Saatlı rayonunda “Uşaqların ailədə və cəmiyyətdə hüquqları” adlı tədbir keçirilib
11 noyabr 2026- cı il tarixdə Saatlı Rayonu İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən Saatlı rayonu S.Ağamirzəyev adına Bəylər kənd ümumi orta məktəbində 20 oktyabr-20 noyabr “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqların ailədə və cəmiyyətdə hüquqları” adlı maarifləndirici tədbir keçirildi.
Tədbirdə çıxış edən komissiyanın katibi Tehranə Dadaşova uşaqların ailədə və cəmiyyətdə hüquqlarının hüquqlarının qorunmasının hər bir dövlətin və cəmiyyətin qarşısında duran mühüm vəzifələdən biri olduğunu vurğuladı. Bildirdi ki, uşaqlar cəmiyyətin gələcəyi, ailənin və dövlətin ən qiymətli sərvətidir. Onların sağlam, təhlükəsiz və mehriban mühitdə böyüməsi, hərtərəfli inkişafı, təhsil alması və öz potensiallarını reallaşdırması üçün lazımi şərait yaradılmalıdır. T.Dadaşova qeyd etdi ki, uşaqların hüquqlarının qorunması ilk növbədə ailədən başlayır. Valideynlər uşaqların fiziki və mənəvi sağlamlığının qorunmasına, onların təlim-tərbiyəsinə, fərdi inkişafına və maraqlarına xüsusi diqqət yetirməlidirlər. Hər bir uşağın qayğı ilə əhatə olunduğu və özünü təhlükəsiz hiss etdiyi cəmiyyət qurmaq hamımızın ümumi məsuliyyətidir.
Daha sonra çıxış edən Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Firuzə Əliyeva, Saatlı rayonu təhsil sektorunun əməkdaşı Məleykə Soltanova, və məktəbin direktor vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Ramidə Hüseynova çıxışlarında uşaqların hüquqlarının qorunması, ailədə düzgün tərbiyə olunması və cəmiyyətdə sağlam düşüncəli, vətənpərvər şəxsiyyətlər kimi yetişdirilməsinin əhəmiyyətimdən danışdılar. Onlar uşaqların təhsil, sağlamlıq, müdafiə və bərabər imkanlar hüquqlaının təmin olunmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə ailənin və cəmiyyətin üzərinə düşən vəzifələrdən bəhs etdilər.
Sonda tədbir iştirakçılarına mövzu ilə bağlı maariləndirici məlumatlar verildi, uşaqların hüquqlarının qorunması və bu sahədə valideynlərin, eləcə də cəmiyyətin məsuliyyəti bir daha diqqətə çatdırıldı. Tədbir mövzu ətrafında aparılan maarifləndirici söhbətlə yekunlaşdı.






