Saatlı rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş futbol yarışının açılış mərasimi keçirildi.
02 may 2025-ci il tarixdə Saatlı Olimpiya və İdman Kompleksində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş futbol yarışının açılış mərasimi keçirildi.Tədbir Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi ilə açıq elan olundu. İlk öncə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Mehriban Ağayeva tədbir iştirakçılarını salamlayaraq, yarışda iştirak edəcək bütün komandalara uğurlar arzuladı. M.Ağayeva və digər çıxış edənlər, Yeni Azərbaycan Partiyası Saatlı Rayon Təşkilatının sədri Elşən Əzizov, Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Səmədağa Məmmədov hər il ənənəvi olaraq Ulu Öndərin xatirəsinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin əhəmiyyətindən, onun ideologiyasının yaşadılması və gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışaraq, gənclərin sağlamlığı və asudə vaxtlarının səmərəli təşkilinin də dövlət-gənclər siyasətinin mühüm bir hissəsi olduğunu vurğuladılar.