Saatlı rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
08 noyabr 2026 | 22:56
8 noyabr 2026-cı il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin, Saatlı rayon Olimpiya İdman Kompleksinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Saatlı rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən öncə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Elmir Bağırovun, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizovun, hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşlarının, idarə və müəssisə nümayəndələrinin, şəhid ailələrinin və rayon ictimaiyyətinin iştirakı ilə Şəhidlər Abidə-Xatirə Kompleksi ziyarət olunaraq Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad olunub.
Ziyarətdən sonra rayon icra hakimiyyəti başçısının və hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə şəhid ailələri ilə görüş keçirilib, onlar üçün çay süfrəsi təşkil olunub.
Sonra bədii-konsert proqramı təqdim edilib. Tədbir zamanı 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Qələbənin əhəmiyyəti, Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıq və şəhidlərimizin Vətən naminə göstərdikləri misilsiz fədakarlıq diqqətə çatdırılıb. Həmçinin bu Zəfərin xalqımızın sarsılmaz birliyinin və milli həmrəyliyinin nəticəsi olduğu vurğulanıb.
Proqram çərçivəsində yerli incəsənət nümayəndələri ilə yanaşı, “Muğam” müsabiqəsinin qalibi Tahir Mahiroğlu, tanınmış ifaçı Sevinc Ağasiyeva və Əməkdar artist Gülüstan Əliyeva da çıxış edib. Səsləndirilən vətənpərvərlik mahnıları və "Adıgün" Türk Xalq Folklor rəqs qrupu tərəfindən təqdim olunan rəqs nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.






