Şriftin ölçüsü :

Saytın rəngi :

Əkin sahələrinin sığortası mövsümü başlayıb – AQRAR SIĞORTADAN FERMERLƏRƏ ÇAĞIRIŞ

15 sentyabr 2023 | 18:13

Azərbaycanda payızlıq əkin mövsümünün başlanması ilə əlaqədar olaraq əkin sahələrinin sığortalanmasına da start verilib.

Aqrar Sığorta Fondundan verilən məlumata görə, sentyabrın 1-dən etibarən Azərbaycanda payızlıq əkinlərin bəyanına başlanılıb. Fermerlər əkin sahələrini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edə bilərlər və bu proses ilin sonunadək davam edəcək.

Əkinlərin bəyan edilməsi ilə eyni vaxtda payızlıq əkin sahələrinin sığortası dövrü də başlayıb. Aqrar Sığorta Fondu fermerləri əkinlərini vaxtında bəyan etməyə, eyni zamanda buna uyğun olaraq sığortalamağa və sığorta müqaviləsi əldə etməyə çağırır.

Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, bəzi hallarda fermerlərin əkinlərini vaxtında bəyan etməməsi onların zərərə düşməsi ilə nəticələnir: «Bəzən fermerlər əkin işlərini sentyabr-oktyabrda apardıqları halda, əkinlərin bəyanını dekabrın ayına, hətta ayın sonuna saxlayırlar. Buna uyğun olaraq həmin vaxt əkinlərin sığorta olunması da ləngiyir».

Nəticədə əkinlər bir neçə ay sığortasız qalır ki, bu da həmin vaxt baş verə biləcək hadisələr səbəbindən fermerləri zərərə düşməsi deməkdir: «Nəticədə noyabr-dekabr aylarında həmin əkin sahəsində hər hansı təbii fəlakət, sel-subasma və güclü külək hadisəsi baş verəndə fermer əkinini hələ bəyan etmədiyinə görə, sığorta müqaviləsi də bağlamamış olur və həmin vaxt baş verən hadisə qarşısında təminatsız olur. Sığortasız dövrdə baş verən zərərləri isə kompensasiya etmək mümkün olmur».

Bunu nəzərə alaraq Aqrar Sığorta Fondu fermerləri mümkün hadisələrdən və zərərlərdən qorunmaq üçün əkinləri vaxtında bəyan etməyə və sığorta müqaviləsi bağlamağa çağırır. 

Qeyd edək ki, Azərbaycanda 2020-ci ildən tətbiq edilən aqrar sığorta mexanizminə əsasən ölkənin müxtəlif regionları üzrə sığorta tarifləri və vahid məhsul həcmi üçün sığorta haqları fərqlidir. Sığorta haqları əkin sahəsinin yerləşdiyi region üzrə sığorta tariflərindən asılı olaraq dəyişir.

Eyni zamanda əkin sahəsi üzrə hesablanan ümumi sığorta haqqının 50%-i fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir.

Fermerlər öz əkin sahələri üzrə sığorta tariflərini və sığorta haqlarını Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablaya bilərlər.

Qeyd edək ki, aqrar sığorta əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən dolu; yanğın; zəlzələ; torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma); normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri kimi hadisələrdən sığortalayır.

Aqrar Sığorta Fondu indiyədək baş verən sığorta hadisələri üzrə 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ilin ilk 6 ayında isə 1,3 milyon manat sığorta ödənişi həyata keçirib. Qarşıdakı aylarda sığorta ödənişlərinin daha da artacağı gözlənilir. 

Fermerlər sığortalanmaq üçün Aqrar Sığorta Fondunun 1651 qısa nömrəsinə zəng edib, elektron müqavilə bağlaya bilərlər.

Keçidlər