Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrindən istifadənin genişləndirilməsi” mövzusunda maarifləndirici görüş keçirildi

28 avqust 2024 | 17:13

  28 avqust 2024-cü il tarixdə Saatlı rayonu Cəfərxan kəndində “Muğan-Meliorasiya” Təcrübə Stansiyasının inzibati binasında Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrindən istifadənin genişləndirilməsi”  mövzusunda maarifləndirici görüş keçirilmişdir. Görüşdə rayon icra hakimiyyətinin, “Muğan-Meliorasiya Təcrübə Stansiyası”nın əməkdaşları və Cəfərxan, Qara Nuru, Sarıcalar kənd sakinləri iştirak etmişdir. 

   Giriş nitqi ilə çıxışa başlayan Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva canlı aləmin varlığı üçün əvəzsiz olan suyun əhəmiyyətindən danışaraq iqlim dəyişmələri və orta temperaturun yüksəlməsinin su qıtlığının yaranmasına, kənd təsərrüfatının ildən-ilə inkişaf etməsi ilə əkin sahələrinin genişlənməsinin suya olan tələbatın artmasına gətirib çıxardığı bildirərək suya olan ehtiyacın ödənilməsi və sudan səmərəli istifadəni təmin etmək üçün tədbirlər görüldüyünü vurğulayıb.

   Daha sonra çıxış edən “Muğan-Meliorasiya Təcrübə Stansiyası”nın direktoru Mirzə Əkbərov və stansiyanın Laboratoriya şöbəsinin müdiri Cüməli Bayramov içməli suya  olan tələbatının ödənilməsi, eləcə də əkin üçün lazımi suyun təmin edilməsi üçün müvafiq tədbirlər görüldüyünü bildiriblər. Onlar, həmçinin qeyd ediblər ki, içməli suyun az olmasına baxmayaraq rayon ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, alternativ su mənbələrinin yaradılması, suya olan tələbatın ödənilməsi, əkin sahələrinin suvarılmasındakı bir sıra çətinliklərin aradan qaldırılması istiqamətində daimi olaraq işlər görülür.

   Sonda kənd sakinləri Həsənov Fazil Həsən Oğlu və Qənbərov Vüsal Balaşirin oğlu mövzu ətrafında fikir mübadiləsi apararaq kənd ərazisində su ilə bağlı mövcud olan problemlərdən danışıb, bununla yanaşı əvvəlki illərlə müqayisədə bu problemlərin əksəriyyətinin həll olunduğunu qeyd ediblər.

 

Keçidlər