və İƏD üzrə icra nümayəndəliklərinin fəaliyyətinin Azərbaycan Respublikası Qanunlarının, Prezidentin Fərman və Sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının əhali arasında təbliği və izahı, yerlərdə həyata keçirilməsi ilə əlaqədar dövlət idarəçiliyinin daha sevik, müasir stil və metodlarından istifadə edilməsinə diqqət daha da artırılmış, ilk növbədə icraya nəzarətin təşkilinə xüsusi önəm verilmişdir.
"Yerli İcra Hakimiyyətləri haqqında" Azərbaycan Respublikası Prezidentinin  2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş Əsasnamənin tələblərinə, "Dövlət qulluğu haqqında"  Qanunun və digər normativ –hüquqi aktların müddəalarına uyğun olaraq rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Şuranın, icra aparatının şöbələrinin və rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd İƏD üzrə nümayəndəliklərinin illik iş planlarının, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı cari və perspektiv proqramların daha mükəmməl, hərtərəfli və aktual olmaqla əvvəlki hesabat yığıncaqlarında deyilmiş təklifləri özündə əks etdirərək hazırlanması təmin olunmuş, həmin plan və proqramların icrasının yerinə yetirilməsinə nəzarət gücləndirilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin, Prezident Administrasiyasının şöbə və struktur bölmələrinin icra üçün göndərilmiş məktubları, tapşırıq və tövsiyələri rəhbər sənədlər kimi qəbul edilərək ilk növbədə rayon İcra Hakimiyyətinin fəaliyyətinin hesabatlılığına və şəffaflığına diqqət artırılmışdır. 2014-cü ilin birinci yarısında  rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Şuranın keçirdiyi 17 iclasda rayonun sosial-iqtisadi, mədəni-siyasi həyatı, vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatı, əsasən sosial yönümlü məsələlərlə bağlı cari layihə və təkliflərin müzakirəsi də nəzərə alınmaqla 33 məsələ müzakirə edilərək Şuranın müvafiq tövsiyələri qəbul edilmiş, qəbul edilmiş qərarların, tapşırıq və tövsiyələrin icra vəziyyəti mütəmadi olaraq  nəzarətdə saxlanılmışdır.
Hörmətli yığıncaq iştirakçıları!
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında Saatlı rayonu üzrə nəzərdə tutulan tədbirlərin icra vəziyyəti, 2014-cü ildə və növbəti illərdə qarşıda duran vəzifələr barədə mən əsasən məlumat verdim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən daxili və xarici siyasətin başlıca məqsədi- hər şey insan naminə, insanın rifahı üçün olan proqram müddəası indi getdikcə daha dərin, daha konkret məzmun kəsb edir. Zaman yuxarıdan aşağıyadək hər bir insanın gərgin və yaradıcılıqla işləməsini tələb edir. Hamımız birgə işləməli, vətəndaşlıq borcumuzu yerinə yetirməli, cəmiyyətin rifahı naminə vicdanla çalışmaq nümunəsi göstərməliyik. Bu sözlər ilk növbədə dövlət hakimiyyət, idarəetmə və icra strukturlarında çalışanlara aiddir. Hesab edirəm ki, indidən qüvvələri toplamalı və bütün ehtiyat mənbələrini səfərbərliyə almalıyıq. Bir sözlə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin tərəqqisi naminə tapşırıq və göstərişlərinin icrası hər birimizdən daha yüksək əzm və səylə işləməyi tələb edir.
Bu günkü yığıncaqda qarşıda duran vəzifələri qisaca da olsa müəyyənləşdirərkən bir daha bildirmək istəyirəm ki, istəyimiz  Saatlının daha abad və müasir görkəmi olan bir rayona çevrilməsidir, insanlarımızın rahat və firavan həyatının təmin edilməsidir. Yəqin ki, yığıncaqda çıxış edən natiqlər hazırkı dövrdə və gələcəkdə bizi gözləyən vəzifələrlə bağlı öz üzərlərinə düşən işlərdən daha geniş danışacaq, rayonun iqtisadiyyatının və sosial-mədəni  həyatının davamlı inkişafı naminə əməli təkliflər irəli sürəcəklər.
İcazə verin, rayon ictimaiyyəti və yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarını əmin edim ki, Saatlı rayon İcra Hakimiyyəti bundan sonra da rayonun sosial-iqtisadi inkişafı istiqamətində daha ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirəcək, dövlət başçısının fərman və sərəncamlarından, tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi sahəsində bütün imkanları səfərbər edəcəkdir.

Keçidlər