Saatlı rayonunda "İnsan alverinin və məcburi əməyin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi" mövzusunda tədbir keçirildi
Saatlı Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Məşğulluq Filialının Saatlı rayon xidmət şöbəsinin birgə təşkilatçılığı ilə 10 iyul 2026-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.2.5-ci yarımbəndinin (İnsan alverinin və məcburi əməyin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi) icrası ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Məşğulluq İdarəsinin məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişdir. Görüşdə insan alverinin və məcburi əməyin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi, onların cəmiyyətə inteqrasiyası və sosial müdafiə mexanizmlərinin effektiv təşkili məsələləri geniş müzakirə olunmuşdur. Həmçinin insan alverindən zərər çəkmiş və ya bu risklə üzləşən şəxslərin daimi iş yerləri ilə təmin olunması istiqamətində yerli işəgötürənlərin və sahibkarların həvəsləndirilməsi xüsusi olaraq vurğulanmışdır. Tədbir zamanı yerlərdə aparılan maarifləndirmə işlərinin artırılması, ərazi nümayəndəlikləri və bələdiyyələrin bu prosesdə aktiv iştirakının vacibliyi qeyd olunmuş, eyni zamanda məşğulluq qurumları ilə sıx əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılmışdır.






