Saatlı rayonunda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirilib
31 may 2024-cü il tarixdə Saatlı Rayon İcra Hakmiyyətinin təşkilatçılığı, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin, Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı Təhsil sektorunun və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı rayon nümayəndəliyinin tərəfdaşlığı ilə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi, rayonun digər idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailəsi üzvləri, məktəblilər və uşaqlar olmaqla ümumilikdə 350 nəfər iştirak edib.
Saatlı Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə qonaqlar ilk öncə uşaqların əl işlərindən ibarət sənət nümunələri və rəsm sərgisi ilə tanış olublar.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı Elmir Bağırov öncə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı bütün uşaqları təbrik edib, Azərbaycanda uşaqlarla bağlı siyasətin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, məhz həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həll edildiyini bildirərək, bu gün də bu siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyevin uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən etdiyini, həmçinin Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Tədbir Saatlı Rayon Bülbül adına Uşaq Musiqi məktəbinin şagirdlərinin və Körpələr evi-Uşaq bağçalarının fidanlarının iştirakı ilə musiqili rəqs nömrələri ilə və şən klonun zarafatları ilə davam edib.
Tədbirin sonunda şəhid övladlarına hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.