Saatlı rayonunda “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda tədbir keçirildi
29 noyabr 2023-cü il tarixdə saat 10:00-da Saatlı Rayon Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planı”na uyğun olaraq “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak etmişdir.
İlk öncə tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra tədbiri giriş nitqi ilə açan Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Azərbaycanın dövlətçilik tarixindən geniş şəkildə danışaraq bildirdi ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Azərbaycan xalqının da xilaskarı məhz dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, dövlət xadimi ümummilli lideri Heydər Əliyev olmuşdur. Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin–amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə–neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Ölkəmizdə hüquqi islahatların həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi məhz onun adı ilə bağlıdır.
Daha sonra çıxış edən Saatlı Rayon prokuroru, baş ədliyyə müşaviri Adil Vəliyev qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin göstərişlərinin nəticəsi olaraq, Azərbaycan Prokurorluğu orqanlarında aparılan və bu gün də yeni müstəvidə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi, zəruri normativ-hüquqi bazanın yaradılması, ciddi tələbkarlıq şəraitinin formalaşdırılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin və milli maraqların etibarlı qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işi ən yüksək tələblər səviyyəsinə çatdırılmışdır.
Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşov da Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu hüquqi islahatlardan bəhs edərək, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasından, 2000-ci ildə məhkəmələrin müstəqilliyinin qorunması üçün hakimlərin tamamilə şəffaf və demokratik yolla, test üsulu əsasında seçilməsi təcrübəsində, ulu öndərin iradəsi və təşəbbüsü ilə ölkədə ölüm hökmünün ləğv olunması və digər mühüm faktları vurğuladı, hazırda da Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda ədliyyə və məhkəmə sisteminin ilbəil müasirləşdiyini, insan hüquq və azadlıqlarının müdafəsi sahəsində öz sözünü dediyini bildirdi.
Daha sonra çıxış edən Saatlı Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Azər Tağıyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planı”na uyğun olaraq “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda tədbirin keçirilməsinin hüquq mühafizə orqanları üçün böyük əhəmiyyətə malik olduğunu bildirərək, Ulu Öndər Heydər Əliyevin hər zaman Azərbaycan polisinə yüksək qiymət verdiyini, Azərbaycan polisinin şanlı bir tarix keçdiyini, xüsusən, də 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olduğunu, eyni zamanda, 67 nəfər polis əməkdaşının Milli Qəhrəman adına layiq görüldüyünü qeyd etmişdir.