Saatlı rayonunda “Təbiəti mühafizə edək” adlı seminar keçirildi
13 iyun 2024-cü il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin inzibati binasında “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planı”na uyğun olaraq “Təbiəti mühafizə edək” adlı seminar keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, rayon icra hakimiyyətinin əməkdaşları, rayon idarə, müəssisə və təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak etmişlər.
Giriş nitqi ilə çıxışa başlayan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının əhəmiyyətindən, Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyindən, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair əsas prioritetlərindən biri kimi “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyindən, həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparıldığından danışıb.
Saatlı Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rayonlarda, həmçinin Saatlı rayonunda maarifləndirici və həvəsləndirici tədbirlər keçirdiyini, mədəniyyət sahəsinə aid olan işlərdə üzərlərinə düşən öhdəliklərin məsuliyyətlə yerinə yetirildiyini qeyd edərək bundan sonra da bu işlərin mütəmadi davam etdiriləcəyini bildirib.
Daha sonra çıxış edən TƏBİB “Saatlı Mərkəzi Rayon Xəstəxanası” publik hüquqi şəxsin direktoru Pərvin Məmmədov ekoloji çirklənmənin qarşısının alınmasından, qida təhlükəsizliyinin önəmindən bəhs edərək qabaqlayıcı tədbirlərin görülməməsinin insan sağlamlığında ciddi fəsadlara, insanlar arasında ürək-damar, onkoloji və digər bu kimi xətəliklərin yayılma hallarının çoxalmasına gətirib çıxaracağını və Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” edilməsi ilə bu sahələrdə uğurlu irəliləyişlərin olacağını bildirmişdir.
Saatlı Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Vəli Məmmədov rayon əhalisinin sanitariya-epidemioloji salamatlığın ictimai sağlamlığa və insanların yaşayış mühitinə müsbət təsirini, insanın həyat fəaliyyəti üçün əlverişli şərait yaratmasını vurğulayaraq rayon ərazisində sanitariya-epidemioloji salamatlığın təmin edilməsi üçün mütəmadi işlər aparıldığını qeyd etmişdir.