Saatlı rayonunda Xocalı Soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi
Saatlı rayonunda 26 fevral 2024-cü il tarixdə Xocalı Soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Anım tədbirində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə, təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xocalı Soyqırımının ildönümü tədbirinin iştirakçıları Saatlı şəhər mərkəzində şəhidlərin xatirəsinə ucaldılmış Şəhidlər Abidə-Xatirə Kompleksini ziyarət edib və önünə gül dəstələri düzmüş, Xocalı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda həlak olmuş həmvətənlilərimizin ruhuna dualar oxunmuşdur.
Rayon icra hakimiyyətində Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbirində çıxış edən rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov Xocalı Soyqrımının bəşər tarixində ən ağır faciələrdən biri olduğunu, ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışaraq, məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra Xocalı soyqırımına hüquqi qiymət verildiyini qeyd edərək Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Xocalı həqiqətlərinin dünyaya çatdırılması sahəsində apardığı genişmiqyaslı işləri tədbir iştirakçılarının nəzərinə çatdırdı. Həmçinin E.Bağırov ötən ilin 15 oktyabr tarixində Prezident İlham Əliyevin Xocalı şəhərində Azərbaycanın dövlət bayrağını qaldırdığını, bu şəhərdə Azərbaycan bayrağının dalğalanmasının Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirdiyini vurğuladı.
Daha sonra tədbirdə çıxış edən YAP Saatlı Rayon Təşkilatının sədri Lütvəli Şıxəliyev, Nəsimikənd tam orta məktəbinin tarix müəllimi, axısxa türkü Əli Bayraqdarov, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisi Gültac Kərimli, Valeri Əsgərov adına şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Ayşən Seyidova faciənin xalqımıza yaşatdığı ağır mənəvi-psixoloji iztirablarından, erməni vəhşiliklərindən, Azərbaycan həqiqətlərinin dünyaya tanıtdırılmasından, eyni zamanda 44 günlük Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının qisasını almasından söhbət açdılar.