Saatlı rayonunda gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstək göstərilməsi ilə bağlı dəyirmi masa keçirildi
11 dekabr 2024-cü il tarixdə Saatlı “Gənclər evi” sosial xidmət müəssisəsində Saatlı Rayon İcra Hakimiyyətinin və Saatlı “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstək göstərilməsi ilə bağlı dəyirmi masa keçirilib.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvü Aqşin Məmmədov, komissiyanın psixoloqu Orxan Səməndərli, Saatlı UADM-in psixoloqu Gültac Kərimli, Saatlı “Gənclər evi” sosial xidmət müəssisəsinin dərnək rəhbəri Mirəli Məmmədov, həmin müəssisənin metodisti Ravin Atakişiyev və gənclər iştirak edib.
Giriş nitqi ilə çıxışa başlayan Aqşin Məmmədov ölkəmizdə gənclərə diqqət və qayğı göstərilməsinin, onların vətənpərvər ruhda yetişdirilməsinin dövlətin gənclərlə bağlı siyasətinin əsas istiqamətlərindən biri olduğunu, onların layiqli vətəndaş kimi formalaşması üçün lazımi addımların atıldığını qeyd edib. O, ölkəmizdə, həmçinin rayonumuzda gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün yaradılan şəraitdən danışaraq, onların zərərli vərdişlərdən uzaq olması üçün mütəmadi maarifləndirici tədbirlərin keçirildiyini, öz bilik və peşə bacarıqlarına uyğun sahələrə yönəlməsinə dövlət tərəfindən daim dəstək göstərildiyini vurğulayıb.
Daha sonra çıxış edən Gültac Kərimli, Mirəli Məmmədov, Ravin Atakişiyev gənclərə bir sıra məsləhətlər verərək öz təcrübələrini onlarla bölüşüb və onlara mövzu ətrafında geniş məlumat verərək açıq dialoqlar aparıblar. Gənclər də öz növbələrində onları maraqlandıran bir sıra məsələlər barədə suallar verib və onların sualları müvafiq qurumların əməkdaşları tərəfindən cavablandırılıb.