Saatlı rayonunda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi.
23 avqust 2023-cü il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilmişdir. Saatlı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, rayonun idarə, təşkilat və müəssisələrinin məsul əməkdaşları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü və qətiyyəti ilə hələ 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsində və müstəqillik illərində Azərbaycan dilinin inkişaf etdirilməsində misilsiz xidmətlərindən, 1995-ci ildə qəbul edilən Konstitusiyamızda Azərbaycan dilinin milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilməsindən geniş məlumat verdi. E.Bağırov Ulu öndər Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanının Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının ən bariz nümunəsi olmasını, onun siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamızda həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafikalı Azərbaycan əlifbasına keçdiyini bildirdi.
“Heydər Əliyev və Azərbaycan dili” mövzusuna həsr olunmuş dəyirmi masada çıxış edənlər Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi, dilimizin yad təsirlərdən qorunması, dilimizin saflığı və təmizliyi istiqamətində Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasətin bu gün Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən tərəfindən uğurla davam etdirildiyini qeyd etdilər.