Saatlı rayonunda növbəti Aqrar Biznes Festivalı keçirilib
04 noyabr 2025 | 15:08
4 noyabr 2025-ci il tarixində Saatlı Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və "Prime Cotton" MMC - nin birgə təşkilatçılığı ilə növbəti Aqrar Biznes və "Pambıq Festivalı" keçirilib.
Festivalın əsas məqsədi aqrar sahədə fəaliyyət göstərən fermerlər, sahibkarlar və şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və kənd təsərrüfatı məhsullarının bazar imkanlarının artırılması olub.
Tədbirdə kənd təsərrüfatına dair müxtəlif texnologiyalar, yeni nəsil avadanlıqlar və istehsal olunan məhsullar nümayiş etdirilib. Eyni zamanda, dövlət qurumları və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər tərəfindən festival iştirakçılarına təqdim edilən məhsullar və innovativ yeniliklər barədə ətraflı məlumat verilib.
Festival çərçivəsində kənd təsərrüfatı sahəsində yüksək nəticələr əldə etmiş bir sıra fermerlər mükafatlandırılıb. Bu addım aqrar sahədə çalışan fermerlərin əməyinə verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirilib.
Tədbir iştirakçılarının böyük marağına səbəb olan festival konsert proqramı ilə davam edib.






