Saatlı rayonunda 27 sentyabr Anım Günü ilə əlaqədar “Qarabağ Azərbaycandır!” adlı ümumrayon tədbiri keçirildi
27 sentyabr 2023- cü il tarixdə Saatlı rayonunun “Şəhidlər” abidə xatirə kompleksində 27 sentyabr “Anım Günü” ilə əlaqədar “Qarabağ Azərbaycandır!” adlı ümumrayon tədbiri keçirilmişdir.
“Anım Günü” ilə əlaqədar keçirilən tədbirdə icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələri, qazilər, müharibə veteranları, ictamiyyət nümayəndələri və məktəblilər iştirak edirdi. Tədbirdə vətənin azadlığı uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi və dövlət himni səsləndirildi.
Anım günü ilə bağlı giriş sözü ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci il tarixdə başlayan 44 günlük Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyərək, hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd etdi.
E.Bağırov 44 gün davam edən Vətən müharibəsində aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusunun mənfur düşməni darmadağın etməklə, uzun illər işğal altında qalmış əzəli torpaqlarımızı azad etdiyini, ordumuzun öz güc və qüdrətini dünyaya nümayiş etdirdiyini bildirdi. Bundan əlavə o, 2023-cü ilin 19 sentyabr tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xankəndi şəhəri ətrafında 23 saat 43 dəqiqə həyata keçirilən antiterror tədbirlərində heç bir mülki şəxsə ziyan vermədən, xəsarət yetirmədən separatçı və işğalçı qüvvələrin ağ bayraq qaldıraraq təslim edildiyini, bununla da Azərbaycanın suverinliyinin, ərazi bütövlüyünün tam təmin olunduğunu vurğuladı.
Tədbirdə çıxış edən şəhid atası Qabil Nəciyev, müharibə veteranı Əliağa Qurbanov, Vətən müharibəsi iştirakçısı Tapdıq Həsənov, rayon Ziyalılar Cəmiyyətinin sədri Lətif Şimşəkov döyüşçülərimizin şücaətlərindən və tarixi qələbəmizdən söz açaraq, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə etdilər. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısını almaq məqsədi ilə 44 gün davam edən Vətən müharibəsinin, həmçinin 2023-cü ilin 19 sentyabrında həyata keçirilən 24 saatlıq antiterror tədbirlərinin Azərbaycanın zəfər tarixinə qızıl hərflərlə yazıldığını bildirmiş, şəhidlərimizə rəhmət, yaralı qazilərimizə şəfa diləmişlər.
Tədbirdə rayon məktəblilərinin 27 sentyabr Anım Gününə həsr etdikləri “Qarabağ Azərbaycandır!” adlı bədii kompozisiya nümayiş edildi. Tədbirin sonunda şəhidlər abidə xatirə kompleksi önünə gül dəstələri qoyuldu. Saat 12:00-da isə Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.