Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “Narkomaniya", "Dini radikalizm", "Erkən nikah və qohum nikahlarla bağlı qanunvericilikdə gözlənilən dəyişikliklər” mövzusunda tədbir keçirildi

22 iyul 2024 | 17:47

     22 iyul 2024-cü il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Saatlı Təhsil sektoru, Saatlı UADM, Saatlı Polis Şöbəsi və DQİDK İmişli Regional Bölgəsi üzrə şöbənin tərəfdaşlığı ilə Cəfərxan kəndində “Narkomaniya", "Dini radikalizm", "Erkən nikah və qohum nikahlarla bağlı qanunvericilikdə gözlənilən dəyişikliklər”  mövzusunda tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatlarının əməkdaşları və kənd sakinləri iştirak etmişlər.

     Giriş nitqi ilə çıxışa başlayan Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva uşaq hüquqlarının müdafiəsinin, erkən nikahın və erkən nikaha səbəb ola biləcək halların qarşısının alınmasının dövlətin prioritetlərindən olduğunu vurğulayaraq, erkən nikahın fizioloji və psixoloji fəsadlarından, belə nikahlar əsasında qurulan ailələrin sağlam təməllərə dayanmadığından və nəticə etibarilə boşanma sayının ilbəil artmasından danışıb.  O, son dövrlərdə AQUPDK tərəfindən Milli Məclisin müzakirəsinə verilən layihədən danışaraq, erkən nikah və onunla mübarizə sahəsində qanunların sərtləşdirilməsinin gələcəkdə belə neqativ halların aradan qaldırılmasına müsbət təsirindən, həmçinin erkən nikah halları ilə bağlı daxil olmuş müraciətlərə operativ reaksiya verilərək qarşısının alınmasından, görülən profilaktik işlərdən və mütəmadi keçirilən maarifləndirici tədbirlərdən danışıb. 

     Daha sonra çıxış edən Saatlı Təhsil sektorunun əməkdaşı Məleykə Soltanova, Saatlı UADM-in əməkdaşı Türkan Həsənova və Saatlı Polis Şöbəsinin əməkdaşı İbrahim Behbudzadə erkən nikahların qarşısının alınması ilə bağlı təhsil müəssisələrində, rayon gəncləri arasında mütəmadi aparılan maarifləndirici tədbirlər, görüşlər və söhbətlərlə yetkinlik yaşına çatmayanlara və gənclərə erkən nikahın fəsadları, uşaq evliliyinə qarşı birgə mübarizə aparmağın vacibliyi, eyni zamanda bu sahədə qanunvericilikdə gözlənilən ciddi dəyişikliklər barədə izahlar verildiyini bildirərək bundan sonra da davamlı işlər görüləcəyini qeyd ediblər. 

     Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli Regional Bölgəsi üzrə  şöbənin rayon üzrə nümayəndəsi Elvin İbrahimov və Saatlı rayonu Qara Nuru kənd “Fatimeyi-Zəhra” məscidinin imamı Mahir Abıyev nikahların rəsmi dövlət qeydiyyatına alınmadan dini nikahın bağlanmasına yol verilmədiyini, qanunvericiliyin tələblərinə riayət olunduğunu qeyd edərək qadınların cəmiyyətin inkişafındakı mühüm rolundan, həmçinin qızların erkən yaşda nikah bağlamasının onların cəmiyyətin fərdi kimi inkişafına, təhsil almaqlarına mane olduğundan və bunun mənfi təsirlərindən bəhs ediblər.

Keçidlər