Saatlı rayonunda vətənpərvərlik mövzusunda maarifləndirici görüş keçirilib
Saatlı Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə 18 sentyabr 2025-ci il tarixində Nərimanov kənd ərazisində qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuş şəhərcikdə yerləşən Cəbrayıl rayon 2 nömrəli tam orta məktəbdə bələdiyyə və kənd icra nümayəndələri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerli nümayəndəliyi ilə birlikdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon ərazisində yaşayan məcburi köçkün və qaçqınların iştirakı ilə vətənpərvərlik mövzusunda maarifləndirici görüş keçirilib.
Dövlət Suverenliyi Günü ərəfəsində keçirilən görüşdə çıxış edənlər tərəfindən “Konstitusiya və Suverenlik İli” barədə ətraflı məlumat verilmiş, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, soydaşlarımızın doğma torpaqlarına qayıtması, eləcə də layiqli həyat səviyyələrinin təmin edilməsi üçün yaradılan şəraitdən bəhs olunmuşdur. Eyni zamanda əhalinin yeni şəraitə uyğunlaşması zamanı yaranan çətinliklər və onların aradan qaldırılması, eləcə də əsas həyat bacarıqlarının möhkəmləndirilməsi istiqamətində zəruri tövsiyələr verilib.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






