Saatlı rayonunda Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirildi
Saatlı rayonunda Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib. Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Azərbaycan Respublikası Ağsaqqalar Şurası İdarə Heyətinin sədr müavini Vahid Novruzov, YAP Saatlı Rayon Təşkilatının sədri Elşən Əzizov, rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov, Şuranın üzvləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları rayonun Heydər Əliyev meydanında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər.
Tədbirdə rayon icra hakimiyyəti başçısı Elmir Bağırov giriş sözü ilə çıxış edərək bildirdiki, rayonda daim ağsaqqallarla görüşlər keçirilir, onların istək və təklifləri dinlənilir, rayonun inkişafında, mədəni-ictimai həyatında, gənc nəslin formalaşmasında ağsaqqallar hər zaman xüsusi rol oynayırlar. Ulu Öndər Heydər Əliyev ağsaqqallara həmişə böyük qayğı və diqqət göstərib, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırıb. Bu qayğı və diqqət hal-hazırda da Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir.
Daha sonra rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynovun son birillik hesabat dövrü ərzində aparılan işlər və qarşıda duran vəzifələr barəsində məruzəsi dinlənilib. Məruzə ətrafında çıxış edənlər-rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Lütvəli Şıxəliyev, rayon Ziyalılar Cəmiyyətinin sədri Lətif Şimşəkov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı rayon şöbəsinin sədri Əliağa Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə ağsaqqallara, o cümlədən ahıllara göstərilən diqqət və qayğıdan söz açaraq,keçirilən görüşlərdə və digər tədbirlərdə cəmiyyət üzvlərinə, xüsusilə də gənclərimizə milli-mənəvi dəyərlərə, Vətənə, xalqa, dövlətə hörmət ruhunun aşılanmasına böyük önəm verildiyini vurğulayıblar. Tədbirdə 44 günlük Vətən müharibəsində qazanılan Qələbəmizin tarixi əhəmiyyətindən danışılıb, şəhid ailələrinə və qazilərə hər zaman böyük diqqət göstərildiyi vurğulanıb.
Tədbirin sonunda çıxış edən Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin sədr müavini Vahid Novruzov tədbir iştirakçılarını salamlayaraq hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib. Həmçinin əminliklə bildirib ki, yerli təşkilat öz fəaliyyətini bundan sonra daha səmərəli və effektiv quracaqdır. Sonda xatirə şəkili çəkdirilib.