Saatlı rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgi təşkil edilib
Saatlı rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər davam etdirilir.
Saatlı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının birgə təşkilatçılığı, Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunun, Saatlı Dövlət Rəsm Qalereyasının və Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin dəstəyi ilə “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgi təşkil edilib.
Sərgidə məktəblilərin Vətən müharibəsində qazanılmış tarixi qələbəni, Azərbaycan Ordusunun qəhrəmanlığını, şəhidlərimizin əziz xatirəsini, milli birlik və vətənpərvərlik ruhunu əks etdirən rəsm əsərləri və müxtəlif əl işləri nümayiş olunub.
Tədbir iştirakçıları sərgi ilə yaxından tanış olaraq şagirdlərin yaradıcılıq nümunələrinə baxış keçirib, onların əl işlərini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, sərginin keçirilməsində əsas məqsəd məktəblilərdə vətənpərvərlik hisslərini gücləndirmək, tarixi Zəfərimizin əhəmiyyətini gənc nəslə aşılamaq, onların yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq və milli-mənəvi dəyərlərə bağlılığını artırmaqdır.






