Saatlı rayonunda “Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin hüquqları, sosial adaptasiyası və reinteqrasiyası, onların işlə təmini ilə bağlı birgə fəaliyyətin təşkili, peşə təhsili üzrə mövcud imkanlar, bu sahədə maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirildi
20 may 2026-cı il tarixində Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin hüquqları, sosial adaptasiyası və reinteqrasiyası, onların işlə təmini ilə bağlı birgə fəaliyyətin təşkili, peşə təhsili üzrə mövcud imkanlar, bu sahədə maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli 637 nömrəli Sərəncamı ilə “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”-nın 8.5.1 (Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə götürən şəxslərin müsbət təcrübələri ilə bağlı məlumatların hazırlanması, müvafiq tədbirlərin (sərgilərin və s.) təşkili), 8.5.2 (Cəzaçəkmə müəssisələrindən azad edilmiş və uğurlu iş təcrübəsi olan şəxslərin mediada sosial xarakterli paylaşımlarının edilməsi və aidiyyəti orqanların (qurumların) nümayəndələrinin, sahibkarların (işəgötürənlərin) və maraqlı tərəflərin iştirakı ilə görüşlərin təşkil edilməsi) və 8.5.3-cü (Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi) bəndlərinin icrasını təmin etmək məqsədi ilə təşkil olunmuşdur.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin Saatlı rayon xidmət şöbəsinin, eləcə də rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Mirəli Məmmədov görüşün əsas məqsədinin cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların əmək bazarına uğurlu inteqrasiyası ilə bağlı müsbət təcrübələrin işıqlandırılması və cəmiyyətdə məşğulluq problemləri ilə bağlı bu sahədə mövcud olan yanlış fikirlərin aradan qaldırılmasına töhfə vermək olduğunu, eyni zamanda müvafiq dövlət proqramları çərçivəsində məşğulluq mərkəzləri tərəfindən boş iş yerləri barədə məlumatların verilməsi, peşəyönümü xidmətlərinin göstərilməsi, əmək yarmarkalarının təşkili və işəgötürənlərlə əlaqələrin qurulması istiqamətində mütəmadi işlərin aparılması qeyd olunmuşdur.
Daha sonra tədbirdə çıxış edən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Saatlı rayon komitəsinin sədri Sakit Bağırov cəzaçəkmə müəssisələrindən azad olunaraq əmək fəaliyyətinə cəlb edilmiş şəxslərin uğurlu hekayələrinin sosial şəbəkələrdə və digər internet resurslarında işıqlandırılması, eyni zamanda həmin şəxsləri işlə təmin edən işəgötürənlərin müsbət təcrübələrinin geniş ictimaiyyətə çatdırılması onların cəmiyyətə reinteqrasiyasına müsbət təsir göstərir. O vurğulayıb ki, bu istiqamətdə maarifləndirici görüşlərin keçirilməsi və sosial yönümlü məlumatların mütəmadi paylaşılması ictimaiyyət arasında düzgün yanaşmanın formalaşmasına, stereotiplərin aradan qaldırılmasına və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin əmək bazarına inteqrasiyasının sürətlənməsinə əhəmiyyətli töhfə verir.






