Saatlı rayonunda şahmat üzrə turnir və ustad dərsləri keçirilmişdir.
21 may 2024-cü il tarixdə Saatlı Rayon Olimpiya İdman Kompleksində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Saatlı, Sabirabad, Beyləqan və İmişli rayonlarından olan 230 nəfər qız arasında şahmat üzrə turnir və ustad dərsləri keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və Azərbaycanın beynəlxalq qrossmeysteri Zeynəb Məmmədyarova iştirak etmişdir.
Tədbirin final mərhələsində çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov gənclərin intellektual və mənəvi inkişafında, asudə vaxtlarının səmərəli təşkilində şahmatın əvəzsiz vasitə olduğunu, ona görə də şahmatın inkişafına xüsusi diqqət və qayğı göstərildiyini bildirib. O, həmçinin vurğulayıb ki, şahmat dərsləri şahmatın inkişafında, bu sahədə gənc istedadların yetişməsində böyük rola malikdir. Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva turnirlərin təşkilinin önəmindən bəhs edərək, yarışların keçirilməsinin gənclərin bu idman növünə olan marağının daha da artmasına və ölkəmizdə şahmatın kütləviləşməsinə gətirib çıxardığını və belə yarışların mütəmadi təşkilinin vacibliyini qeyd etmişdir.
Azərbaycan Şahmat Federasiyasının nümayəndəsi, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova çıxış edərək, şahmatçı qızları təbrik edib və onlara uğurlar arzulayıb. O, Federasiyanın şahmatın inkişafına, xüsusilə də qadın şahmatının inkişafına böyük önəm verdiyini vurğulayaraq, gələcəkdə də belə tədbirlərin mütəmadi keçiriləcəyini bildirib.
Yekunda qaliblər medal, diplom, hədiyyələrlə mükafatlandırılıb. Hər bir iştirakçıya sertifikat təqdim edilib və şahmat hədiyyə edilib.