Saatlı rayonunda 20 Yanvar şəhidləri böyük ehtiramla yad edilib
Qanlı 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Millət vəkili Əziz Ələkbərli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, qazilər, müharibə veteranları, ziyalılar və gənclər 20 yanvar - Ümumxalq Hüzn Günündə rayonun “Şəhidlər abidə-xatirə” kompleksini ziyarət etdilər.
Tədbir zamanı sovet imperiyasının Bakıda törətdiyi qanlı faciənin qurbanları ilə yanaşı, ölkəmizin ərazi bütövlüyü və azadlığı uğrunda qəhrəmancasına həlak olmuş bütün şəhidlərimiz böyük ehtiramla anıldı, abidə önünə gül dəstələri düzüldü. Ümumrayon tədbirinin iştirakçıları saat 12:00-da Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səlnaməsi kimi yazılan Qanlı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Tədbirdə 500 nəfərdən çox rayon sakini iştirak edirdi.