Şriftin ölçüsü :

Saytın rəngi :

Park və yaşıllıqlara mövsümi qulluq göstərilir, dekorativ ağaclar əkilir

04 yanvar 2024 | 16:05

Park və yaşıllıqlara mövsümi qulluq göstərilir, dekorativ ağaclar əkilir

Qış fəslini yaşayırıq. Qarlı, çiskinli qış fəslinin öz gözəlliyi olsa da, etiraf edək ki, “yaşıl donunu” soyunmuş çılpaq ağaclar ruh oxşayan bu gözəl mənzərə fonunda “pay sahibi” ola bilmirlər. Lakin parklara, yol, prospekt kənarlarına əkilmiş dekorativ, həmişəyaşıl ağaclar təbiətin bu çağında belə, bizi bu gözəllikdən məhrum etmir. Gözəllik isə qulluq tələb edir.
Odur ki Saatlı rayonu ərazisində davamlı olaraq, abadlıq, təmizlik işləri gorülür, yaşıllıqlara qulluq göstərilir. Rayon rəhbərliyinin tapşırığına uyğun olaraq, Saatlı Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləri tərəfindən parklarda, yaşıllıq ərazilərində ağacların əkilməsi, mövcud yaşıllıqlara qulluq edilməsi sahəsində xeyli iş görülüb və bu işlər hazırda da davam etdirilir. Ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə rayon icra hakimiyyətinin xətti ilə 500 ədəd qiymətli dekorativ ağac alınaraq, mövcud park və yaşıllıqların ərazisində, prospekt və küçələrin kənarında əkilib. Yeni ağacların əkilməsi ilə yanaşı, mövcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq da göstərilir. Ağacların dibləri şumlanır, təbii gübrələr verilir. Həmçinin qurumuş budaqlar budanır, yaşıllıq zolaqları və parklarda çəmənliklər biçilir, yabanı otlar təmizlənir, qazon örtüyü yenilənir. Eyni zamanda parklarda təmizlik və səliqə-sahman işləri görülür, yay fəsli ərzində qızmar günəşin təsiri altında parlaqlığını itirmiş skamyalar, dəmir hasarlar, çərçivələr yenidən rənglənir...
Bəli, sazaqlı, yağmurlu qış günlərində belə, rayonumuzun “yaşıl libası” hesab edilən park və yaşıllıqlar baharı xatırladır, növbənöv həmişəyaşıl ağaclar, nizamla əkilmiş dekorativ bəzək kolları, rahat oturacaqlar, fəvvarələr yolu bu yerlərdən düşənlərdə xoş ovqat yaradır.
Görülən işlər, yeni ağacların əkilməsi, təbii ki, ekoloji tarazlıqla yanaşı, həm də insan sağlamlığının qorunması deməkdir.                                                                             

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilən tapşırığa əsasən, rayon ərazisindəki mövcud park və yaşıllıqlara qulluq göstərilməsi mütəmadi olaraq davam etdiriləcəkdir.

Keçidlər