Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “Sağlam gələcək naminə” adlı tədbir keçirildi

15 oktyabr 2025 | 14:52

   15 oktyabr 2025-ci il tarixində Saatlı Rayon İcra Hakimiyyəti və Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun birgə təşkilatçılığı ilə “Sağlam gələcək naminə” adlı tədbir keçirilmişdir.

   Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, həmçinin müxtəlif idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak etmişlər.
Tədbir zamanı rayon icra hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Mehriban Ağayeva çıxış edərək narkomaniyaya qarşı rayon səviyyəsində aparılan maarifləndirmə işlərinin nəticələrindən danışmış, məktəblərdə və digər orqanlarda təşkil olunan profilaktik tədbirlərin əhəmiyyətini vurğulamış və valideynləri övladlarının sağlam inkişafına diqqət göstərməyə çağırmışdır. O, həmçinin gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinin vacibliyini qeyd edərək ictimaiyyətin birgə səyi ilə bu problemlərin qarşısının alınmasının mümkünlüyünü diqqətə çatdırmışdır.

    Daha sonra Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun əməkdaşı Vasif Quliyev, rayon prokurorluğunun əməkdaşı Saleh Gülməmmədov, rayon icra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Azər Həsənov Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı müvafiq işlərin həyata keçirildiyini vurğulamış, narkotik vasitələrin insan sağlamlığına və psixologiyasına vurduğu mənfi təsirlərdən danışmış, qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətlər barədə məlumatlar vermiş, eyni zamanda ailələrin və müəllimlərin bu prosesdə rolunu vurğulayaraq ictimaiyyətin birgə səyi ilə narkomaniyaya qarşı mübarizənin daha səmərəli ola biləcəyini qeyd etmişlər.

   Sonda tədbir iştirakçılarının fikirləri dinlənildi və sualları cavablandırıldı.

Keçidlər