Saatlı rayonunda “Mən öz hüquqlarımı bilirəm” adlı tədbir keçirilib
29 oktyabr 2026- cı il tarixdə Saatlı Rayonu İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən Saatlı şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində 20 oktyabr-20 noyabr “Uşaq Hüquqları Aylığı” çərçivəsində “ Mən öz hüquqlarımı bilirəm” adlı maarifləndirici tədbir keçirildi.
Tədbirdə çıxış edən komissiyanın katibi Tehranə Dadaşova uşaq hüquqlarının qorunmasının vacibliyindən və gənc nəslin hüquqi biliklərinin artırılmasının önəmindən danşdı. O, qeyd etdi ki, hər bir uşaq öz hüquq və azadlıqlarını bilməli, eyni zamanda üzərinə düşən vəzifələri də dərk etməlidir. Bildirildi ki, uşaqların sağlam, təhlükəsiz və azad mühitdə böyüməsi cəmiyyətin əsas vəzifələrindən biridir. T.Dadaşova uşaqların hüquqlarının müdafiəsində ailənin, məktəbin və cəmiyyətin üzərinə mühüm məsuliyyət düşdüyünü, belə maarifləndirici tədbirlərin hüquqi dünya görüşünün formalaşmasına və öz hüquqlarını daha yaxşı mənimsəmələrinə töhvə verdiyini qeyd etdi.
Daha sonra çıxış edən Saatlı rayonu təhsil sektorunun əməkdaşı Urşan Nuruşov, məktəbin tədris işləri üzrə direktor müavini Seymur Qasımov, Saatlı şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 10- cu sinif şagirdi və Uşaq Səfirlər Məclisinin Saatlı Rayon nümayəndəsi İnci Məmmədli öz çıxışlarında şagirdlərin hüquq və vəzifələri, uşaqların hüquqlarının müdafiəsi, təhsildə bərabər imkanların təmin olunması və hər bir şagirdin öz hüquqlarını bilməsinin vacibliyindən danışdılar. Onlar bu cür maarifləndirci tədbirlərin şagirdlərin hüquqi dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını vurğuladılar.
Tədbirin sonunda iştirakçılar uşaqların hüquqlarının qorunması, onların cəmiyyətdə fəal iştirakının təmin edilməsi və hüquqi maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı fikirlərini bölüşdülər.






