Saatlı rayonunda “Zəfərin rəngli izləri” adlı rəsm sərgisi keçirilib.
27 oktyabr 2025-ci il tarixdə rayon icra hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfərin rəngli izləri” adlı rəsm sərgisi keçirilib.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, həmçinin idarə, müəssisə və təşkilat rəhbərləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Sərgidə nümayiş olunan əsərlərdə Vətən müharibəsi qəhrəmanlarının şücaəti, xalqımızın birlik və qələbə ruhu rənglərin dili ilə ifadə olunub.
Tədbir zamanı 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək belə tədbirlərin gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasında, onlarda vətənpərvərlik ruhunun, milli-mənəvi dəyərlərə sədaqət və dövlətə bağlılıq hisslərinin formalaşmasında mühüm rol oynadığını, 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin xalqımızın birliyini, igidliyini və azadlıq ruhunu bir daha nümayiş etdirdiyini bildirdi. Gənclərin bu qələbədən ilham alaraq vətənə sevgi və vətənpərvərlik hisslərini yaradıcılıqları vasitəsilə ifadə etmələrinin əhəmiyyətini vurğulayıb, sərginin iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar və yeni yaradıcılıq nailiyyətləri arzulayıb.
Daha sonra Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov çıxış edərək keçirilən sərginin gənclərin bədii bacarıqlarının və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, eləcə də onların milli ruhda formalaşmasına verdiyi töhfələrdən bəhs edib, iştirakçılara uğurlar diləyib.






