Saatlı rayonunda Novruz bayramı münasibətilə “Elimizə bahar gəlir” adlı bayram şənliyi keçirildi
18 mart 2025-ci il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı rayonu üzrə mədəniyyət sektorunun birgə təşkilatçılığı ilə Saatlı şəhəri Heydər Əliyev meydanında xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibətilə “Elimizə bahar gəlir” adlı ümumrayon bayram şənliyi keçirilib.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyəti başçısı Elmir Bağırov, hüquq mühafizə orqanlarının, rayon idarə, müəssisə, təşkilatlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyəti iştirak edib. Əvvəlcə rayon icra hakimiyyətinin başçısı meydanda təşkil olunmuş sərgidə nümayiş olunan rəsm əsərlərinə və məktəblilərin milli adət-ənənələrimizi, Novruz atributlarını və bahar əhval-ruhiyyəsini əks etdirən əl işlərinə və milli mətbəx nümunələrinə baxış keçirib.
Daha sonra bədii hissə ilə davam edən tədbirdə vətənpərvərlik ruhunda mahnılar ifa olunub, milli musiqi sədaları altında uşaqlardan ibarət rəqs qruplarının çıxışı şənliyə daha da rəng qatıb. Kosa, keçəl və bahar qızının meydana gəlişi tamaşçılar tərəfindən rəğbətlə qarşılanıb.
Sonda rayon icra hakimiyyətinin başçısı tərəfindən Novruz tonqalı alovlandırılıb.