Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Saatlı-Musalı-Məzrəli avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir

05 may 2011 | 15:00

  Prezident İlham Əliyev Saatlı rayonuna səfəri çərçivəsində Saatlı-Musalı-Məzrəli avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Rayon ictimaiyyətinin nümayəndələri dövlət başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyevə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, dövlət başçısının 2010-cu ildə imzaladığı sərəncama əsasən yenidən qurulan yolun ümumi uzunluğu 17 kilometrdir. Rayonun səkkiz yaşayış məntəqəsini əhatə edən bu müasir yoldan 20 mindən artıq sakin istifadə edəcəkdir. Qeyd edildi ki, yerli əhəmiyyətli Saatlı-Musalı-Məzrəli avtomobil yolunun istifadəyə verilməsi nəticəsində Saatlı və İmişli şəhərləri arasındakı məsafə 40 kilometrədək qısalmışdır. Yolun 14,6 kilometri Saatlı şəhər - Məzrəli kəndinin, 2,4 kilometri isə Musalı kəndinin ərazisinə düşür. Yola 16 santimetr qalınlığında asfalt örtüyü döşənmişdir. Müasir səviyyədə və yüksək keyfiyyətlə yenidən qurulmuş yol kənarlarında piyadalar üçün səkilər düzəldilmiş, ağaclar əkilmiş, yaşıllıqlar salınmış, yol boyu ətraf ərazi abadlaşdırılmışdır. Avtomobil yolunda müasir işıqlandırma sistemi qurulmuşdur. Yolun üzərindəki keçidlər bərpa olunmuşdur. Yolun istifadəyə verilməsi avtomobillərin rahat və təhlükəsiz hərəkətinə şərait yaratmaqla yanaşı, dövlət başçısının diqqət və qayğısı sayəsində rayonda aparılan quruculuq işlərinin davamlı xarakter aldığını nümayiş etdirir.

Prezident İlham Əliyev rayon ictimaiyyəti ilə görüşdü.

Sonra dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Keçidlər