Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun günəşlililərə töhfəsi: 360 yerlik, üçmərtəbəli, müasir və möhtəşəm məktəb binası!

17 sentyabr 2024 | 19:35

Sentyabrın 17-də Günəşli kənd Ö.F.Nemanzadə adına ümumi orta məktəbin yeni inşa olunmuş  binasının açılış mərasimində Heydər Əliyev Fondunun nümayəndəsi Məhəmməd Abdullayev, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev iştirak ediblər.

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək şagird və müəllim

heyətini, kənd sakinlərini yeni məktəb binasının açılışı münasibətilə təbrik edib. O, ölkəmizdə həyata keçirilən təhsil siyasəti, bu sahədə müasir infrastrukturun və maddi-texniki bazanın formalaşdırılması haqqında danışıb və bu sahədə Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu qeyd edib. Eyni zamanda rayon sakinləri adından Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Heydər Əliyev Fondunun nümayəndəsi Məhəmməd Abdullayev də yeni məktəb binasının açılışı ilə bağlı günəşlililəri təbrik edib. O, yarandığı gündən təhsil sahəsinə xüsusi həssaslıqla yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqaməti elan edən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” kimi proqramları icra edərək ölkəmizdə bu sahəyə öz dəstəyini göstərdiyini xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev ölkəmizdə təhsilin inkişafında Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu bildirib, bu günədək yeni məktəb binalarının əksəriyyətinin tikintisinin məhz Fond tərəfindən həyata keçirildiyini qeyd edib.

Kənd ziyalısı, şəhid Adil Çaxoyevin qardaşı İsmayıl Çaxoyev çıxışında Günəşli kəndində belə gözəl və möhtəşəm məktəb binasının tikilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü ifadə edib.

Daha sonra məktəb binası ilə tanışlıq olub. Qeyd edək ki, Günəşli kənd Ö.F.Nemanzadə adına ümumi orta məktəbin binasının tikintisinə ötən ilin avqust ayında başlanılıb və tikinti işləri qısa müddətdə yekunlaşdırılıb. Zəruri mebel və avadanlıqla təmin olunan üçmərtəbəli və 360 şagird yerlik təhsil ocağında fənn kabinetləri, fizika, kimya, biologiya, kompüter, hərbi hazırlıq, tibb, əmək təlimi otaqları var, laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub. Məktəbdə, həmçinin kitabxana, akt və idman zalları, açıq idman meydançası yaradılıb. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb. Bir sözlə, təhsil ocağı müasir məktəb binası üçün lazım olan hər şeylə, avadanlıq və vəsaitlərlə tam təchiz edilib.

Keçidlər