Saatlı rayonunda tələbələrlə görüş keçirilmişdir.
1 sentyabr 2025-ci il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə rayon icra hakimiyyətinin inzibati binasında ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq uğur qazanan və Elm və Təhsil Nazirliyi tərəfindən qızıl medalla təltif edilən tələbələr, həmçinin 9-cu siniflərin buraxılış imtahanında region üzrə ən yüksək nəticə göstərən şagirdlərlə görüş keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, məktəb direktorları, valideynlər uğur qazanan şagird və tələbələr iştirak etdilər. İlk öncə rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb. O, qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğı nəticəsində respublikanın bütün bölgələrində olduğu kimi, Saatlı rayonunda da təhsil sahəsində ciddi naliyyətlər əldə olunur. Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən rayonda məktəb binalarının tikilməsi və əsaslı təmir olunmasının təhsilin keyfiyyətinə müsbət təsirini də diqqətə çatdıran Elmir Bağırov yüksək nəticə göstərən şagird və tələbələri təbrik edərək, onların gələcəkdə ölkəmizin inkişafına töhfə verəcək savadlı və vətənpərvər gənclər olacağına inamını ifadə edib. Daha sonra çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili Saatlı rayonunun təhsil sahəsində son illərdə əldə etdiyi müsbət nəticələri yüksək qiymətləndirmiş, eyni zamanda bu göstəricilərin daha da yüksəldilməsi üçün geniş potensialın mövcud olduğunu vurğulamışdır. O, bu cür tədbirlərin və nailiyyətlərin əsas məqsədinin gəncləri daha böyük uğurlara həvəsləndirmək, onlarda bilik və inkişafa olan marağı artırmaq olduğunu qeyd etmişdir. Digər çıxış edən müəllim, valideyn və tələbələr də göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək uğur qazanmış tələbə və şagirdləri təbrik etdilər. Uğur qazanmış şagird və tələbələr rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı və hədiyyələrlə təltif olundular. Sonda xatirə şəkili çəkdirildi.






