Saatlı rayonunun Azadkənd kənd tam orta məktəbinin açılış mərasimi keçirildi
15 sentyabr 2023-cü il tarixdə Elm və Təhsil Nazirliyi tərəfindən inşa edilmiş Saatlı rayonu Azadkənd kənd tam orta məktəbinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, məktəb kollektivi və kənd ictimaiyyəti iştirak ediblər. Tədbirdə iştirak edənlər yeni tikilmiş məktəbin sinif otaqları ilə tanış olublar. Yeni tikilmiş Azadkənd kənd tam orta məktəbi 320 şagird yerlik olmaqla, sinif otaqları hər cür avadanlıqla təchiz olunmuşdur. Məktəbdə müasir tələblərə cavab verən fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədər hazırlıq, kitabxana, akt və idman zalı və yeməkxana mövcuddur. Məktəbin həyətinə asfalt döşənib, yaşıllıqlar salınıb, dekorativ ağaclar əkilib, abadlıq işləri aparılıb və yeni futbol meydançası istifadəyə verilib. Kənd camaatı və məktəb kollektivi məktəbin tikintisi ilə bağlı öz minnətdarlıqlarını bildiriblər.