Dədə Qorqud kəndində səyyar qəbul - görüş keçirildi.
İyulun 16-da Saatlı rayon İcra Hakimiyyətinin Başçısı Siraqəddin Cabbarov rayonun Dədə Qorqud kəndində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları İlə İş Şöbəsinin Baş məsləhətçisi Dəyanət Abdullayevin iştirakı ilə səyyar qəbul-görüşü keçirmişdir.
Dədə Qorqud kənd inzibati ərazi dairəsinə daxil olan Dədə Qorqud və Heydərabad kənd sakinləri ilə görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Dədə Qorqud inzibati ərazi dairəsinin nümayəndəsi Ədalət Novruzov və kənd bələdiyyəsinin sədri Nazim Rəşidov kəndin əhalisi, onların məşğuliyyəti və sosial –iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat verdilər, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında ətraflı danışdılar, Saatlı-Dədə Qorqud-Heydərabad yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmir olunmasına görə cənab Prezident İlham Əliyevə öz minnətdarlığını bildirdilər.
Səyyar qəbulda iştirak edən kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə əhalisinə göstərmiş olduğu xüsusi diqqət və qayğılardan, eləcə də son aylarda rayonumuzda aparılan abadlıq-quruculuq işlərindən danışdılar.
Kənd sakinlərinin təbii qaz, enerji və su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri oldu. Hər biri barədə aidiyyatı təşkilatların rəhbərinə tapşırıq verildi. Qaldırılmış məsələlərin bir qismi elə qəbul zamanı öz həllini tapdı.