Saatlı rayonunda “Uşaq Hüquqları Aylığı” elan edilməsi ilə bağlı “Sən öz hüquqlarını bilirsənmi?” adlı tədbir keçirilib
18 noyabr 2024-cü il tarixdə Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 oktyabr-20 noyabr tarixlərinin “Uşaq Hüquqları Aylığı” elan edilməsi ilə bağlı “Sən öz hüquqlarını bilirsənmi?” adlı tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Mehriban Ağayeva, komissiyanın psixoloqu, Saatlı UADM-in direktoru Aidə İbrahimova və Mərkəzin psixoloqu, Saatlı rayonu üzrə Təhsil sektorunun nümayəndəsi, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri Ərəstun Məmmədli və Zeynəb Pirverdiyeva və məktəblilər iştirak edib.
Giriş nitqi ilə çıxışa başlayan Mehriban Ağayeva 20 noyabr 1989-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq Hüquqları haqqında Konvensiyanın bu il 35-ci ildönümü olduğunu, “Uşaq Hüquqları Aylığı”nın təşkilində əsas məqsədin uşaqlara diqqətin artırılması, onların cəmiyyətdəki fəallığının yüksəldilməsi, hüquqlarını bilərək onlardan istifadə etmələri və hər kəsin bu hüquqlara hörmətlə yanaşmalı olduğu, o cümlədən valideyn himayəsindən məhrum olmuş uşaqların baxımsızlığının, kimsəsizliyinin qarşısının alınması, onların təhsilə cəlb edilməsi və cəmiyyətə inteqrasiyasına köməklik göstərilməsi olduğunu qeyd edib. O, həmçinin uşaq hüquqları barədə qanunvericiliyin tələblərini və müddəalarını tədbirdə iştirak edən məktəblilərin diqqətinə çatdıraraq onların öz hüquqlarını bilməli olduğunu və hüquqlarının pozulacağı təqdirdə aidiyyəti qurumlara müraciət edə biləcəklərini bildirib.
Daha sonra çıxış edən Saatlı UADM-in direktoru Aidə İbrahimova, həmin Mərkəzin psixoloqu Gültac Kərimli və rayon Təhsil sektorunun əməkdaşı Kəmalə Şıxəliyeva uşaq hüquqları ilə bağlı mütəmadi tədbirlərin keçirilməsinin vacibliyini vurğulayaraq uşaq hüquqlarının müdafiəsinin dövlət siyasətində prioritet olduğunu, həmçinin aidiyyəti qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının təşviq edilməsinin, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınmasının, bu sahədə məlumatlılığın artırılmasının əsas məqsədlərdən biri olduğunu qeyd ediblər.
Sonda Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri Ərəstun Məmmədli və Zeynəb Pirverdiyevaya 5 dekbar 2024-cü ildə keçiriləcək Azərbaycan Uşaqlarının Vl Ümumrespublika Forumunda iştirak edəcəklərinə dair vəsiqələr və yaddaş kitabçaları təqdim edilib.